bannerbannerbanner
полная версияBizi Umudsuz qoyma

Əli Bəy Azəri
Bizi Umudsuz qoyma

Полная версия

Alış-veriş yardımçısı

Hərbiyyə nazirinin qərarı ilə Bədheybət poliqonunda təlim-tədris mərkəzi yaradılmışdı. Cəbhə bölgəsindən çağrılan zabitlər mərkəzdə təkmilləşdirmə kursu keçəcəkdi, daha doğrusu türk subayları onlara NATO taktiki təlim üsullarını öyrədəcəkdilər. Guya ki, Rusiyada ali hərbi təhsil almış zabitlərin biliyi erməni dığaları ilə döyüş aparmaq üçün yetərli deyildi. Başbilənlər belə məsləhət görmüşdülər. Bu münasibətlə Türkiyədən mütəxəssislər dəvət olunmuşdu. Onlar yeni sistemin öyrənilməsində yaxından köməklik göstərəcəkdilər.

Mərkəzin rəhbəri polkovnik Axundov idi. Ehtiyac ucbatından yetmiş yaşlı kişini yenidən hərbi xidmətə çağırmışdılar, daha etibarlısını tapa bilməmişdilər. Onun əsil adını əhatəsində olanlardan, bəlkə də, heç kim bilmirdi. Çox gənc yaşlarından “baba” ləqəbini qazanmışdı. Aram-aram, bir az da eyhamla danışırdı, bəziləri bunu astagəllik, bəziləri isə müdriklik əlaməti hesab edirdi. Elə zabit yoldaşları, tabeçiliyində olanlar da xəlvətdə “baba”, üzdə “baba dayı” deyə müraciət edirdilər. Zabit təkmilləşdirmə kursuna gələnlər elə bilirdilər ki, mərkəz rəhbərinin adı elə Babadır. Baba adı Türkiyədən gələnlərin də xoşuna gəlmişdi.

Türkiyədən beş nəfər gəlmişdi. Yarbay Mətin Çətin qərargah işlərinə rəhbərlik edəcəkdi. O, tabeçiliyində olan iki uzman çavuşu ilə mərkəzin bütün hərəkətlərini nəzarətdə saxlayacaqdı. Uzman çavuşu Fikri Ocaqçı bilgisayarda zabitlərin dərsə davamiyyətini, məşğələlərdə qazandıqları puanlarını (ballarını, xallarını) toplayacaqdı ki, xüsusi şifrə altında saxlanılan məlumatlara heç kim müdaxilə edib dəyişdirə bilməsin. Digər uzman çavuşu onbaşı İsmayıl Yorğançı isə maliyyə, ərzaq, sursat məsrəfləri; bir sözlə lojistik hesablamalarını aparacaqdı. Beləliklə, mərkəzdə ağızdan içəri ötürüləndən kanalizasiya borusuna axıdılanadək hər şey nəzarətdə saxlanılacaqdı.

Tədris taborunun şərti komandiri minbaşı Fəhmin bəyin tabeçiliyində cəmi bir nəfər vardı, yüzbaşı Yıldırım Haqsız ki, o, kursa gələn zabitlərin bölüyünə rəhbərlik edəcək, onların sıra hazırlığını, NATO ordu nizamnaməsinin öyrənişini, günün rejiminə necə əməl olunmasını öyrədəcək və nəzarətdə saxlayacaqdı.

–Zabitlər qüvvətli və kalorili qidalanmalıdırlar. – deyə ilk görüşdə Fəhmin bəy mərkəz rəhbərinə təklif verdi. – Bəzi ərzaqları bazardan almalıyıq. Onları aslan kimi, qaplan kimi bəsləməliyik ki, Qarabağa, ermənilərin üstünə, quzu kimi mələyə-mələyə getməsinlər. Elə getsinlər ki, onların hayqırtısından ermənilər Zəngəzuru da, Göyçəni də buraxıb İrəvanadək qaçıb getsinlər.

Heç bir problem yox idi, əlavə ərzaq məhsulları almaq üçün pul da ayrılmışdı.

Polkovnik Axundov dünyagörmüş adamdı, pulla, ərzaq məhsulları ilə davranmağın necə məlhəm, həm də çətin olduğunu yaxşı bilirdi. Minbaşı Fəhmin bəyə alış-veriş yardımçısı təyin etməyə seçimdə çətinlik çəkmədi, çünki bir nəfərdən başqa adamı da yox idi. Bu iş çox incə işdi, kimə tapşırsaydı, yarıtmayacaqdı, yəni becərəmməyəcəkdi. Burda təkcə intizamlı olmaq azdı, həm də riyazi hesablamaları barmaq üsulu ilə öyrənmək gecdi, bunları, yəni bazarı beş barmağın kimi bilməliydin. Odur ki, qəbuluna çağırdığı gizir Dibirovu bir də başdan ayağadək müştəri gözü ilə süzüb son tapşırıqlarını verdi:

–Bax ha, Dibirov, bu iş sənə asand gəlməsin.

–Ağlım kəsəndən evin bazarlığını eləmişəm, bazar alverçilərini yaxşı tanıyıram. – Dibirov imkan vermədi ki, polkovnik sözünü bitirsin.

–Ola bilər ki, bazar dəllallarının dilini biləsən, amma türklərlə çətin bacarasan. Onlar tutduqlarına Nuh deyər, peyğəmbər deməzlər.

–Heç bir problem yoxdur, yoldaş polkovnik. Ölkədə qarmaqarışıqlıq düşən kimi qaçıb getdim İstanbula. Üç il Laləlidə alver elədim. Abiləri, ablaları pis tanımıram. Onlarla lap tez dil tapacam.

–Bir də onlar sənə toplan, alabaş, erkək-filan desələr, incimə. Bu söyüş deyil, onların danışıq tərzi belədir.

–Mən bunlara öyrəncəliyəm. Bir də qazandığımız çörəyin xətrinə toplan, alabaş yox, lap it oğlu it də desələr, gərək dözək.

–Ay maşallah, di onda nə durmusan? Tez qoş-qoş Fəhmin bəyin hüzuruna. De ki, alış-veriş yardımçısı təyin olunmusan.

Gizir Dibirov “baş üstə” deyəcəyindən sevincəyə düşüb “əmr et, komutanım” dedi. Tələsdiyindən sol əvəzinə sağ çiyni üstə geri döndü, amma dönməyi ilə də tez özünü düzəltdi, sol ayağı ilə hərəkətə başlayıb otaqdan çıxdı. Əvvəlcə dəhlizdə dayanıb bir siqaret yandırdı. Həyəcandan lap ciyəri yanırdı, dalbadal beş-altı qüllab vurub tüstünü qarnına sümürdü. Sonra burnundan tüstünü parovoz kimi buraxaraq əlindəki siqaret kötüyünü zibil qabına tulladı və dəhlizin baş tərəfindəki otağın qapısına yaxınlaşdı. Qapını döydü və heç bir icazə gözləmədən otağa daxil oldu. Olduqca gur səslə:

–Komutanım! – dedi və əlini gicgahına aparıb məruzə etməyə başladı. – Assubay Dibirov sizə alış-veriş yardımçısı təyin olunub. Əmr et, komutanım!

Minbaşı Fəhmin bəy dərhal hiss etdi ki, gizir Dibirov elə onun arzuladığı adamdır.

–Gəl, qoçum, gəl! – Oturmaq üçün ona yer göstərdi. – Mən bir kərə söyləyəcəm, sən alıb sırğatək qulağından asacaqsan. Bu işdə yalan yox, tamam?

–Anladım, tamam.

–Yarın tezdən parayı məndən alacaqsan, mənim arabamla bazara yollanacaqsan. Alış-veriş yapıb dərhal geri qayıdacaqsan. Gözünün ucu ilə də sağa-sola baxmaq yox, anladınmı?

–Tamam, tamam, anladım.

Ertəsi gün gizir Dibirov minbaşı Fəhmin bəydən pulu götürüb onun üçün ayrılmış xidməti maşında bazara yollandı. Siyahıda göstərilən ərzaqların ən yaxşılarından alıb yeşiklərə doldurdu və maşının yük yerinə qoydu.

–Sən maşından düşmə. – Sürücüyə qəti tapşırdı. – Maşını sahibsiz görüb evakuatorla apara bilərlər. Sonra da gəl, düş Bakının cərimə meydançalarını axtarmağa.

Təlim mərkəzinə qayıdan kimi ərzağı yeməkxanaya boşaltdırdı, baş aşbaza təhvil verib minbaşı Fəhmin bəyin yanına yollandı. Fəhmin bəy diqqətlə qiymətlər yazılmış siyahıya baxdı, qeyd dəftərçəsinə nə isə yazdı və bundan sonra ərzaq alınmış siyahının üstünə imza atdı.

–Apar karargaha, ver İsmayıl Yorğançıya. Qoy, onbaşı kaytları bilgisayara işlasın.

–Oldu, komutanım!

–Haydı get, aslanım. – Minbaşı Fəhmin bəy arxadan onun boyunu oxşadı.

Növbəti gün gizir Dibirov bazardan aldığı ərzağın siyahısını minbaşı Fəhmin bəyə təqdim edəndə onun qaşları çatıldı.

–Ya bu nə? Gecə infilyasiyamı baş vermiş? Dünən apelsin yetmiş qruş olmuş, bu gün bir manat yetmiş qruş. Olurmu ya?

–Olur, komutanım, olur. Lap üç manata da olur. Burası bazar, dəllallar nə istəyər, neçəyə istəyər, o qiymətə də satarlar. “Alırsan al, almırsan, onda xoş getdin”, deyərlər.

Fəhmin bəy başını bulaya-bulaya qeydlərini apardı.

Beləliklə, günlər gəlib keçdi, həftələr ötdü və ay tamam oldu. Gizir Dibirov sonuncu siyahısını uzman çavuşu onbaşı İsmayıl Yorğançıya verib minbaşı Fəhmin bəyin yanına qayıtdı.

–Bir istəyin varmı? – Minbaşı sordu.

–Minbaşım, alın, qoyun cibinizə. Bu, sizə çatasıdır. Halal xoşunuz olsun. – Gizir Dibirov cibindən bir topa pul çıxardıb ona uzatdı.

–Bu nə ya? – Pulları görcək minbaşının gözləri bərəldi. – Qoçum, sən qurd ürəyimi yemisən, mənə rüşvət təklif edirsən? Heç qorxmuyorsanmı ki, səni savçıya verərəm?

–Komutanım, nə iş yapırıq ki, buna rüşvət deyirsiniz? Bir də burada savçıya nə gərək? Buranın savçısı da, ədaləti də Baba dayıdır.

–Olsun! Baba dayın bilsə ikimizi də cəzalandırar. Məni hörmətsiz edər, sənin də rütbəni söküb ordudan qovar.

–Qovmaz. Baba dayı ağıllı adamdır. O, çörəyinin düşməni deyil.

–Onda onun da payını böl.

–Heç narahat olmayın. Ona da Baba deyərlər. O, adamı vəzifəyə təyin edəndə parasını konvertin içində alır.

–Deməli, sən onu görmüsən?

–Elə ona görə də arxayın hərəkət edirəm. – Gizir Dibirov qımışdı. – Alın, utanmayın, bu sizin halal qazancınızdır.

–Aslanım, nasıl olur bu halal qazanc? – Minbaşı ürəyində bir az rahatlansa da özünü o yerə qoymadı, əriyini azdırmağa başladı.

–Mən hər gün bazara gedirəm. Dəllallarla çənə döyüb sizin siyahıda yazdırdığınız ərzaq məhsullarını alıram.

–Təbi, subaylar toplanlar kimi bəslənməlidir, sonda qaplanlar kimi Qarabağa yollanmalıdır.

–Siz bazarı tanımırsınız. Bazarda qiymətlər hər gün dəyişir, təbii ki, qalxır. Mən də nə qiymətə desələr, almağa məcburam. Soruşuram, neçəyə satırsan? Deyir, bu qiymətə. Deyirəm, ucuz elə, alım. Dil tapıb, bir az ucuz qiymətə alıram. Ortada dəllalın dediyindən endirdiyim qiyməti qoyuram qırağa. Elə bilin, dəllalın dediyi qiymətə almışam. Hərgah, dəllallarla danışıb, çənə döyüb qiymət endirməyə də bilərəm. Onlar dediyi qiyməti ödəyib gələrəm. Ancaq bunun nə sizə, nə mənə bir qara quruş qədər faydası olmaz. Mən özümdən çox sizi düşünürəm. Axı siz ailənizi uzaqlarda qoyub bizə yardım etməyə gəlmisiniz. Biz də hər hansı formada sizə təşəkkür etməliyik, ya yox? Alın, alın, utanmayın, bu sizin halalınızdır, lap alın təri ilə qazanılmış halal pul kimi.

–Gəl bir öpüyüm səni, aslanım. – Minbaşı pulu alıb cibinə dürtüşdürdü və ayağa qalxdı. – Sən əsl mənim arzuladığım yardımçısan. Bundan sonra səni əsla buraxmam. Kıprıza, Güney Doğuya, Orta Asiyaya, lap Madaqasqara; məni hara göndərsələr səni də özümlə aparacam. Sən dünyanın ən iyi, qosqoca “alış-veriş yardımçısı” san. Səni doğan ananın əllərindən öpürəm.

Böyrək daşı

Qatarda Bakıya gedirdim. Kupedə ikimiz idik. O, pərdənin qırağını çəkib yolboyu hey gözünü pəncərədən çölə zilləmişdi. Qaranlıq düşdüyündən hiss edirdim ki, məqsədi təbiəti seyr etmək deyil, mənimlə, və yaxud hər hansı bir başqa adamla ünsiyyətdən qaçmaqdır. İndi çoxları belədir; yolboyu söhbət etmək əvəzinə bir-birinə mesaj yazırlar, xüsusən də yeni tanışlıqlardan qaçırlar. Mən isə söhbət etmək istəyirdim. Şübhəsiz ki, kupedə ikimizdən başqa heç kim olmadığından onunla söhbət etməliydim. Hazırlaşırdım ki, müraciət edib onu fikirlərdən ayırım, söhbətə tutum, elə bu vaxt kupenin qapısı açıldı. Bələdçi xanım özünü göstərib soruşdu:

 

–Sizə çay gətirimmi?

Çay içmək fikrim olmasa da bələdçi xanımı qırmaq istəmədim.

–İki stəkan zəhmət olmasa. – dedim.

–Mənim çayımı açıq rəngli, yəni rəngini lap az edin. – Kupe yoldaşım dərhal bildi ki, ikinci stəkanı onun üçün sifariş edirəm, laqeyd qala bilmədi, çevrilib münasibətini bildirdi.

Bələdçi getdi, mən maraqla ona baxdım, nə isə danışacağını güman etdim. O isə çölə baxmaqda davam edirdi. Bir azdan bələdçi iki stəkan açıq rəngli çay, qənd və iki ədəh limonlu konfetlə geri qayıtdı.

–Buyurun, ağız şirinliyi ilə için. – Gətirdiklərini masanın üstünə qoyub çıxdı.

–Gəl, tanış olaq. – Mən daha dayana bilmədim, ilk olaraq təklif edib əlimi uzatdım. – Adəm.

–Şikar. – O, könülsüz olaraq əlimi sıxdı və süni gülümsündü.

Qısaca tanış olduq. Özümdən asılı olmayaraq şəhərə getməyinin səbəbini soruşdum.

–Həkimə gedirəm. – dedi və başına gələn bir hadisəni danışdı, amma bir müsibət kimi danışdı.

…Həmin gün Mərkəzi Klinikanın Gəncə şəhərində yeni açılmış bölgə şöbəsində izdiham müşahidə olunurdu, toplaşanların hamısı Bakıdan gəlmiş Firdovsi həkimin qəbuluna düşməyə can atırdı.

–Ay balam, nə xəbərdir? – Yaşlı mühafizəçi basırıq yaradanlara bir neçə dəfə təpinsə də xeyri yox idi, adamlar bir-birini basıb içəri keçmək istəyirdilər. – Niyə qırğın salırsınız? Firdovsi həkim sizi bir-bir qəbul edəcəkdir. O, Bakıdan elə bunun üçün gəlib də… Hamını qəbul etməyincə nəinki Bakıya qayıtmayacaq, heç nahar fasiləsinə də çıxmayacaqdır.

Firdovsi həkim ixtisasca uroloqdu, Bakı şəhərində fəaliyyət göstərən Mərkəzi Klinikada işləyirdi. Əhali arasında daha çox cərrah-uroloq kimi tanınırdı. Qəbuluna gələn xəstələri inandıra bilirdi ki, böyrək daşını yalnız əməliyyat yolu ilə oradan çıxarmaq olar. Elə indicə analizlərinin cavabını laboratoriyadan götürüb gələn Fəxrəddinlə söhbətində də bunu vurğulayırdı.

–Həkim, bəs deyirlər, müxtəlif üsullarla böyrək daşını salmaq mümkündür?

–Mən bir həkim kimi səni inandırıram ki, belə bir üsul mümkün deyil. Kim deyirsə, yalan deyir, camaatı aldadır.

–Qonşuluqda İbrahim adlı bir kişi var. Ağdamdan gələn məcburi köçkünlərdəndir. Deyirlər ki, rayonda feldşer işləyib, yeddi para kəndin doxturu olub. Böyrəyində daş olana çoxlu piyvə içirdir, sonra onu salır isti vannaya. İynə vurur, sistem qoşur, böyrəyindəki daşı salır.

–Sən ki ona belə inanırsan, niyə onun yanına getməyib mənim yanıma gəlmisən? Elə gedərdin İbrahim doxtur sənin də böyrəyinin daşını salardı.

–Qorxdum onun yanına getməyə. Dedim birdən alınmaz, pristup-zad verər.

–Bax, düz eləyib qorxmusan. Ola bilər ki, daş böyrəkdən aralanıb kanala düşsün. Bu daha da dəhşətlidir. Böyrək yoluna düşən daş kanalı bağlayar, pristup verər və bir anın içində böyrəyi sıradan çıxardar, lap ölümlə də nəticələnə bilər. Onda sənə heç kim kömək edə bilməz. Yaxşı halda əməliyyat etdirib sıradan çıxmış böyrəyinlə vidalaşacaqsan.

–Bəs pis halda?

–Dedim axı, pristup ölümlə də nəticələnə bilər. Onda da ehsanını yeyib, goruna söyəcəklər ki, qıymadı canına pul xərcləməyə, getdi torpağın altına.

–Həkim, olar, bir şey də soruşum?

–Soruş, soruş. Madam ki, səni dinləyirəm, nə istəyirsən, soruş.

–Bəs o ot çayları içənlər var ha, onlar necə? Ot çayları böyrəkdə olan duzu, kristal daşları yuyub təmizləyə bilməz?

–Divara yaxılmış əhəngi su ilə yuyub təmizləmək olur?

–Çətin.

–Bax, böyrəkdə yığılan duzu, kristalları da belə. Heç bir daşqapanla, ot çayı ilə böyrəkdə olan duzu yuyub təmizləmək olmaz. Bununla sən ancaq öz vəziyyətini ağırlaşdıra bilərsən.

–Yaxşı, həkim, onda mən nə vaxt gəlim əməliyyata?

–Həftənin birinci günü olursan Bakıda. Ödənişini edirsən, sonra nə lazımdırsa, mən orda deyəcəyəm. İnşallah, ikinci gün əməliyyat edərəm, dördüncü gün də evə yazaram. Dur, get hazırlaş.

Fəxrəddin çıxan kimi qapıda duran növbəti xəstə içəri soxulmağa cəhd göstərdi, lakin Firdovsi həkim əli ilə gözləmək işarəsi verdi.

–Gözlə, indi çağıracağam. – deyə üzünü asissentə tutdu. – Yadındadır, keçən ay buradan bir nəfərin böyrəyini əməliyyat etmişdik?

–Hə, yadımdadır.

–Tez onu tap. De, təcili qəbula gəlsin. Böyrəyindən çıxartdığımız daşları da gətirsin.

–Bəlkə heç daşları saxlamayıb, tullayıb?

–Tullamaz, hələmhəlbət özünə tapşırmışdım.

–Soruşsa ki, daşları neyləyirsiniz? Ona nə deyim?

–Başını işlət. Bir şey fikirləşib de. – Firdovsi həkim əlindəki qələmlə başını qaşıyıb fikirləşməyə çalışdı. – Hə, hə, tapdım. De ki daşları Almaniyaya göndərəcəyik. Orada daşları müayinə edib resept yazasıdırlar. Həmin reseptə uyğun dərmanlar qəbul olunmalıdır ki, böyrəkdə bir daha daş yığılmasın.

Asissent qeyd dəftərçəsini götürüb içəri otağa keçdi. Firdovsi həkim isə qapıda duran cavan oğlana buyruq verdi:

–Növbəti xəstəni burax, gəlsin.

Dəhlizdə Firdovsi həkimin qəbuluna düşmək istəyən adamların arasında Şikar adlı ortayaşlı, ortaboylu bir adam vardı. Şikar o tərəf-bu tərəfə gəzişir, özünü çox sakit aparır, içəri keçməyə cəhd göstərmirdi, elə bil heç həkim qəbuluna gəlməmişdi. Saçlarının dümağ olması onun yaşına da uyğun gəlmirdi. Hərəkətlərindən bir narahatçılıq keçirdiyi hiss olunurdu. Bununla belə o, basırıq yaradanlara qoşulmasa da içəriyə keçməyə maraq göstərməsi özünü azacıq büruzə verirdi. Bəlkə də hara isə tələsirdi, vaxtı az olduğundan ümid etmirdi ki, qəbula düşə bilsin.

Şikar fikir-xəyal içində vurnuxaraq o yan-bu yana var-gəl etməkdə idi ki, telefonuna zəng gəldi.

–Alo, eşidirəm.

–Şikardır?

–Bəli, özüdür. Eşidirəm.

–Siz keçən ay Bakıda, Mərkəzi Klinikada Firdovsi həkim tərəfindən böyrəyinizdən əməliyyat olunmusunuz?

–Bəli. Bunu siz hardan bilirsiniz?

–İndi bunun əhəmiyyəti yoxdur. Deyin görüm, böyrəyinizdən çıxan daşları neyləmisiniz?

–Dünənə qədər saxlayırdım. Səhər-səhər evdən çıxanda uşağa tapşırdım ki, tullasın.

–Bəs həkim sizə tapşırmamışdı ki, saxlayın?

–Nə olsun demişdi. Düz qırx gündür ki, əməliyyat olunmuşam. Həmin daşları göstərmədiyim adam qalmayıb. İş yerində, qohum-əqrəba arasında, bəlkə də beş yüz nəfərdən çox adama Firdovsi həkimi tanıtdırmışam. Daşları bundan artıq saxlayıb neyləməliydim ki?

–Ay səni, Şikar müəllim! – Telefonla danışan adam bir an duruxdu, nəyə isə təəssüflənirdi. – Bəs indi biz nə edək?

–Siz kimsiniz axı?

–Mən Firdovsi həkimin asissentiyəm.

–Böyrəyimdən çıxan daşlar onun elmi işinə, müdafiəsinə lazımdır?

–Yox. Daşlar Firdovsi həkimə lazım deyil. Ona lazım olsaydı elə özündə saxlayardı, sizə niyə verirdi. Daşlar sizə, sizin sağlamlığınıza lazımdır.

–Bundan sonra böyrəyimdən çıxan daşlar mənim nəyimə gərəkdir?

–Əslində siz maraqlı olmalıydınız ki, biz həmin daşları Almaniyaya göndərək. Almaniyada böyrək daşları analiz olunacaq, öyrəniləcək ki, belə daşlar hansı səbəbdən böyrəkdə əmələ gəlir və müvafiq resept yazılacaq. Siz də həmin reseptə uyğun həblər qəbul edəcəksiniz ki, böyrəklərinizdə bir daha daş əmələ gəlməsin.

–Mən indi evlə əlaqə saxlayaram. Əgər daşları zibil qutusuna atmayıblarsa, gətirərəm.

–Daşları tapan kimi bizə dərhal xəbər verin, vaxtımız azdır.

“Buna bax, hələ bir vaxtımız azdır, deyir. Qırx gün məstan pişik kimi xorhaxor yatıblar, heç Şikarın böyrəyindən çıxan daşlar yadlarına da düşməyib, indi durub gəliblər ki, daşları Almaniyaya müayinəyə göndərməliyik. Elə bil qırx günü mən yox, onlar gözləyiblər. Odur ki, dilləri də var, vaxtımız azdır, deyir”.

Şikar telefonunu yenidən işə salıb oğlunun nömrəsini yığdı.

–Alo, İslam, hələ məktəbə getməmisən? Yaxşı, de görüm, mənim böyrəyimdən çıxan daşları tullamısan? Tullamısan? Necə tullamısan? Elə salafanda zibil torbasının içinə qoyub küçədəki zibil qabına atmısan? Qaç get ora, gör zibildaşıyanlar zibili aparmayıblarsa, axtar, öz zibilimizi tap. İçindəki daşları çıxart, mənə xəbər elə.

“İşə bir bax! Qırx gün idi ki, daşları saxlayırdım. Deynən bir gün də saxla da… Axı mən hardan biləcəkdim ki, Firdovsi həkim bu gün gələcək?”

Küncdəki oturacağa yaxınlaşıb əyləşdi. Daşlar tapılmayınca həkimin qəbuluna girməyin mənası yoxdu. Kaş ki daşlar tapılaydı. O, başını əlləri arasına alıb dərin fikrə qərq oldu. Böyrək əməliyyatı ətrafında olub-keçənlər bir kino lenti kimi gəlib keçdi Şikarın gözünün qabağından.

…Böyrəyində daş olduğunu biləndə Şikar əvvəl-əvvəl fikir vermədi. “Nə olasıdır? İndi böyrəyində daş olmayan varmı?” deyə düşündü və xəstəliyini ciddiyə almadı. Amma ağrıları artdıqca narahat olmağa başladı. Həm də belindəki küt ağrının səbəbini böyrək daşının ayağına yazdı və müalicə olunmaq qərarına gəldi.

–Həkimə getmək lazım deyil. – Şikar qərarını Bakıda yaşayan qardaşına açıqladıqda o, baltanı lap dibdən vurdu. İndiki həkimlər daşürəklidirlər, yəni manqurtdurlar, xəstələrə heç yazıqları gəlmir. İstənilən xəstəyə müştəri gözü ilə baxırlar. Onu elə vəziyyətə düçar edirlər ki, uzun müddət get-gələ salıb əlində olan pulunu çəkə bilsinlər. Sonra da nə olar, olar. Onsuz da indi yaxşı, bir az da insaflı həkim tapmaq müşkül məsələdir.

–Sən də kömək etmək əvəzinə düzələn işə mız qoyursan. – Həyat yoldaşı Yasəmən etirazını bildirdi.

–Siz niyə məni başa düşmək istəmirsiniz. Həkim birinci növbədə böyrəkdə daşın yaranma səbəbini müəyyənləşdirməli və bunu aradan qaldırmaq üşün tədbir görməlidir. Yoxsa, pulunu alıb əməliyyat edəcək, daşı oradan çıxardacaqdır? Bir müddətdən sonra böyrəkdə yenidən daş əmələ gəlsə necə olacaq? Bax, bunu demək istəyirəm.

–Bəs mən nə edim? Ağrılarım günü-gündən artır. – Şikar bir əlac istədi qardaşından.

–Mən indi “Xalq təbabəti” kitabına baxıb sənə bir-iki ot dəmləməsi deyəcəm. Bir həftə başqa maye qəbul etmədən gündə üç dəfə ancaq ot dəmləməsi içərsən. Sonra bazara gedib daşqapan kökü alarsan. Onu yaxşıca qaynadarsan ki, həlimə çevrilsin. Ilıq vəziyyətdə hər yarım saatda bir armudu stəkan içərsən. Elə ki, dörd saat tamam oldu vannanı isti su ilə doldurub girərsən içinə. Daş parça-parça olub gəlib töküləcək.

Şikar evə dönən kimi qardaşının dediklərinə əməl etməyə başladı. Dördüncü gün idi ki, ot dəmləmələri içirdi, sol böyrəyindəki ağrılar şiddətləndi. Ağrıkəsici dərman atsa da xeyri olmadı. Böyrəyi elə dəhşətli ağrılar verirdi ki, Şikar az qalırdı huşunu itirsin.

–Özünə yazığın gəlmir? Niyə telefonu götürüb təcili yardıma zəng vurmursan? – Axşam saatlarında arvadı baxdı ki, Şikar bu gecə ağrılara dözə bilməyəcək ona acıqlandı.

–Görmürsən halım yoxdur, sancıdan doğranıram? Təcili yardıma özün zəng vur. – Şikar hirsli-hirsli tapşırıq verdi, bir növ tənəli sözlərinə görə arvadına təpindi.

“Nahaq qulaq asdım qardaşıma. Gərək həkimə gedərdim. İndi pristup versə, daş kanalı bağlasa, böyrəyimi partlatsa necə olacaq? Kim mənə kömək edəcək? Bəlkə qardaşımın da dediklərində bir həqiqət var. Ancaq ilkin mərhələdə, daş böyrəkdə təzə-təzə formalaşanda, kiçik ölçüdə olanda. Mənim böyrəyimdə isə çoxdandır özünə yuva salıb, böyüyüb. İndi onu tərpətməkmi olar?”

Təcili yardım stansiyasına iki zəng eyni vaxtda oldu. Növbətçi tibb bacısı qeyd dəftərinə yazdıqdan sonra çağırışın ünvanlarını bir vərəqə köçürüb Könül həkimə uzatdı. O, dərhal çantasını götürüb maşının yanına yollandı.

–Getdik! – Maşına oturan kimi mürgüləməkdə olan sürücüyə göstəriş verdi. – Yatmaq vaxtı deyil. Natiq, al bunu. Bu ünvanlara gedəcəyik. – Ünvanlar yazılmış vərəqi sürücüyə uzatdı.

Natiq maşını işə salıb mühərrikin azacıq qızmasını gözlədi. Gözü ilə vərəqə baxdı ki, görsün hansı ünvanlara gedəcəkdir. “Sukonnaya 24, mənzil 41 və Tereşkova 38, mənzil 48” ünvanlar vərəqəsində beləcə də qeyd olunmuşdu.

–Birinci hansı ünvana sürüm? – deyə Natiq soruşdu.

–Hansına istəyirsən sür. Ancaq bir az tez ol.

–Tereşkova həm yaxındır, həm də əvvəllər orda yaşamışam. Bu, çağırış verən hər kimdirsə mənim köhnə qonşularımdandır. – Sürücü Natiq aydınlıq gətirdi və ayağını qaza qoyub maşını hərəkətə gətirdi.

Beş-altı dəqiqə keçməmiş təcili yardım maşını “Tereşkova 38” ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında dayandı. Pəncərədən baxan Şikarın oğlu İslam həkimi qarşılamağa çıxdı.

–Düz gəlmisiniz. Atamın vəziyyəti ağırdır. Tez gəlin! – İslam bunu deyib həkimi birinci mərtəbədə yerləşən evlərinə apardı.

–Xəstə kimdir? – İçəri keçən həkimin sorğusuna Şikarın həyat yoldaşı divanda uzanıb ağrıdan gözlərini yummuş ərini göstərdi.

Həkim onun əlindən tutub oturtdu və nə baş verdiyini soruşdu. Şikar əhvalını danışana kimi onun təzyiqini ölçdü.

–Nahaq həkimə getməmisiniz. – Həkim dərhal narazılığını bildirdi. – İndi mən iynə vuracam, vəziyyətiniz düzələcək. Ancaq səhər mütləq həkimə gedin.

Könül həkim Şikara sakitləşdirici iynə vurub getdi. On-on beş dəqiqədən sonra vəziyyəti yaxşılaşan Şikar səhər mütləq həkimə gedəcəyini qərarlaşdırdı.

 

–Şükür Allaha! Nə yaxşı həkim çağırdıq. İndi gözlərimə işıq gəldi. Böyrək ağrısı nə amansız ağrı imiş. Dünya-aləm başıma fırlanırdı.

Şikar sübh tezdən yuxudan oyandı, ağrıyıb-ağrımadığını yoxlamaq üçün elə yataqdan qalxmadan o tərəf-bu tərəfə çevrildi. Sonra yataqdan qakxıb otaqda gəzişdi. Kəskin ağrı olmasa da küt ağrı hələ də bədənini tərk eləməmişdi. Telefonu götürüb mətbəxə keçdi ki, səs salıb uşaqları narahat etməsin. Əvvəlcə dərs hissə müdiri Tərifə müəllimənin nömrəsini yığdı.

–Sabahınız xeyir! Bağışlayın ki, belə tezdən müraciət edirəm. Böyrəyim pristup verib, gecə evə təcili yardım çağırmışdım. Gəlib iynə vurdu. Ancaq ağrılarım keçməyib, dərsə gələ bilməyəcəyəm, həkimə gedəcəyəm. Qoy, Həbib müəllim məni əvəz etsin, keçən aydan mənə borcludur. Yaxşı, lap özüm də zəng vurub deyərəm.

Sağollaşıb telefonu söndürdü və Həbib müəllimin nömrəsini yığdı. Məktəb tərəfdən arxayın olandan sonra qayıdıb yerinə uzandı. Hələ tezdi, həkimə getmək vaxtı deyildi.

Şikar yoldaşı ilə xəstəxanaya gələndə saat doqquzu təzəcə keçmişdi. Qeydiyyat otağının balaca pəncərəsinə yaxınlaşıb ambulator kartasını istəyəndə qeydiyyatçı Şəhla xanım, deyəsən onu tanıdı.

–Siz Şikar müəllim deyilsiniz?

–Bəli. – Şikar əlüstü cavab verdi. – Necə bəyəm?

–Gərək ki, bir həftə əvvəl yenə də gəlmişdiniz?

–Hə, gəlmişdim, aparata düşüb böyrəklərimi yoxlatdırdım.

–Deyirəm axı. Mən sizi görən kimi tanıdım. 26 nömrəlidə işləyirsiniz, Kənanın müəllimisiniz.

Qeydiyyatçı ilə Şikar müəllimin danışığı həyat yoldaşı Qönçənin diqqətini cəlb etdi. Şəhla xanımın belə şirin-şirin danışması, ona heç bir məhəl qoymaması Qönçənin ürəyinə az qala şübhə toxumları səpəcəkdi ki, Şəhlanın son açıqlamasından sonra bir az toxtadı.

–Kənan sizin nəyinizdir? – Növbəti sualı Şikar müəllim verdi.

–Bacımın oğludur. Elə hey sizi tərifləyir. Deyir mən də məktəbi bitirəndən sonra hərbçi olacağam.

–Sağ olsun. Kənan ağıllı oğlandır. İnşallah arzusuna çatar.

–Hə, bağışlayın. Başınızı boş söhbətlə qarışdırıb vaxtınızı aldım. – Şəhla bunu deyib balaca korobkadan Şikarın kartasını çıxardaraq ona uzatdı. – Buyurun! Heç demədiniz axı… nə məsələdir. Sizi ən çox narahat edən nədir? Bəlkə tanıdığımız həkimlərdən birinə yönəltdik.

–Böyrəkləridir. – Şikar ağzını açmamış Qönçə dilləndi. – Neçə vaxtdır heç rahatlıq vermir. Bir az ot-əncər müalicəsi almaq istədi, o da alınmadı. İndi pristup verib. Heç bilmirik neyləyək. Bəlkə də daş parçalanıb kanala düşüb. Gəldik ki, UZİ-yə saldırıb öyrənək.

–Sizi istədiyimdən deyirəm, yüngül olsaydı, xahiş edərdik, öz həkimlərimiz bir şey yazardı. Ciddi xəstəliklərə baxası bizdə fərli-başlı həkim yoxdur. Özünüzü nahaq əziyyətə salıb axtarmayın. Bağmanlara gedin. Mərkəzi Klinikanın təzə açılmış filialında həm yaxşı həkimlər var, həm də dəqiq analiz edən bahalı aparatura quraşdırıblar. Deyirdilər bu gün Bakıdan məşhur uroloq gələsidir. Bir həftə qabaq qəbula yazırdılar. Bu, bəlkə də sizin bəxtinizədir. Bir də havayıdan burda pul xərcləyib aparata düşməyin. Di durmayın, gedin.

–Allah köməyiniz olsun. – Qönçə təşəkkürünü bildirib pəncərənin ağzından aralandı, Şikarın əlindən tutaraq çıxış qapısına tərəf çəkdi. – Gəl, gedək, burda vaxt itirməyə dəyməz.

O, işdən nahar fasiləsinə qayıdanda qardaşı Şikarla arvadı Qönçəni evlərində görüb təəccübləndi.

–Xeyirdimi, qardaş? – deyə təəccüblə soruşdu. – Getdiyin heç on gün olmaz. Ot dəmləmələrinin bir xeyri oldumu? Bəs niyə xəbərsiz gəlmisiniz? Bir iş-zadmı olub?

–İnşallah, xeyir olar. – Şikar həmişəki təmkinini pozmadan cavab verdi. – Ot dəmləmələrindən bir az içdim.

–Bəs sonra nə oldu? – Orxan baxdı ki, qardaşı sözlü adama oxşayır.

–Əvvəlcə sən paltarını dəyiş, gəl otur. Bir stəkan çay iç, rahatlan, mən də yavaş-yavaş danışım.

Orxan istədi yataq otağına keçib paltarını dəyişsin, amma tez də fikrindən vaz keçdi. “Bəlkə şəhərə qayıtmalı olduq. Şikar yəqin ki, elə-belə gəlməyib, işi çıxdığı üçün gəlib. Yoxsa nə ola bilər?”

Vanna otağına keçib əl-üzünü yudu, dəsmalla qurulayıb otağa qayıdanda arvadı masaya yemək düzürdü. Elə yemək süfrəsi arxasında Şikar böyük qardaşına ot dəmləmələri ilə başlanan başına gələnləri yerli-yataqlı danışdı.

–Saat üçdə Mərkəzi Klinikada, Firdovsi həkimin yanında olmalıyıq. Pulu çatdırmalıyıq ki, sabah əməliyyata götürsün.

–Neçəyə danışmısınız?

–Min səkkiz yüz manata.

–Allah onun evini başına uçurmasın, balaları yazıqdır. Belə baha da böyrək əməliyyatı olar? Bəlkə başqa yerdə əməliyyat etdirək? Biz bütün işlərimizi Sumqayıt həkimləri ilə görürük. Həm keyfiyyətli, həm də Bakı həkimlərinə baxmış, ən azından iki dəfə ucuz.

–Yox, lazım deyil, bu iş artıq danışılıb.

–Yaxşı, nə deyirəm ki. Təki xeyirli olsun. – Orxan baxdı ki, qardaşı inadından geri çəkilən deyil, razılaşdı. – Durun, getdik.

Mərkəzi Klinikanın həyətinə çatan kimi Şikar Firdovsi həkimə zəng vurdu.

–Salam, həkim, biz gəlmişik. Gəncədən. Böyrək əməliyyatına, Xəstəxananın həyətindəyik. Hə, Klinikanın. Yaxşı, yaxşı. – Telefonu bağlayıb məlumat verdi. – Deyir ki, mən Klinikada deyiləm, kənardayam. Qalxın ikinci mərtəbəyə, indi tapşıraram, mənim asissentim sizə yaxınlaşar, nə etmək lazımdır, deyər.

–Mən deyirəm də, bunlar başdan-ayağa fırıldaqdılar. Dillərinə bir kəlmə də olsun düz söz gəlmir. Görüş təyin eləmisən saat üçə, canın çıxsın otur yerində, gələnini qəbul elə. Mən nə tanıyıram sənin asissentin kimdir. Mənə sənin özünlə görüşüb danışmaq lazımdır, görüm nə qarantiya verirsən.

–Daha danışmağın yeri yoxdur. – Şikar təəssüfdoğurucu tərzdə dilləndi. – Bura qədər onun adına gəlmişik. Qalxaq yuxarı, görək asissenti nə deyir. Geri qayıdası deyilik ki.

–Qalxaq deyirsən, qalxaq. Görək asissenti hansı qəzəli oxuyacaq bizə. – Orxan azaylandı.

O, min dəfə özünə söz versə də ki, heç kimin işinə qarışmayacaq, özü-özü ilə bacara bilmirdi. Belə xasiyyətinə görə böyük qardaşı, həyat yoldaşı da irad tutmuşdu ona. Amma hər dəfə söz versə də yenə əmələ gəlmirdi. Elə ki, bir fırıldaq işə urcah oldu, dərhal xarakterini ortaya qoyub kəskin münasibət bildirirdi. Çoxları onun bu münasibətinə deyirdilər ki, düzələn işə qulp qoyur. Qulp qoymağın necə olduğunu isə o, bilmirdi. Deyərdin ki, filan işə bir qulp qoy, vallah, bacarmazdı. O, elə-belə, boş-boşuna heç nəyə irad tutmazdı, ta ki, özü həmin əyər-əskikliklə rastlaşmasaydı. İndi də belə.

Üçü də özlüyündə deyinə-deyinə binaya daxil oldular. Şikar qabağa düşüb liftə tərəf addımladı. Amma ekranda 8 rəqəmini görüb istiqamətini dəyişdi, pilləkənə tərəf addımlayan Orxanın arxasınca getdi.

İkinci mərtəbəyə qalxıb pilləkənin sağ tərəfində yerləşən gözləmə salonuna keçdilər. Gözləmə otağında onlardan başqa heç kim yox idi. Televizordan və bir neçə dəmir süzgəcli oturacaqdan ibarət gözləmə otağında təzəcə oturmuşdular ki, 26-28 yaşlarında cavan, görünüşcə “tirpaş” bir oğlan otağa daxil olub onlara yaxınlaşdı.

–Gəncədən gələnlər sizsiniz? – Salamsız-kəlamsız ilk soruşduğu bu oldu.

–Əvvəlcə salam vermək lazımdır, cavan oğlan. – Orxan iradını bildirdi. – Görəsən bizim millət nə vaxt mərifətə, qanacağa öyrəşəcək.

–Mərifətimizə, qanacağımıza nə gəlib? Prosto gün ərzində yüzlərlə adamla rastlaşırsan, salam verməkdən çənəm ağrıyır.

–Bir söz artıq deməklə çənə ağrımaz. Həm də sizin dolanışığınız müştərilərdən çıxır. Məcburən onlarla nəzakətli davranmalısınız.

–Hə, Gəncədən gələn bizik. – Şikar tez müdaxiə etdi ki, mübahisə uzanmasın.

–Mən də Firdovsi həkimin asissentiyəm. Gedək, göstərim pulu hara ödəmək lazımdır.

–Deyirəm də, sizin düşündüyünüz ancaq puldur. – Orxan qəzəbləndi. – Firdovsi həkim özü hanı? Onu görməyənə kimi biz heç bir pul-zad ödəməyəcəyik.

–Firdovsi həkim burda yoxdur.

–Zəng edin gəlsin. Saat üçə görüş təyin edib, gəlmişik. Zəhmət çəkib gəlsin. Özü burda olan vaxta görüş təyin edərdi. Biz gözləyirik.

–Onun işi var, bu gün gələ bilməyəcək. Həm də mən ona zəng edə bilmərəm. Lazım olanda o, özü mənə zəng vurub nə etmək lazımdırsa deyir.

–Necə yəni zəng vura bilmərəm? Bəlkə əməliyyat etdiyi xəstənin halı pisləşdi, onda da zəng vurmayacaqsan?

–O mənlik deyil.

–Onda xudafiz. Biz gedirik başqa klinikaya.

–Özünüz bilərsiniz. – Asissent kobud tərzdə bunu deyib otaqdan çıxdı.

Рейтинг@Mail.ru