bannerbannerbanner
полная версияBizi Umudsuz qoyma

Əli Bəy Azəri
Bizi Umudsuz qoyma

Полная версия

Zəncinin dərsi

Təzə gətirilib şəhərə doldurulmuş kartlı, qırmızı rəngli “BakıBUS” avtobusundan universitetin qabağında düşdü. Səkidə tələbə əlindən tərpənmək olmurdu, yaman basırıq idi. Hamısı da şən görünürdü, deyib-gülür, bir-birləri ilə zarafatlaşıb keçirdilər.

“Hələ ki, qayğıdan xəbərsizdilər, iş-güc düşünmürlər, axtarmırlar” ani olaraq fikrindən keçirdi. Yeraltı keçidi iti addımlarla addımlayıb yolun o tərəfindəki parka çıxdı, “BP” şirkətinin ofisi parkın o başındakı iyirmi mərtəbəli “Makron Plaza” nın on dördüncü mərtəbəsində yerləşirdi. Zərdüşt bunu əzbər bilirdi, çünki iyirmi ikinci dəfədən işə götürüldüyünü də nəzərə alsaydı bu, onun ofisə əlli birinci gəlişiydi, düz əlli bir dəfə bura ayaq döymüşdü, hamısını da birbəbir yadında saxlamışdı. İnsanda həvəsə bir bax!

Giriş qapısının dördrəqəmli şifrəsini də, liftin düyməsinin yerdən hansı məsafədə yerləşdiyini də əzbərdən bilirdi, lap gözüyumulu qapının üstündəki ingilis kilidinin şifrəsini yığa, liftin düyməsini basa bilərdi.

Zərdüşt 22 yaşında cavan bir oğlandı, rayon yerində doğulsa da şəhərdə böyüyüb boya-başa çatmış, orta məktəbi də burada oxumuşdu. Təhsildə yüksək göstəricilərə nail olduğundan Ali Neft Məktəbinə üz tutmuşdu. Yeni açılan ali təhsil ocağının statusu Neft Akademiyasından da yüksək sayılırdı. O vaxt ali təhsil ocağına qəbul olanda sevincinin həddi-hüdudu yox idi – imtahandan 697 bal toplamışdı – ölkə üzrə ən yüksək bal 700 hesab olunurdu, ən yüksək bala çatmaq üçün cəmi bircə sualı cavablandıra bilməmişdi. Prezident təqaüdünə düşmüşdü, əlaçı tələbə kimi dörd il 150 manatlıq təqaüd almışdı.

İşlə təmin edəcəklərinə söz versələr də məktəbi bitirəndə rəhbərlik vədinə xilaf çıxmışdı. “Hələ bir gedib vətənə borcunuzu ödəyin, əsgərliyinizi çəkin, sonrasına baxarıq” – rektoratlıqda elə beləcə də demişdilər. Onda Zərdüşt də başqa məzunlar kimi hərbi xidmətə yollanmışdı. Bir illik əsgərliyini başa vurub geri qayıdan kimi oxuduğu təhsil ocağına üz tutmuşdu.

–Ə, sən nə qır-saqqız olub yapışmısan yaxamızdan?! – Axırda prorektor əsəblərini cilovlaya bilməmişdi. – Nə olsun ki, söz vermişdik. O vaxt elə deyirdilər, indi də belə deyirlər. Neft Şirkətində boş yer yoxdu, vakansiya yoxdu, başa düşürsünüz? Gərək bizə sorğu, sifariş gələ ki, biz də sizdən birinizi o yerə göndərək. Gedin, özünüz şirkətlərə müraciət edin. Lap istəyirsiniz xarici şirkətlərə üz tutun, bəlkə onlar bizimkilərdən insaflı ola. Bir də ki, niyə olmasın. İngiltərədən adi işçi gətirib ayına beş min ödəyincə, elə sizi işə götürüb ayınıza min – min beş yüz ödəyər də…

Bu söz Zərdüştün beyninə batmışdı, odur ki, prorektorun nə dediyi onun vecinə deyildi.

–Bizim işimiz sizi oxudub diplom verməkdi. Sonrasını özünüz bilərsiniz, bizlik deyil…

Amma nə oldusa, birdən geri qayıtdı Zərdüşt:

–Mən axı hamı kimi oxumamışam, əlaçı olmuşam. Dörd il dövlətdən Prezident təqaüdü almışam. Dövlət heç olmasa məni işlə təmin etməlidir, ya yox?

–Elə ona görə də dövlətə “çox sağ ol” deməlisən, oğlum! – Prorektorun səsində bir yumşaqlıq hiss olunurdu, hiss olunurdu ki, o da Zərdüştün halına yanır, amma bir şey etməkdə acizdir, mövcud sistem şirkətlərə fövqəladə səlahiyyət verib, heç nə etmək mümkün deyildir.

–Bəs iş? – Zərdüşt də astadan deyindi.

–İşi özün tapmalısan. – Prorektor bir qədər ciddiləşdi.

–Bəs mən bir mütəxəssis kimi dövlətə lazım deyildimsə, niyə təqaüd verib oxutdururdu?

–Necə lazım deyilsən? – Prorektor özü də mat qalmışdı, vəziyyət haqqına qalanda Zərdüşt dediyi kimi idi, amma ki, bu da prorektorluq deyildi, bəlkə heç rektorluq da deyildi. – Əlbəttə lazımsan. Siz hamınız lazımsınız, ancaq baxır harda.

–Harda?

–Əlbəttə ki, ilk növbədə ölkənin neft sektorunda. Yox, əgər bu sahədə iş tapa bilməsəniz, onda harda iş tapsanız, orda. Cavansınız, enerjilisiniz, savadlısınız… Belə adamlar necə lazım olmaya bilər?..

…Elə təzəcə yeraltı keçiddən çıxıb park ilə irəliləyirdi ki, tələbə yoldaşı Raminlə rastlaşdı.

–Ramin!

–Zərdüşt!

Zərdüştün görüşəndə öpüşməkdən zəhləsi gedirdi, eləcə əl tutub aralaşmaq istəyirdi ki, Ramin üzündən öpdü. Geri çəkilmək istəyirdi ki, Ramin o biri üzündən də ördü.

–Görüşəndə gərək türk kimi görüşəsən, türkün həm bu üzündən öpəsən, həm o üzündən.

Ramin iki dəfə öpüşməyinə haqq qazandırdı, Zərdüşt isə əhəmiyyət vermədi.

–Nə xoş təsadüf! Ramin, sən buralarda nə veyllənirsən?

–Ramin yox, Ramil.

–Adını dəyişmisən?

–Yox, mənim adım elə əzəldən Ramil olub.

–Doğrudan sənin adın Ramildir? Bəs axı jurnalda Ramin yazılırdı…

–Nə olsun… Ruslarda da sənəddə Aleksandr yazılır, sonra oğlanı Saşa, qızı Şura deyə çağırırlar.

–Ədə, bura Rusiya, biz də rus deyilik.

–Nə fərqi var, indi hamı avropalılaşır. Bilirsən, Ramin adı… belə… bir az yaxşı səslənmir e… Ramil, Ramel, Ramilçik… lap elə avropasayağı səslənir, onların da dilinə yatır. Baxmırsan, parkın da adını dəyişiblər.

–Hansı parkın?

–İndi mən gəzdiyim parkın.

–Doğrudan?

–Bəs nə.

–Əvvəlki adı necəydi ki? Heç fikir verməmişdim.

–Sovetlər vaxtı Puşkin parkıydı. Müstəqillik illərinin ilk dövründə bizimkilər dəyişib Cəfər Xəndan elədilər. Bilirsənmi Cəfər Xəndan kimdir?

–Hə, bilirəm, tənqidçi olub. Şairlərdən hansısa ona şeir də qoşub.

Cəfər Xəndan, Cəfər Xəndan,

Bit yerisin yaxandan.

–Ədə, kimsə deyəndə, de ki, Bayram Bayramov yazmışdı. Yoxsa qorxursan onun adını çəkməyə?

–İndi bunun heç bir mənası yoxdur, qorxdun, ya qorxmadın, adını çəkdin, ya çəkmədin. Əsas odur ki, adını dəyişiblər.

–Elədir. Axır ki, bu parka layiqli ad tapıb qoyublar – Con Braun parkı. Sən öl, adın dəyişən kimi park özü də dəyişib. Bilirsən adama necə ləzzət eliyir? Gəzdikcə gəzirsən. Havası sərin və təmiz. Qızlar da ki, maşallah, biri-birindən gözəl, cazibədar. Lap elə bilirsən Avropanın göbəyindəsən, Londonun, Parisin ecazkar küçələrini dolaşırsan. Park da ki, adı dəyişən kimi məşhur olub. Qızlar selfi çəkdirib qoyurlar internetə. Dünyanın hər yerindən onları izləyirlər…

–Yaxşı, de görüm nə işlə məşğulsan?

–Dayımın dükanını işlədirəm. İşlədirəm deyəndə axşamlar gedib kassadan vıruçkanı götürüb dayıma gətirirəm. Dayım da ki, sağ olsun, başa düşən adamdır. Bilir ki, cavançılıqdır, hər gün bir əlli manat basır cibimə. Mən də şellənirəm özümçün.

–Xoşbəxt adamsan, Araz aşığındandı, Kür topuğundan. Dünya vecinə deyil.

–Yaxşı, görək. Bəs sən özün nə işlə məşğulsan?

–Xeyli vaxtdı iş tapa bilmirdim. İndi iki həftədir ki, “BP” də işə götürüblər. Hələ ki, praktika keçirəm.

–Nə praktika?

–Belə də… Nigerin köməkçisiyəm.

–Nigar? Nə gözəl! Müdirin xanımdır? Kefdəsən ki… Heç olmasa cavandırmı? Gözəldirmi?

–Alo, qaqaş… Bir tormoz elə. Nigar yox, Niger.

–Niger də elə Nigar kimidi də. Bizdə Nigardı, onlarda Niger.

–Lap olsun sən deyən. Nigar – Niger hökmən xanım adı olmalıdır? Kişi ola bilməz?

–Nə bilim. Məncə yox!

–Yadımda deyil, Sədaqət müəllim dərsdə həmişə onun adını çəkirdi e…

–Kimin?

–Yadıma düşsəydi elə özüm deyərdim. Bax, dilimin ucundadı e…

–Hansı Sədaqəti deyirsən; Kişi, yoxsa qadın?

–Fəlsəfə müəllimini, kişini.

–Hə, hə, yadıma düşdü. Seyid Nigaranı.

–Hə, hə, Seyid Nigarı. Elə hey deyirdi ki, Seyid Nigarı belə deyib, Seyid Nigarı elə deyib… Onda mən də sənin kimi elə bilirdim ki, Seyid Nigarı xanım olub. Sonra şəklini görəndə baxdım ki, bığlı-saqqallı bir kişidir.

–Zərdüşt, araya yüz söz qatdın, bircə demədin ki, bu Niger kimdi? “BP” nin şefidi?

–Yox.

–Baş mühəndisidi?

–Yox.

–Baş mühasibidi?

–Təəssüf ki, o da yox.

–Püff! Çərlətdin məni, di söylə görüm sənin o Nigerin kimdir?

–Adi qara bir zənci. Heç vəzifəsinin də nə olduğunu bilmirəm. Eləcə mənə deyiblər ki, onun köməkçisiyəm. Bir də maaşımı deyiblər.

–Kiiim? Zənci? Nigeriyalıdı?

–Yox, adı Nigerdi. Hansı ölkədəndi, bilmirəm, mənə deməyib. Eşşək kimi birisidi. Sağlam, gümrah, idmançı görkəmli…

–Zəncilərin hamısı belə görünür də. Vaxtın varsa, gedək oturaq.

–Yox, tələsirəm. Bu gün təhvil-təslim olmalıdır. Niger vəzifəsini müvəqqəti olaraq mənə ötürür. Londona gedəsidirlər. Orda yaxşı olsa, qayıtmayacaqlar, qalıb orda işləyəcəklər.

–Belə de…

–Səndən nə yaxşı. Xeyirdimi Con Braun parkında gəzdiyin?

–Dedim bir az gəzinim, eynim açılsın, bir də bəlkə qarşıma anqliçankadan, françujenkadan, heç olmasa nemkadan-zaddan kimsə çıxdı.

–Nədi, özümüzünkülər azlıq eləyir? İndi də françujenka, anqliçanka eşqinə düşmüsən? Ali məktəbdə oxuyanda qız qalmamışdı dalınca düşməyəsən…

–Alə, bizimkilər nə qanır sevgi-məhəbbət nədir! Heyif deyil evropeykalar, adama cənnətin həzzin bəxş edirlər, köpəkuşağı elə bil huri-mələkdilər.

–Yəqin atana oxşamısan…

–Yox, dayıma. Bəs eşitməyibsən, deyirlər, qoç iyid dayısına oxşar…

–Olsun dayın. Görünür o da o vaxtlar rus-erməni qızlarının dalınca sürünürmüş. Ədə, sənin kimilərin ucbatından camaat normal qız tapıb evlənə bilmir. Qızlar basyak ərəb görən kimi göbəklərini açıb göstərirlər.

–Mənim nə günahım…

–Sən evropeyka dalınca sürünəndə, qızlar da sənin və sənin kimilərin acığına belə hərəkət edəcəklər də. Bəs bilmirsən ən qəddar qisasçılar qadınlardır?

–Yaxşı, yaxşı… Yeri get işinə. Gecikərsən, Niger xanımın, tfu, bəyin acığı tutar, yerinə başqa adam götürər…

Əvvəllər bu ərazi çox da məşhur deyildi. Elə ki, xarici şirkətlər yağışdan sonra baş qaldıran göbələklər kimi buraları bəzədilər, ərazi yeni tikilən bərli-bəzəkli binaların hesabına təzələndi, gözəlləşdi. Ağızlarına yatsın deyə parkın adını da onlara görə dəyişdilər. Çoxlarının hələ tanımadığı baxımsız Cəfər Xəndan parkı bir gecənin içində dönüb oldu çıl-çıraqlı Con Braun parkı. Elə bir gecədə də xarici şirkətlərdə işləyən xanımların selfi çəkdirdikləri şəkilləri ilə bərabər Avropaya “uçub” parkı orada da tanıtdılar, məşhurlaşdırdılar.

 

Zərdüşt ofisə ilk dəfə gələndə də onu elə Niger qarşılamışdı.

–Sən bura adamına oxşamırsan. – Qısa tanışlıqdan sonra ona belə demişdi. Bakıda rastlaşdığı adamların yalançılığından, onu hər addım necə aldatdıqlarından və hər zaman əzməyə çalışdıqlarından danışdı.

Nigerin danışdığına görə onu bir neçə həmyerlisi ilə beş il əvvəl Afrikadan Bakıya yığma komandada futbol oynamaq adı ilə gətiriblər. Altı nəfər zənci gəncini gələn günü çox yaxşı qarşılayıblar, isti münasibət göstəriblər. Oteldə yerləşdiriblər, onlar üçün hər cür şərait yaradıblar. Özəl Universitetlərin birinin böyük futbol meydançasında və idman zalında məşqlərini təşkil ediblər. İlk günlər hər şey qaydasında olub. Bir ayın tamamında isə heç nə izah etmədən, pullarını ödəmədən oteldən qovublar. Yaşamaq üçün hər kəs bir tərəfə dağılıb.

–Görünür bizi satmağa gətiriblərmiş. – Niger dərk etdiyini belə dilə gətirirdi. – Çünki biz məşq üçün futbol oynayanda da, idman zalında məşq edəndə də bizi özləri ilə gətirənlər dəvət etdikləri müxtəlif adamlara göstərir, sövdələşirmişlər kimi nə isə danışırdılar. Danışıqları alınmayanda pərt olur, əsəbləşir, bizə bəlli olmayan sözlər danışır, özlərindən çıxırdılar.

Bir neçə gün bir yerdə boş-boşuna şəhəri fırlandıqdan sonra birlikdə heç bir iş tuta bilməyəcəkləri, hətta acından ölə biləcəkləri qənaətinə gəldilər. Öz camaatları tikintidə, yol çəkilişində, bordyur düzülüşündə güclə iş tapırdı, zənciyə kim idi iş verən, özü də altı zənciyə birlikdə. Odur ki, ayrıldılar – hərəsi şəhərin bir tərəfinə getdi. Niger də gəlib Cəfər Xəndan parkına çıxdı. Gündüzlər parkdan bir neçə yüz metr məsafədə yerləşən binaların əhalisi ilə dil tapmağa çalışır, kiminin zibilini aparıb atır, kiminin ağır çantalarını marketdən evə daşıyır və əvəzində qəpik-quruş qazanırdı ki, bu da onun acından ölməməsi, yaşaması üçün çox vacibdi.

Burada binanın birinin altında – zirzəmisində bulku bişirən sex fəaliyyət göstərirdi. Müdiri ağsaqqal, nurani bir kişiydi, yaşı yetmişdən çox olardı. Sexə həftədə bir dəfə maşınla dolu un gəlirdi. Niger təkbaşına un kisələrini maşından boşaldıb anbara daşıyırdı. Əvəzində sexin sahibi ona on manat nəğd pul verər, hər gün gəlib üç ədəd təzə bişmiş bulku apara biləcəyini tapşırırdı. Nigerin üzünə nur çilənirdi, gözləri parıldayırdı – bu parıltı həyat işarəsi idi.

Gecələr isə əl-ayaq yığışandan sonra eləcə parkda, daldada yerləşən oturacaqların birində uzanıb yatardı. Əvvəllər polis serjantları onu tüfeyli hesab edər, təpikləyib qovmaq istəyirdilər. Nigerin başına gələnləri eşidəndən sonra ona dəyib-toxunmaz, hərdənbir çəkməyə siqaret də verərdilər. O, park həyatında siqaret çəkməyə öyrəşmişdi.

Niger ilk görüşdən Zərdüştün qəlbində özünə yer tutmuşdu. Elə Zərdüşt də Nigerin xoşuna gəlmişdi. Odur ki, ilk gündən dostlaşmışdılar. İşinin, vəzifəsinin sonralar nədən ibarət olacağı fərqinə varmamışdı Zərdüşt. Çünki məişət problemləri ilə məşğul ola-ola hələ ki, Niger ona bütün həyatını danışırdı. Zərdüşt üçün də maraqlı idi ki, Niger uzaq Afrika ölkəsindən Azərbaycana necə gəlib çıxıb və BP kimi yüksək bir şirkətdə ofis işinə düzəlib.

Niger öz ölkəsində yaxşı bir futbolçu olmuşdu. Əvvəlcə doğulub boya-başa çatdığı qəsəbələrində yığmada oynamış, sonra qabağa çəkilmiş, axırda gəlib ölkə yığmasına çıxmışdı. İngilis dilini öyrənmişdi.

Afrika birinciliyində oynayacağı vaxtda Azərbaycana dəvət almışdı, əlbəttə ki, çox yüksək qonarar müqabilində. Amma aldadılmışdı, aldadıldığını da çox gec başa düşmüşdü, başa düşəndə də artıq iş-işdən keçmişdi, heç nə etmək mümkün deyildi.

Öz ölkəsində qalsaydı, bəlkə də indi evi, maşını, çoxlu pulu olacaqdı. Azərbaycana gəldiyindən bunların hamısından mərhum olmuşdu. “Ayağımla oynatdığım top kimi təpiklə vurub məni kənara atdılar, həyatın özündən də kənara…” – heyfslənərək bunu qeyd edirdi Niger.

Bir səhər Niger qəribə taqqıltı səsinə yuxudan ayıldı, tez ətrafa göz gəzdirdi, heç nə görmədi. Oturacaqdan ayağa qalxdı, sağ tərəfə çevrilib baxanda bir gəlinin avtobus dayanacağının yanındakı pilləkənlərlə uşaq arabasını yuxarı qaldırmağa cəhd göstərdiyinin şahidi oldu. Özündən asılı olmayaraq tez-tələsik ora yüyürdü. Nigerin ona tərəf gəldiyini görcək dayanıb onun üzünə baxaraq gülümsəyən gəlinlə baxışları toqquşdu. “İlahi, bu necə gözəl qadındı!” – az qaldı Nigerin huşu başından çıxsın, o, hələ belə gözəl, yöndəmli, cazibədar qadınla rastlaşmamışdı. Gülümsəyərək uşaq arabasına əl atdı. Bir anın içində arabanı pilləkənlərlə yuxarı qaldırdı. Səkkiz-doqquz aylarında olan totuq oğlan uşağı öz aləmində idi, nə isə qığıldanırdı. Niger balacaya da gülümsünüb arabanı buraxdı və kənara çəkildi ki, gəlin yoluna davam etsin.

–Təşəkkür edirəm! – Gəlin ingiliscə təşəkkürünü bildirib gülümsündü.

–Dəyməz. – dedi Niger və dərhal da soruşdu. – Siz ingilissiniz?

–Bəli! Siz ingiliscə danışa bilirsiniz?

–Mən ingilis dilini öyrənmişəm. Sevərək öyrənmişəm. Bəlkə də mənim sevdiyim ikinci dildir.

–Ooy, nə gözəl. Təsəvvür etməzdim ki, sizin kimi birisi ilə qarşılaşam. Bir daha təşəkkür edirəm. – Sakit addımlarla arabanı sürüb getdi.

–Parkın o biri tərəfində yola çıxış var. – Uzaqlaşmaqda olan gəlinin arxasınca səsləndi Niger. – Pilləkənsiz.

Onların ilk tanışlığı belə başlamışdı.

Sonralar gəlin uşağını parka gəzdirməyə tez-tez gətirirdi və hər dəfə də pilləkənləri çıxartmaqda Niger ona köməklik göstərirdi. “Salam, necəsiniz, sağ ol, təşəkkürlər”dən başqa çox qısa danışıqları olardı. Niger onu heyran edən bu gəlinin adını da öyrənə bilməmişdi. Adını soruşanda gəlin eləcə gülümsəyir, “görüşərik” deyib əlini yelləyərək çıxıb gedirdi. Ara-sıra Nigerə pul da verirdi. On, bəzən lap iyirmi dollar da verirdi ki, bu da Niger üçün böyük pul hesab olunurdu.

–Bir uşaq arabasını pilləkənlərlə yuxarı qaldırmaq hara, iki maşın un kisələrini maşından boşaldıb anbara daşımaq hara? – Niger öz-özünə deyinər, müqayisə aparardı.

Hisslərini büruzə verməsə də Niger artıq o gəlinə vurulmuşdu. Amma kim idi, kimin arvadıydı, niyə sübh tezdən təkbaşına uşağını parka gəzdirməyə gətirirdi, bunları bilmirdi. Harda yaşayır, harda işləyir, heç bunları da öyrənməmişdi. Adını da demirdi gəlin. Niger için-için yanırdı, odlanırdı, pürüşüyü çıxırdı, amma əli heç nəyə və heç hara çatmırdı.

Beləliklə, günlər gəlib keçirdi.

Bir gün Niger uşaq səsinə yuxudan oyandı. Gözlərini açıb uzandığı oturacağın qarşısındakı uşaq arabasını gördü. Tanıdı, ağlayan həmin uşaqdı, anası isə yox idi. “Bunu kim bura gətirmiş olar?” – tez öz-özünə sual etdi. Oturacaqdan qalxıb uşağı sakitləşdirməyə çalışdı. Sakitləşməyəcəyini görüb onu qucağına götürdü, üzündən öpdü, başını sığalladı. Uşağı qucağında astadan yelləyə-yelləyə ətrafa göz gəzdirdi. Bu zaman gəlin ağacın arxasından çıxıb onlara tərəf yüyürdü. Maral baxışlı, ceyran yerişli gəlini görcək Niger yenə də halbahal oldu, az qaldı ki, uşaq qucağından yerə düşsün. Gəlin yaxınlaşan kimi onları qucaqladı, Nigerin boyun-boğazını qoxladı, təmiz dəniz havası kimi acgözlüklə ciyərlərinə çəkdi.

–Öz oğlun kimi baxa bilirsənmi? – Doluxsunmuş halda göründü gəlin, səsində bir qəhər hiss olunurdu, sualı da şaqqanaq çəkən buludların yağdırdığı leysan yağışını, şıdırğı yağan doluya bənzədi.

–Siz… mənə çox doğmasınız. – Niger qolunu gəlinin çiyninə salıb özünə tərəf sıxdı. – Özünüz də, oğlunuz da. Heç bilirsinizmi, mən sizin üçün necə darıxıram? Siz gedəndən sonra bütün günü avara-sərgərdan kimi görünürəm. Nə işləməyə, nə yeməyə həvəsim olur.

Gəlin Nigerin əlindən tutub oturacağa tərəf çəkdi. Onlar yanaşı əyləşdilər.

–Mənim adım Mayadır. – Gəlin danışmağa başladı. – Valideynlərim İngiltərənin Ceyson şəhərində yaşayırlar. Ailədə dörd nəfərik, məndən başqa bir qardaşım var. O, hələ balacadır, orta məktəbdə oxuyur. Mən Universitetə qiyabi daxil olan kimi işləmək istədim. Şirkətlərə müraciət etdim. Dəvətlər aldım və uzun sözün qısası Con Braunla tanış oldum. O, çox varlı adamdır, haranı istəsə, ala bilər. Həm də yaraşıqlı bir kişidir. Şirkətdə qızların hamısı ondan ötrü sinov gedirdi, amma o, hamının içindən məni seçdi. Bir müddət orada işlədikdən sonra Azərbaycana gəldik. Münasibətlərimiz alındı və… gördüyün bu körpə bizimdir. Onun ailəsi var, Londondadır. – Maya bir anlıq dayandı, sanki qəhər onu boğur, danışmağa imkan vermirdi. Gözlərinin yaşını sildi. – Bir müddət sonra mən başa düşdüm ki, bizim münasibətlərimizin sonu yoxdur. Con Braun məndən iyirmi beş yaş böyükdür. Mən hələ də anlamıram ki, ona necə vurulmuşam, onu necə sevmişəm. Ancaq nə etməli? Taledən qaçmaq heç vaxt mümkün olmur. – Maya yenə ara verdi. Diqqətlə Nigerin gözlərinin içinə baxdı, gülümsəməyə çalışdı. – Bu zaman sən qarşıma çıxdın. Əvvəlcə tüfeyli sandım səni. Sonra bizim dildə səlis danışmağın diqqətimi çəkdi, burda ingiliscəni çox az adam sənin kimi danışa bilir. Baxdım ki, yaxşı insansan. Yavaş-yavaş sənin varlığına alışdım və hiss etdim ki, xoş münasibətim yaranır. Həyatda ilk dəfədir ki, sevgi hissini duyuram. Mən də sənsiz darıxıram, Niger!

Hələ heç kim onun adını belə səsləndirməmişdi, Maya onun adını elə vurğuladı ki, elə bil bütün dünyanı ona bağışladılar. Niger heç nə demədi, tamarzı kimi Mayanın əllərindən tutub dodaqlarına yaxınlaşdırdı, öpdü, öpdü, doymadı, duz kimi yalamağa başladı.

–Bəs sən necə? – Maya soruşdu.

–Siz nə danışırsınız? Mən yuxu görürəm, nədir? – Bilmədi nə desin, nə cavab versin.

–Yox, Niger, sən yuxu görmürsən. Bu, həqiqətdir.

–Ola bilməz! Sizin kimi gözəl, yaraşıqlı, alicənab birisi, mənim kimi avara, sərgərdan adama könül bağlaya bilməz.

–Niger, sən çox yaxşı adamsan. İnan! Hər şey yaxşı olacaq. Mən səni şirkətə dəvət edirəm. Qoy, səni görsünlər, tanısınlar, bizim münasibətlərimizdən xəbərdar olsunlar. Con Braunla da tanış edəcəyəm. Bəlkə, işə qəbul etdi. Etməsə də eybi yoxdur. Birlikdə çalışarıq. Mən yaxşı məvacib alıram, bəsimizdir.

–İlahi! Mənim başıma şahlıq quşu qonubmu? Bu nədir? Mən nələr eşidirəm.

Birdən uşağın ağlaması onların diqqətini çəkdi.

–Qalx, uşağı gəzdirək. Özümüz də söhbət edə-edə gəzişək.

Maya Nigerin əlindən tutub dartdı, hər ikisi ayağa qalxdılar. Niger uşağı sakitləşdirib arabaya qoydu.

Onlar parkda bir xeyli gəzişdilər. Ayrılanda Maya Nigerə yüz evro pul uzatdı.

–Al bunu. Get bərbərə, saçını, saqqalını qırxdır. Sonra özünə əyin-baş al, yaxşı-yaxşı da hamamlanıb qiyafəni dəyiş. Saat beşdə gələrsən ofisə. – Ofisin yerini göstərdi.

Niger heç nə demədi, deyə bilmədi. Matı-qutu qurumuşdu, elə özü də quruyub qalmışdı. Maya gözdən itəndən sonra özünə gəldi. Əlindəki yüzlüyə baxdı, ilk dəfəydi əlində belə pul tuturdu. Əlini göyə açıb ucadan səsləndi:

–İlahi, bu nə taledi mənə yazmısan?!

Zərdüşt liftdən çıxan kimi foyedə dayanıb siqaret çəkən Niger ilə rastlaşdı.

–Tam zamanında gəldin. – Niger onu ingiliscə salamladı və bildirdi. – Biz yola düşməyə hazırlaşırıq. Axşamkı Bakı – London aviareysinə biletimiz var. Sən də vəzifəni qəbul etməyə hazırsanmı?

“Vəzifə ha! Eşidib-eliyən ola, deyər, görəsən, bu cavan, yeniyetmə oğlanı şirkətə vitse-prezident təyin edirlər, icraçı direktor qoyurlar, yoxsa…” Zərdüşt ani olaraq fikrindən keçirdi.

–Niger, sən heç məni əməlli-başlı başa salmadın axı… Görüm işim nədir, vəzifəm nədən ibarət olacaq… – Zərdüşt gileyləndi.

–Burda başa düşüləsi nə var ki… Bir aydır işin içindəsən. Hər şey sənə gün kimi aydın olmalıdır. Bu gün biz Maya ilə gedəcəyik, siz Culyetta ilə qalıb Con Braunun katibliyini boş saxlamayacaqsınız.

–Maya ilə Culyetta öz aralarında anlaşdılarmı?

–Gulyetta götürümlü qızdır. Kollec oxumasına baxma. Bir həftənin ərzində bütün sənədləri işləmək qaydasını öyrəndi. Çay dəmləməyi də öz yerində. Con Braun bura gələndən sonra çayxorluqda sizinkiləri keçib. Hər şey öz qaydasında olacaq, problem yaşamayacaqsınız.

–Nə deyirəm ki…

–Bax belə… Sən elə ilk gündən Con Braunun da xoşuna gəlmisən. O dedi ki, Zərdüştü əməlli-başlı başa sal. Qoy, indidən həyatın nəbzini tutsun.

–O da baş üstə!

–Bir də mənim sənə bir qardaş məsləhətim var. Culyetta ilə mehriban davran. Sev onu. Elə et ki, o da səni sevsin. Sonra da zamanı gələr, onunla evlənərsən…

–Sən nə sarsaqlayırsan, Niger? Bəs o, Con Brauna məxsus deyil? Bunu özün demişdin axı…

–Burda hər şey, hamı Con Brauna məxsusdur. Maya da əvvəlcə ona məxsus idi. İndi isə mənim arvadımdı.

–Mən bunu bacarmaram. Mən sən ola bilmərəm, Niger.

–İndi sən məni maymaq hesab edirsən? Bu boyda ölkənizdə bir nəfər tapılmayıb ki, Maya kimi mələk görünüşlü dünya gözəli ilə evlənsin. Mən – qara zənci, afrikalı, adam yerinə qoymadığınız biri gəlib onunla evləndim. İndi İngiltərəyə yola düşürük. Orda şirkətimizi quracağıq. Bir ömür xoş günlər yaşayacağıq. Con Braunun da oğlunu oğulluğa götürmüşəm. Öz oğlumuz da öz yerində. Normal – ağ adamlar kimi yaşamaq üçün bundan başqa mənə nə lazımdır…

 

–Mən sənin yerinə ola bilmərəm. Mən Maya kimi bir qadınla, lap elə dünya gözəli olsun, evlənə bilmərəm.

–Demək istəyirsən ki, Maya pozğundur? Qızcığaz nə etsin ki, gənclik yaşlarında qızların bəhsinə düşüb, yaşlı bir kişiyə vurulub. Cəmisi bir neçə dəfə görüşüblər. Sonra başa düşüb ki, bunlar tay deyil, hissləri də ötərgidir.

–Sən öz arvadının keçmişi ilə bağlı necə də rahat danışırsan e…

–Bəs sən gedib kim ilə evlənəcəksən? Maymaqlığından gündə birinin aldadıb fırlatdığı bir ev qızı ilə? Sizin oğlanlar dildən pərgardır. O dil ki, onlarda var, ilanı da yuvadan çıxardarlar. Heç qızlarınız da onlardan geri qalmaz. Küçədə ərəbləri görən kimi özləri göbəklərini açıb göstərirlər, nədi, nədi, pulludurlar. Buna nədir sözün?

–… – Zərdüşt sadəcə baxırdı.

–Həə… indi dillən… Sözün yoxdur ki…? Onda bir az ağıllı ol. Con Braun yaşlı, həm də yaxşı kişidir, pulu çox olsa da, o murdar ərəblərin tayı deyil. Culyetta ilə uzaqbaşı bir il şur-mur fırladacaq. Sonra da, lap bir uşaq da doğsun. Bu, sizin üçün yaxşıdır, Con Braunun bir əli daima kürəyinizdə olacaq. Beş ildən sonra siz də Londona gələrsiniz. Yoxsa, gedib, Allah bilir, hansı kəndçinin, kasıbın, cındırından cin ürkənin birinin qızını alacaqsan. O da nə sevgi qanır, nə məhəbbət. Nə yanına salıb gəzməyə apara biləcəksən, nə də ziyafətlərə, görüşlərə…

–Mənə dərs vermə, zənci Niger! Düzdür, bizim qızlar qapalı böyüyürlər, sevgi-məhəbbətdən çox da anlamırlar. Elə yaxşı ki, anlamırlar, yoxsa onları heç kim almaz, evdə qalıb qarıyarlar. Bizim də papağımızı heç vaxt yerə soxmurlar, başımızı aşağı eləmirlər.

–Sən nə danışırsan? Buna yaşamaqmı deyirsən? Məgər siz adam kimi yaşayırsınız? Marketlərinizi də gördüm, çörək, şirniyyat bişirən sexlərinizi də. Hamısı axşamadək eşşək kimi işləyirlər. İşçiləri demirəm heç, müdirləri günorta ya dönər yeyir, ya bulku gəvələyirlər. Rahatlıqla oturub bir qarın normal yemək də yemirlər. Siz buna yaşamaq deyirsiniz…?

–Düzdür, mənim babalarım, ulu əcdadlarım min illər boyu zillət içində yaşayıblar. Əllərinin qabarı ilə qazandıqları bir tikə yavan çörəyi yeyiblər. Başqasının qazancında, başqasının torpağında, başqasının arvadında gözləri olmayıb.

–Ayıl, Zərdüşt, ayıl. Elə bu düşüncəylə də torpaqlarınızı itirmisiniz. Məmləkətinizin qazancını bütün dünya sümürüb aparır. Siz hələ də “babam, nənəm belə yaşayıb” deyib durmusunuz. İndi bütün dünya müasirləşir, avropalaşır. Həyatdan zövq almağı bacar, dünyaya Avropanın pəncərəsindən, özü də avropalının gözü ilə bax. Gəl, gəl gedək. Con Braun bizi gözləyir.

–Mən getmirəm, Niger.

–Necə getmirəm?

–Daha gedəsi olmadım. Mənə nə Con Braun, nə avropalaşmaq, nə də belə təmtəraqlı həyat tərzi lazım deyil.

Zərdüşt fikrini qəti bildirib liftin düyməsini basdı. Qapı açılan kimi liftə daxil oldu.

–Zərdüşt. – Niger səsləndi, liftin qapısı bağlandı. – Bu ki, dəlidir…

Birinci mərtəbədə iyrənc ayaqyolundan çıxırmış kimi “…Plaza” yerləşən binanı yüyrək addımlarla tərk etdi. Parka çıxdı. Gözləri bir anlıq Ramini axtardı, bir anlıq onu öz yerində təsəvvür etməyə çalışdı. “Görəsən, mənim yerimə Ramin olsaydı, o, necə edərdi? Cülyetta kimi gözəl bir qızı əldən buraxardımı?”

Bir vaxtlar Cəfər Xəndanın adını daşıyan parkla yoluna davam etdi. Yönünü binalar görünməyən, alçaq, yöndəmsiz dam örtüyü olan yaşayış massivinə tərəf tutdu.

“Görəsən, bu yol onu hara aparacaqdı?” Zərdüştün beynində qeyri-müəyyənlik dolaşırdı.

Hər hara aparacaqdısa zənci Nigerin təriflədiyi səmtə aparıb çıxartmayacaqdı. Bunu Zərdüşt dəqiq bilirdi.

Рейтинг@Mail.ru