–Alo, eşidirəm.
–Sabir müəllimdi?
–Bəli.
–Buyurun, danışın. Sizinlə Taun Əlehinə Mərkəzdən danışmaq istəyirlər.
dəqiqə dalağım sancdı, danışmaq istəyən Sənəm olacaqdı. Axı o, həmin mərkəzdə laborant işləyirdi.
–Bəli, bəli, eşidirəm. – Tam ciddiliklə cavab verdim.
–Sabir müəllim! – Sənəmin səsini dərhal tanıdım. Həmişə mənə “əmi” deyə müraciət edən Sənəm bu dəfə “müəllim” kəlməsini işlədirdi, özü də həzin, məlhəm bir səslə. Vücudumdan qəribə bir gizilti keçsə də özümü o yerə qoymadım. – Mən indi işdən çıxıram. “9 fevral” metrosunun çənub çıxacağında “Çudo peçka” var, orada olacam. Ürəyin istəyirsə, gəl, birlikdə kofe içək. Danışmaq lazımdır.
Sakitcə, sağollaşmadan belə telefonu bağladım. Bunlar da türk seriallarından söz öyrəniblər: “Danışmaq lazımdır!” Sənə lazımdır? Mənə yox! Maraqlıdır, bu nə jest idi? Baş aça bilmədim. Sənəm mənim telefon nömrəmi necə əldə etmişdi? Bir də… bütün bu söz-söhbətdən sonra…
“Ay səni, şeytan. Belə könlün var idi, mənə qarşı isti duyğuların oyanmışdı, bunu açıqca deyərdin də… Day bu qədər söz-söhbət, şər-şəbədə nəyə lazımdı? Yox, yox, ehtiyatlı olmaq lazımdır, bu gəlindən nə desən gözləmək olar. Bəlkə dindar bacısının məsləhəti ilə növbəti şər-şəbədə hazırlanır? Sabir, sən onun görüşünə getsən səfehdən də səfehsən!”
Bu zaman telefonuma mesaj gəldi. Açıb oxudum: “Sənin öpüşünün alovu hələ də alnımı yandırır. Məni indiyə kimi heç vaxt belə ehtirasla öpən olmamışdı. Gözləyəcəm, gəl”.
Səhər yuxudan oyananda yoldaşımın yazdığı siyahı stolun üstündə idi, dərhal gözümə sataşdı. Tez telefonumu götürüb gələn mesajlara baxdım, əlillik təqaüdüm hələ köçürülməmişdi, köçürülsəydi mütləq mesaj gələrdi. “Bəs deyirdiniz bütün təqaüdlər artıqlaması ilə bayrama qədər köçürüləcək…” – ürəyimdə nazirlik rəsmilərinin də, məlumatı efirdə səsləndirən aparıcıların da qarasına deyindim.
Könülsüz-könülsüz siyahını götürüb baxdım. “Bir hicaz toyuğu, aşın altına qoymağa, bir kiloqram yarım uzun düyü, 200 qram ən ucuz yağ, bir səba toyuğu, duxovkada qızartmaq üçün…” Elə beləcə də yazılmışdı. Vəssalam. Kompot, marinat evdə varıydı, yaydan tədarük olunmuşdu. Uzaqbaşı iki-üç çörək əlavə etməliydim. Vur-tut, hesablasaydım, heç on beş manat eləməzdi. Çox şey istəmirdi ki, həyat yoldaşım. İyirmi manat qazana bilsəydim, özümü bəy balası kimi hiss edərdim. Nə qədər olmasa da, mən axı milyonçu ölkənin vətəndaşıyam.
Amma bu iyirmi manatı harada və necə qazanmalıydım? Bax, əsl problem də elə bu idi. Heç fiziki cəhətdən tam sağlam olanlar səhər obaşdan evdən çıxıb axşama iyirmi manat pulla qayıda bilmirlər. O ki, ola əlil, Qarabağ əlili, ayağının biri dizdən aşağı protez. Hardan və necə qazana bilərdim bu on beş-iyirmi manatı?
Bir yandan bu fikirlər beynimi dolaşdırırdı, bir yandan da gecəki yuxunun təsirindən çıxa bilmirdim. Gecə yuxuda görmüşdüm ki, hardayıqsa, bir bərli-bəzəkli hündür binanın yaxınlığındayıq, çoxlu adam toplaşıb, sanki böyük izdihamdır. Yekəpərin biri əllərində paçka-paçka pul ortada gəzib camaata paylayır. Biz iki nəfər qalmış pul paylamağı dayandırdı. Baxdım ki, hələ pulu qurtarmayıb, əlində xeyli pul var. “Bəs bizə niyə vermirsən?” – deyə soruşdum. Qayıtdı ki, özüm bilərəm. Day özüm bilərəm, özüm bilərəm, mən ona nə deyə bilərdim?..
Deməkdən də artıq yorulmuşdum. Müharibədən sonrakı bu iyirmi beş ildə deyə bildiklərimi hamıya deyib qurtarmışdım. Dediklərimin də heç bir təsiri olmamışdı. Məmura demiş, ya lay divara demiş, eyni şeydi, heç bir təsiri, əks-sədası, nəticəsi olmurdu. Yavaş-yavaş elə mən özüm də həmin məmurlardan birinə çevrilmişdim. Ayda bir dəfə işıq müfəttişi gəlib danlayırdı ki, niyə borcunu ödəməmisən? Qaz müfəttişi sayğacın üstünə quraşdırılmış plasmas qutunun sındırıldığını irad tuturdu. Su müfəttişi həyətdəki ağacları niyə içməli su ilə suvardığımı başıma qaxac eləyirdi. İncəvara, nə işığımı kəsirdilər, nə də cərimə eləyirdilər. Bax, beləydi mənim günlərim…
Hə, hələ qonşuların tənəli baxışlarını demirəm. Dalbadal növbəyə düzülən toylar, hüzür yerləri gələndə az qalırdım ki, qaçıb toyuqların hinində gizlənəm. Olmuşdum məmurlardan biri. Hamının danlağını qulaqardına versəm də bircə həyat yoldaşımın buyruğunu yerə sala bilmirdim. Zalımın qızı çox şey istəmirdi ki…
Ömrü boyu qızıl, brilyant adı tutmamışdı. Son beş ildə təzə paltar aldığı yadıma gəlmir. Xalalarının, əmiqızlarının köhnəsini alıb gətirər, ora-burasını düzəldib geyinərdi. Yamağı elə vururdu ki, elə bilirdin fabrik bəzəyidir, müasir dəbdir. Bir sözlə, istədiyi ancaq evin dolanışığıydı. İşığımız yansın, qazımız, suyumuz gəlsin, bir də qazanda bişirməyə bir şeylər olsun.
Uşaqlar yuxudan durmasın deyə sakitcə mətbəxə keçdim. Çayı qızdırmaq üçün qazı yandırdım. Çaydanı qazın üstünə qoymuşdum ki, zəng gəldi. Telefonu cibimdən çıxardıb baxdım, ekranda “Həmzə” yazılmışdı.
Həmzə mənim əsgərlik yoldaşımdı, müharibədə bir yerdə olmuşduq. İkimiz də eyni gündə yaralanmışdıq. Çox dəqiq, hətta məndən də dürüst birisi idi. Seyrək əlaqə saxlayardıq, amma faydalı işlərdə mütləq bir-birimizi itirib-axtarardıq. Bildim ki, elə-belə zəng eləməyib. “Bu səhər-səhər xeyirdimi? Yəqin bayramı təbrik etmək istəyir” – deyib yaşıl düyməni basdım.
–Sabahın xeyir, Təhmasib! – Xəttin o başından səsini eşitdim, yuxulu idi, amma təmkinli danışırdı, ölüb-itən yoxuydu, deyəsən.
–Aqibətin xeyir! – Mən də təmkinlə cavab verib fasilə etdim, həm uzun-uzadı hal-əhval tutmağı xoşlamırdım, həm də imkan yaratdım ki, sözünü desin.
–Botanika bağına gələ bilərsənmi?
Hirs vurdu başıma! “Ə, indi botanika bağı yeridir?! Kefdəsən? Botanika bağında gəzintiyə çıxmaq istəyirsən?” – birtəhər hirsimi boğdum.
Həmzə yataqxanada tək yaşayırdı. Yoldaşı əlil təqaüdünə yaşamağa duruş gətirə bilməmişdi, ayrılmışdı. Oğlunu da götürüb atası evinə qayıtmışdı. Dərnəgüldə mebel alveri ilə məşğul olan qardaşları öz yanlarında işə düzəltmişdilər. Deyirlər bəzi qadınların tamahı Həzrət Əlinin Zülfüqar qılıncından itidir. Pulu, dolanışığı yaxşı olsa da Həmzənin yaxasından əlini çəkmirdi. Uşağın alimentini alır, üstəlik, paltar, təhsil, müalicə və başqa xərclər üçün də vaxtaşırı pul tələb edirdi.
–Xeyirdimi? – Özümü toplayıb soruşdum.
–İnşallah, xeyir olar. Burda bir qrup əlil qardaşlar, bacılar toplaşmışıq, nazirliyə, nazirin qəbuluna gedəcəyik.
Son vaxtlar Həmzə dindar olub dindarlara qoşulmuşdu, namaz qılırdı, oruc tuturdu, ibadətlərini edirdi. Pis vərdişlərdən tamamilə kənarlaşmışdı. “Qardaşlar, bacılar” deyəndə az qaldı gülmək məni tutsun. Camaat öz qardaşına qardaşlıq edə bilmir indi… “Görüm, bacısız qalasan səni, vallah, demişdim. Öz arvadından bərk yarıdın, indi də gedib “bacılar” dediklərinlə bir arada toplaşırsan. Day bilmirsən ki, yad qızı elə yad qızıdır…”
–Nazirlikdə nə işimiz var?
–Bəs bu gün əziz gün deyil?! İlaxır çərşənbəsidir axı… dalıncan da bahar bayramı gəlir. Nazir çərşənbə, bayramımızı təbrik edəcək.
–Nə danışırsan? – Sevinclə soruşdum, gözlərimə işıq gəldi, qəlbim fərəhləndi.
–Həə… Deyirlər ki, adambaşına iki yüz manat pul verəcək.
Şadlığımdan bilmədim neyləyim, telefonu bağrıma basıb öpüm, yoxsa xəttin o başındakı Həmzəni…
–Tez gəl. Elə olsun ki, nazir işə gələndə bizi görsün.
–Nazir saat neçədə işə gəlir?
–Sən nə qəribə adamsan! Heç xəbərin yoxdur ki, bunlar hamısı saat onda işə gəlirlər…
–Gəlirəm. – Sevincək cavab verib telefonu söndürdüm.
Kefim yüz biri vururdu. Sevindiyimdən nə çay içdim, nə də bir tikə çörək yedim. İki yüz manatın sədası məni doydurmuşdu.
Hazırlaşıb çıxdım.
İki yüz manat… İki dənə qıpqırmızı yüzlük, istisi az qalırdı sifətimi qarssın. Təsəvvür eliyə bilmirdim. Aylıq təqaüdümün yarısından çox idi. Yuxusunu da görmüşdüm. Amma heç inana bilmirdim. Ya mənə çatanda pul qurtaracaqdı, ya da nə isə başqa bir hoqqa çıxacaqdı…
Deyirdilər, yuxu tərsinə yozular, mənim yuxularımsa həmişə çin olurdu. Eybi yox, mənə çatmasa da, heç olmasa onlara paylasınlar, iyirmi manat Həmzədən borc alaram, bu, evə boş qayıtmaqdan yaxşıdır.
Avtobusda tez-tez əlimi cibimə salıb əlillik vəsiqəmin yerində olub-olmadığını yoxlayırdım. Avtobusda yaman basabas idi, belə bir əziz gündə, ilaxır çərşənbə günündə bu qədər adam hara gedirdi, görəsən? Eşitmişdim ki, belə basabas avtobuslarda cibgirlər olur. Onları şübhələndirməyə də qorxurdum. Hər dəfə əlimi cibimə salıb vəsiqəni yoxlayanda fikirləşirdim ki, mütləq görüb şübhələnəcəklər. Düşünəcəklər ki, yəqin cibimdə pul var deyə narahatam. Onlara nə var. Cibdə pul tapmayanda acığa düşüb vəsiqəmi çəkərdilər. kim idi mənə vəsiqəsiz iki yüz manat pul verən. Heç əlilliyimə inanmayacaqdılar da, nə olsun ki, çəliklə gəzirəm. Əlilliyi qanan olsaydılar, elə avtobusdakılar da qanardılar. Bayaqdan ayaq üstə qalmışam, heç olmasa cavanlardan kimsə durub yerini mənə verərdi…
Botanika bağının qabağında avtobusdan düşdüm. Burada xeyli adam toplaşmışdı, içində qadın da vardı, kişi də, uşaq da… çəlikli də, çəliksiz də. Elələri vardı ki, lap qucaqda olan balaca uşaqlarını da gətirmişdi.
Avtobusdan düşüb camaata qoşuldum. Onlar sanki mənim gəlişimi gözləyirmişlər, komandasız-filansız hərəkətə gəlib üzü aşağıya yön aldılar. Bəlkə də kimsə komanda verdi, ya əli ilə işarə verdi, sadəcə mən görüb-eşitmədim.
–Əkrəmdən bir dənədi. – Qadınlardan kimsə dilləndi.
–Əkrəm oğuldu, oğul. Onu Allah saxlasın. – Bunu başına çalma bağlamış bir arvad dedi, 65-70 yaşlarında olardı, nədənsə diqqətimi çəkdi.
Beləliklə, hərə bir söz deyir, gedirdik. Bu Əkrəm kim idi, arvadlar onu niyə tərifləyirdilər, baş açmırdım, ancaq təxmin edirdim ki, hər kimdirsə, nə vaxtsa burda toplaşanlara yaman yaxşılığı keçib. Yoxsa, kütlə boş-boşuna adam tərifləməz…
Gözüm camaatın arasında Həmzəni axtarırdı…
Sısqa yağış yağırdı, külək də əsirdi…
Külək hərdən güclənir, yağışı şiddətləndirir, camaatın üzünə çırpırdı.
Birdən baxdım ki, Vəli də camaatın arasındadır.
–Ə, Vəli, sən burda neyniyirsən? – Əl verib görüşdüm.
Vəli tezcə şəhadət barmağını dodaqlarına apardı, yəni sən sus.
Vəli nə əlil idi, nə də məcburi köçkün. Heç müharibədə iştirak da etməmişdi. Sağlamlığı da yerindəydi, elə bil buz baltasıydı. Yanında da iki gənc soyuqdan tir-tir əsir, naəlac qalıb addımlayırdı, vid-fasonlarından tələbəyə oxşayırdılar.
–Bunlar kimdi? – Astadan soruşdum. – Bunların burda nə işi var?
Mənim təsəvvürümdə burada toplaşanlar ya əlil olmalıydı, ya məcburi köçkün.
–Tələbələrdi, çağırdım ki, onlar da bayram payı alsınlar.
Daha heç nə demədim.
Nazirliyin qabağına çatanda orada yola yaxın yerdə divarın dibində on-on beş nəfərin dayandığını gördük. Yağışın və küləyin şiddətinə baxmayaraq kefikök görünürdülər.
–Deyəsən, çörək iyi gəlir ha… – Gələnlərdən kimsə onlara söz atdı.
–Nazir indicə keçdi. – Papağının qulaqlarını aşağı sallamış biri siqaretini sümürüb ağzındakı tüstünü göyə üfürərək gülümsəyib cavab verdi. – Bizi görcək əlini yelləyib salamladı. Yəni ki, gözləyin.
Burda duranların şad xəbəri ağız-ağız dolaşdı, hamının canına bir istilik gətirdi.
Bir-birimizə qısıla-qısıla divarboyu düzüldük. Külək və yağış arada elə şiddətlənirdi ki, nəfəs almağa belə imkan vermirdi, lap əhədimizi kəsirdi.
Telefonumu cibimdən çıxardıb Həmzəyə zəng vurdum, gəldiyimi bildirdim.
–Mən içəridəyəm, qəbul şöbəsində. İndi bir şey öyrənib deyərəm.
–Deyirlər, nazir gəlib keçib. Camaatı görüb, salamlayıb.
–Hə, elə deyirlər. Görək də…
Yaman ümidliydim. Həmzəyə çox inanırdım. O, indi nəsə edəcəkdi. Yoxsa, mən burda nə gəzirdim. Basırıq olsa, camaatın arasında itib-batardım.
Bir saata yaxın beləcə gözlədik. Əlillər üşüməmək üçün siqaret çəkir, köhnə xatirələrini danışır, öz aralarında zarafatlaşırdılar.
Əlillərdən biri ucadan danışırdı.
–Baxın, diqqətli olun. İndilərdə kimsə gəlməlidir, camaatı siyahıya almalıdır.
–Həə, həmişə belə olur… – O birisi onun sözünü təsdiqlədi.
–Nə siyahıbazlıqdır! – Başqa birisi onun sözünə etirazını bildirdi. – Bir belə adamı burda, bu yağışın, küləyin qabağında siyahıya almaq olar..?
–Bəs nə təklif edirsən?
Guya ki, bunların təklifini soruşan vardı… Guya ki, nazir bunların sözü ilə hərəkət edəcəkdi. Elə də arxayın-arxayın danışırdılar ki, elə bil nazir bunlardan hansınınsa bacısı oğluydu.
–Yuxarıda, bina ilə hasarın arasında boş yer var. Camaatı yığsınlar ora, pulu paylayıb buraxsınlar.
–Sən lap qoyunu mağala yığıb sağdıran baş çoban kimi danışırsan…
–Sən lap hərbi strateglər kimi danışırsan… Böyük əməliyyatçısan.
Hərə bir söz deyirdi…
Bu zaman nazirliyin qabağından biri tövşiyə-tövşiyə gəldi.
–Orda deyirlər ki, ancaq əlillərə. Qalanları gözləməsinlər.
–Nə danışırsan? – Ağzı yaşmaqlı, dolu bədənli bir qadın dilləndi. – Başlarını yararam. Martın yeddisi bütün günü burda yağışın altında siyrik vurmuşam. Müavin özü məni görüb. Deyib ki, martın on doqquzu gəlin, hamınızı yola salacağıq.
Qırx-qırx beş yaşlarında olan arıq, sısqa bir kişi qabağa yeridi. O, əlil arvadı, üç uşağı ilə gəlmişdi. Uşaqlardan ikisi azyaşlıydı, birini – lap balacanı qucağına almışdı, o biri balacanın isə – hardasa 4-5 yaşı olardı, arvadı əlindən tutmuşdu.
–Mən onlara göstərərəm ancaq əlillərə… Bəs biz zəlillər neyləməliyik, – dedi. – Biz adam deyilik? Biz bayram keçirməməliyik? Normal bir iş versin, gedib işləyim, ailəmi özüm dolandırım. Kopoyoğluyam əyə bura gəlsəm…
–Uşaqlarına yazığın gəlsin. Onları burda saxlayıb sətəlcəm eləmə. – Yaşlı kişilərdən kimsə tövsiyyə verdi.
–Uşaqlara görə burdayıq. – Arvadı cavab verdi. – Uşaqlar olmasa kimdi bizi sayan…
–Onda get gir içəri. Sözünü de. De ki, soyuqdur, uşaqlar xəstələnəcəklər, insafınız olsun.
Deyəsən, ərinin ağlına batdı. Arvadı ilə uşaqlarını da götürüb binaya tərəf getdi. Dayanmadan binanın giriş qapısına yaxınlaşdı. Qapıda dayanan polis nəfəri ilə əl-qol ölçə-ölçə xeyli danışdı. Sonra geri qayıtdı. Ağacın dibinə qısılıb bir siqaret yandırdı.
Həmzəyə zəng eləmək istəyirdim ki, özü gəlib çıxdı.
–Nə fikirləşirsən? – Soruşdum.
–Hər şey əllinin əlliyədir. – Yenə öz fəlsəfəsini atdı ortaya.
–Yəni nə?
–Ola da bilər, olmaya da bilər.
–Bəs onda məni bura niyə çağırmısan?
–Evdə oturub nağayıracaqdın? Dur burda, bəlkə alındı.
Onun belə danışmağı olub-qalan ümidimi də üzdü.
–Gecə yuxusunu da görmüşdüm. – dedim.
–Yuxular tərsinə yozular. – Bayaq tanış olduğumuz Aydın belə dedi.
–O yuxuları ki, mən görürəm, onlar ancaq düzünə yozulur. – Mən də inadımdan əl çəkmədim.
–Lap yaxşı. – Vəli də söhbətə qoşuldu. – Deməli, pul paylanacaq! Sənə və daha bir nəfərə çatmasa da olar. Adama beş-on manatdan yığıb sənə də bayram payı düzəldərik, evə əliboş getməzsən.
Vəli mənə ürək-dirək verdi. Baxdım ki, bayaq Vəlinin yanında olan tələbələr yoxdur.
–Bəs tələbələr hanı?
–Dözə bilmədilər. Üşüdülər, çıxıb getdilər.
–Deyəsən elə ən ağıllı işi onlar görüblər.
–Baxın! – Aydın aydınlıq gətirdi. – Elə nazirlik işçilərinin istədiyi də budur. Əsas odur ki, nazir keçəndə camaatı özü görüb. Bunlar istəyir ki, adam azalsın. Nazirdən çox pul qoparıb camaata az paylasınlar.
–Artığını da öz ciblərinə qoysunlar. Eləmi?
–Əlbəttə!
Elə bu vaxt nazirlik rəsmilərindən bir nəfər binadan çölə çıxdı.
–Avratlar, irəli! – Kimsə komanda verdi.
Beş-altı arvad qabağa düşüb binaya tərəf getməyə başladı. Kütlə onların arxasınca düşdü.
Biz də yaxınlaşdıq ki, görək nazirlik rəsmisi nə deyir.
Nazirlik rəsmisi orta yaşlı, dolu bədənli birisiydi, çox da hündürboylu deyildi. Əynində bahalı göyümtül kostyum vardı.
–Əkrəmin köməkçisidir, tanıyırıq. – Kimsə tanışlıq verdi.
–Sizə kim deyib bura toplaşmısınız? Kim deyib ki, nazir bayramınızı təbrik edəcək? – Əkrəmin köməkçisi yaman diri-diri danışırdı.
–Necə yəni kim deyib? – Bayaqkı ağzı yaşmaqlı, dolu bədənli arvad cocudu. – Martın yeddisi müavin özü şəxsən mənə deyib.
–Bayaq nazir özü keçəndə də bizi gördü, əlini yellədi, yəni ki, gözləyin. – Kişilərdən biri qadının sözünə qüvvət verdi.
–Əkrəm xeyirxah adamdır.
–Hər il belə edir.
–Bizi heç vaxt naümid qoymayıb.
–Allah onun canını salamat eləsin.
Arvadların səsi bir-birinə qarışdı.
–Yaxşı, gözləyin, mən indi məruzə edərəm, görək nə deyir.
Əkrəmin köməkçisi dedikləri adam qayıdıb binaya daxil oldu. Camaat isə sevinə-sevinə bayaqkı yerinə – hasarın dibinə axışdı. Hava heç açılmaq bilmirdi. Yağış yağır, yağırdı, külək də ara vermədən əsirdi. Corabımıza qədər islanmışdıq, soyuq lap iliyimizə işləyirdi.
–Vəli, necəsən? – Hiss etdim ki, soyuqdan tir-tir titrəyir.
–Mən heç Sibirin soyuğundan qorxmamışam. – Vəli özünü sındırmadı.
–Buranın soyuğu daha təhlükəlidir, nəmişlikdir, rütubət çoxdur. – Aydınlıq gətirdim.
Beləcə, söhbət edə-edə daha bir saatı yola verdik getdi. Deyəsən, yağış bir az səngimişdi, külək isə öz şıltaqlığından əl çəkmək istəmirdi. Birdən bayaqkı göyümtül kostyumlu nazirlik işçisi, Əkrəmin köməkçisi dedikləri adam binanın qapısında göründü.
–Avratlar, irəli! – Qeyri-ixtiyarı həmin komanda səsləndi.
Arvadlar qabaqda, kişilər də onların arxasınca qapıya doğru axışdılar. Soyuğun iliyə işləməsinə baxmayaraq xəcalət təri məni basdı. Bir bayram payından ötrü, o da olacaqdı, ya olmayacaqdı, bilmirdik, oğlum yaşında birinin, nazirin köməkçisinin qabağına yüyürməyimizə utandım. İnanın, yer yarılsaydı, yerin altına girməyə razı olardım, nəinki onun qabağında aciz-aciz boynumuzu büküb gözləməyə… Tüpürəsən belə yaşayışa. Bu nə həyat idi bizə yaşadırdı Tanrı?
Papağımı yuxarı qaldırıb alnımın, boynumun tərini səhərdən burnumu silməkdən nəmləmiş cib dəsmalımla sildim.
Axın böyük idi deyə binanın qabağında nə danışdıqlarını eşidə bilmirdim. Saata baxdım, on iki qırx yeddini göstərirdi. Əkrəm dedikləri nazir öz əshabələri ilə hardasa bir neçə dəqiqədən sonra nahar fasiləsinə çıxacaqdı. Bayramqabağıydı deyə qısaldılmış iş günü hesab olunurdu. Nazirliyin bütün işçiləri nahar fasiləsinə yollanacaq və geri qayıtmayacaqdılar. Binada bir neçə nəfər növbətçilik çəkənlər qalacaqdı. Bunu dəqiq bilməsəm də ehtimal edirdim, fəhmim mənə belə deyirdi.
–Yaxşı, burada durmayın, keçin qəbul otağına. İndi tapşırıq veriləcək, sizinlə məşğul olacaqlar.
–Allah sizi qorusun! – Başı çalmalı qadın bunu deyib qabağa düşdü, axın binanın yan tərəfinə yön aldı.
Qəbul otağına giriş binanın sol tərəfindən idi.
–Durun! – Özümdən asılı olmayaraq səsləndim. – Getməyin!
Göyümtül kostyumlu məni tərs-tərs süzüb binaya daxil oldu.
–Sən nə danışırsan e… – Kimsə mənim sözümə ağzını büzdü. – Eşitmədin? Kişinin oğlu dedi ki, indi tapşırıq veriləcək.
–Nə tapşırığı? İndi onlar aradan çıxacaq. – Mən də əsəbi cavab verdim. – Demədi ki, camaatı təbrik edib yola salacaqlar. Dedi məşğul olacaqlar. Məşğul olmaqları isə, indi görəcəksiniz necə olacaq.
Çəliklilər çəliklərini taqqıldada-taqqıldada məni tərs-tərs süzərək yanımdan keçib getdilər, binanın sol tərəfində qəbul otağına doluşan camaata qarışdılar. Əllərində əlacları olsaydı çəlikləri ilə təpəmi odlayardılar. Çəliklərini yerə düzülmüş səki daşlarına bərk-bərk döyəcləyərək hirslərini ağlı-qaralı bəzək daşlarının üzərinə tökürdülər.
Qəbul otağı çox da böyük deyildi, harda isə səksən-doxsan adam güclə yerləşərdi, ora adamla zıxçama dolmuşdu. Adamların qalanları pilləkəndə və binanın yan tərəfində sıxlaşmışdılar ki, imkan yaranan kimi qəbul otağına soxulsunlar.
Bu vaxt iki nəfər nazirlik işçisi əllərində kağız, qələm, gəlib divarın dibinə qısılaraq siyahı tərtib etməyə başladılar. Bayaq məni kinli-kinli süzən çəliklilərdən biri üzünü mənə tutmasa da ünvanıma deyinməyə başladı.
–Bildiklərini də danışırlar, bilmədiklərini də. Görürsünüz ki, Əkrəm yekdir.
–Əkrəm qardaşdır. – O biri çəlikli də onun səsinə səs verdi.
–Allah onu min budaq eləsin! – Pilləkəndə dayanan arvadlardan biri bunu eşitcək dilləndi.
Binanın tinində dayanmışdım deyə o biri tərəfdən çıxan maşın kartejini gördüm. Dörd-beş zil qara rəngli maşın şütüyüb yola çıxdı və sürətlə uzaqlaşdı.
–Getdilər! – İstəməsəm də dedim.
Bu dəfə çəliklilərlə bərabər nazirlik işçiləri də məni tərs-tərs süzdülər, amma heç nə demədilər.
Daha bir neçə dəqiqə keçdi. Siyahı vərəqini doldurdular. Nazirlik işçilərindən biri o birisindən də siyahını alıb dedi:
–Mən siyahını içəri keçirirəm. Sən o biri tərəfdən de, pəncərəni açıb qəbul eləsinlər.
“Deməli, bunlar da aradan çıxırlar. Bu qədər adamı aldatmaq nə qədər asan imiş?” – deyə fikrimdən keçirdim.
–Axı hamını yazmadınız… – dedim.
–Sən qarışma. – Yaxınlığımda duran çəliklilərdən biri hirslə qulağıma pıçıldadı, bu dəm lap çəliyini başıma endirəcəyini də gözləyirdim. – Onlar nə etdiklərini yaxşı bilirlər.
Bu dəm telefonuma zəng gəldi, Həmzə idi.
–Hə, eşidirəm.
–Sən hardasan?
–Çöldəyəm.
–Mən qəbul otağındayam. Burda bütün pəncərələr bağlıdır. Orda nə var, nə yox?
–Heç nə. Əkrəm getdi. Burda siyahı yazırlar.
–Fikir vermə, boş şeydi.
–Nə boş şeydi? Əkrəmin getməyi, yoxsa siyahı tutmaqları?
–Elə hər ikisi. Keç gəl içəri.
Elə bu vaxt siyahıları götürüb içəri keçmək istəyən nazirlik işçisi pilləkənlərlə yuxarı qalxmağa cəhd göstərirdi.
–Yol verin, yol verin, siyahını içəri keçirsinlər. – deyib nazirlik işçisinin arxasınca düşdüm ki, görüm bu oyun nə vaxt və necə bitəcək.
Adamları itələyə-itələyə, “zəhmət olmasa, yol verin”, deyə-deyə birtəhər pilləkənlərin yuxarısına qalxdıq.
–Mustafayev Rizvan, Cəfərov Sadiq! – İçəridəki kişilərdən kimsə sanki siyahı oxuyurmuş kimi tanıdıqlarını səsləyirdi.
–Canəliyeva Gülpəri, Hətəmova Yazdagül! – Qəbul otağının girəcəyində gur toplaşan qadınlardan da biri eyni imitasiyanı təkrarlayırdı, tanıdığı qadınların adlarını çağırır, məzələnirdi.
–Deyəsən, qızışıblar, soyuğun təsiri keçib. – dedim.
Adamları yara-yara birtəhər qapıdan içəri keçə bildik.
–İmkan verin, siyahını pəncərəyə çatdırsın. – Ucadan səslənirdim ki, camaat yol versin.
Güc-bəla ilə adamların arasından keçib sağ küncdəki pəncərəyə yaxınlaşdıq. Pəncərənin şüşələri tünd qara rəngli idi, görünür içəridən plyonka yapışdırmışdılar ki, çöldən içəri baxanda görünməsin. İçəridə oturanlar isə qəbul otağında gözləyənlərin hərəkətlərini izləyə bilsin. Baxmayaraq ki, dörd bir tərəfdə kamera quraşdırmışdılar, yenə də göz nəzarətinə ehtiyacları vardı.
Nazirlik işçisi pəncərəni döyən kimi arxadan açdılar, sanki onu gözləyirmişlər. Baxdım ki, bayaq çöldə ikinci siyahını yazan məmurdu. Mənim onu gördüyümdən siyahını cəld alıb pəncərəni bağladı. “Bu basa-basa düşməyin nə lüzumu, siyahını elə o biri qapıdan da apara bilərdilər” – deyə düşündüm.
Siyahı gətirən məmur gəldiyi kimi də çətinliklə camaatın arasından keçib geriyə qayıtdı.
Çəliklilərdən bir neçəsi siqaret çəkmək istədiklərini bildirdilər və nazirliyin əməkdaşının arxasınca çölə çıxdılar.
Kimsə sol tərəfdə divarımı, qapınımı möhkəm-möhkəm döyəcləməyə başladı.
–Açıııınnn!
–Niyə hörmətsizlik edirsiniz? – Qadınlardan kimsə səsləndi.
–Əkrəmdən də başqa nazirlər var. Gedin görüm, onların qapısına gedə bilirsiniz? – Başqa bir qadın ona qoşuldu.
Deyəsən, qapını döyürdülər, çünki ikinci dəfə döyəcləmədə qapı açıldı və yoğunqarın bir nazirlik işçisi ordan çıxdı.
–Nə var? Noolub? Niyə döyəcləyirsiniz? Voopşe, burda durmayın, çıxın bayıra.
Camaatı qapıya doğru itələməyə başladı.
–Çıxın də… Nə durmusunuz? Sizi o biri tərəfdə qəbul edəcəklər.
–Getdik o biri tərəfə. – Xoş xəbər eşidibmiş kimi pilləkənin başında duranlardan biri ucadan səsləndi. – O bir tərəfdə qəbul edəcəklər.
İndi də axın nazirlik binasının o biri tərəfinə yön aldı. Heç üçcə dəqiqə keçmədi ki, qəbul otağı boşaldı. Nazirliyin əməkdaşı içəridən qapını açarla bağladı, bu mənim diqqətimdən yayınmadı.
“Bu da son! Bu da toplaşanların dilindən düşməyən tərifli, gülməşəkər nazirin pərəstişkarlarına, fanatlarına bayram təbriki!” – deyə düşündüm və instikti olaraq axının arxasınca getdim.
Yağış kəssə də külək əsməyindəydi…
Camaat hasar boyu bayaqkı kimi bir-birinə sıxılaraq düzülmüşdülər.
“Yazıq camaat! Hələ də ümidlidirlər ki…”
Qadınlar iki-bir, üç-bir komalaşıb danışır, kişilər sakit-sakit siqaret çəkirdilər…
Beləcə, özlərinə təsəlli verirdilər.
Saat üçdə nahardan qayıdacağını, quş dimdiyində balalarına yem gətirdiyi kimi nazir də bir cib dolu onlara pul gətirəcəyini, onları bayram münasibətilə təbrik edib yola salacağını düşünürdülər. Necə də xoşbəxtdilər!
Uşaqları ilə gələn kişi lap balaca uşağını qucağına alıb o baş-bu başa gəzişir, havalanmış adam kimi öz-özünə danışırdı. Uşağın sifəti bayaq qıpqırmızıydısa, indi bozarmışdı, qanı çəkilməkdəydi.
–Uşağa yazığın gəlsin, xəstələndirəcəksən. – dedim.
da dönüb məni tərs-tərs süzdü. Bu gün hamı mənə günahkar kimi baxırdı, sanki mən qoymurdum nazir gəlib onları təbrik etsin, bayrampulu paylasın.
–Nə tərs-tərs baxırsan? Get onları başa sal! – Binanı göstərdim. – De ki, körpə uşaqlara yazığınız gəlsin, daha gözləyə bilmirlər.
Deyəsən, ağlına batdı. Söylənə-söylənə binaya tərəf getdi. Girişdə kiminləsə bir xeyli danışıb geri qayıtdı. Giriş qapıları şəffaf şüşədən olduğundan içəri görünürdü.
Hardasa, nahar fasiləsinin qurtarmasına az qalmış qadınlar nazir gələn yola yığışdılar. Onlar aldandıqlarını indi-indi dərk etməyə başlayırdılar, amma artıq gec idi. Nazir nahara getmişdi, çətin ki, qayıdardı.
Bəlkə də hələ dərk eləmirdilər. Sadəcə, gözləməkdən bezmişdilər deyə yola toplaşırdılar ki, nazirin qabağını kəsib bayram təbriklərini tezləşdirsinlər.
Doğrudan, bu nə münasibət idi? Zorla kimisə məcbur eləmək olarmı ki, sənin bayramını təbrik etsin? Məgər zorla mərhəmət olur?
Bu zaman iki ortaboylu, dolu bədənli, görünüşlərindən bürokrat məmurabənzər nazirlik işçisi binadan çıxıb onlara tərəf gəlirdi. İkisinin də başında kepkası vardı, əlləri ilə kepkalarının dimdiyindən bərk-bərk yapışmışdılar ki, külək başlarından çıxardıb aparmasın. Onlar yaxınlaşan kimi adamların dövrəsinə düşdülər.
–Nazir hamınızın bayramını təbrik edir!
–Sağ olsun!
–Var olsun!
–Allah onun canımı salamat eləsin!
–Əkrəmdən bir dənədi.
Yerbəyerdən səsləndilər, məmura sözünün gerisini deməyə imkan vermədilər.
–Sakit olun! İmkan verin görək nə deyir. – Qırmızımtıl şərfli kişi camaata çəmkirdi.
–Özünüzü yormayın. – Nazirlik rəsmisi davam etdi. – Sizdən kimsə hörmətsizlik edib, qəbul otağında olarkən qapını bərk-bərk döyəcləyib. Nazir də buna görə inciyib. Bayram payı olmayacaq. Bizi də incitməyin, özünüzü də, dağılışın evlərinizə.
–Necə olmayacaq?
–Neçə saatdır gözləyirik.
–Tezdəndən burdayıq. Onda deyəydiniz.
–Səhər-səhər deyəydiniz, biz də avara olub gözləməzdik.
–Yalan danışırsan, Əkrəm belə oğul deyil.
–O, heç vaxt bizi ümidsiz vəziyyətdə qoymayıb.
–Nə hörmətsizlik?! Qapı döyəclənəndə Əkrəm hardaydı ki? Özünüzdən söz çıxardırsınız.
Nazirlik rəsmisi əlini yuxarı qaldırdı ki, sakitləşsinlər.
–Bizə indi xəbər gəldi. Biz də dərhal çatdırdıq ki, daha gözləməyəsiniz.
Kənardakı yaşlı, dolubədənli qadın durub müşahidə edirdi.
–Sizi görüm qanınıza boyanasınız. – dedi. – Gör necə də haram yeyib şişiblər. İndi də pulu alıblar, istəyirlər ki, camaatı aldatsınlar.
Deyinən qadına diqqət artırdı. O, bunu görüb üzünü çəliklilərə tutdu:
–Nə üzümə baxırsınız? Ermənilərə gücünüz çatmayıb, çatmayıb. Bunlardan da qorxacaqsınız? Onların ikisini də al-qana boyayıb buraxın getsinlər rəislərinin yanına. Bax, bu olsun bayram təbriki. Yoxsa Qarabağda erməninin qabağında qıçınızın birin qoyub gəlmisiniz, bunlar deyəni də peysərə verirsiniz. Adınızı da qoymusunuz Qarabağ əlili. Hanı sizin hökmünüz?..
Nazirlik rəsmiləri əllərini sallayıb qollarını yelləyə-yelləyə çıxıb getdilər. Başı çalmalı, ağzı yaşmaqlı qadın onları arxadan səslədi.
–Bir dəyqə əyaq saxlıyın. – Məmurlar dayanıb geri döndülər. – Gedin nazirinizə deyin ki, onu görüm qan qussun. Elə sizi də, bu əziz gündən demişəm, qanınıza bələnəsiniz. Siz ki, bu gün bizə bir belə zülüm verdiniz…
Aydın qolumu dümsüklədi.
–Tanıyırsan o qadını?
–Yox! – Cavabını verdim. – Hardan tanıyım? Birinci dəfədir görürəm.
–Ona da “ağzı dualı Fizzə” deyərlər. On gün keçməz, duası qəbul olar, görərsən…
Camaat çaşqınlıq içində dinməz-söyləməz yavaş-yavaş dağılışmağa başladı.
Suyu süzülə-süzülə kor-peşman geri qayıtdım.
Evə girəndə plovun iyi ciyərlərimə doldu. Bəh-bəh!
–Qırmızı toyuğu uşağa kəsdirdim. –İçəri keçən kimi əlimin boş olduğunu görən həyat yoldaşımın ilk sözü sifətimdə sillə kimi partladı. – Nə etməliydim? Bu bayram günündə uşaqları umsuq eləməyəcəkdim ki…
–Axı o toyuq gündə birini yumurtlayırdı… – Elə dedim ki, elə bil qırmızı toyuq gündə bir qızıl yumurta yumurtlayırdı.
Dillənmədi.
Gündə bir yumurta verən toyuq da belə getdi.
Başımı bulayıb içəri keçdim. Kompyuterin düyməsini basdım. Paltarımı dəyişib qayıdana kimi kompyuter açıldı. Bir az internetlə başımı qatdım.
–Çay içmirsənmi? – Yoldaşımın səsi fikirdən ayırdı.
Yaxşı ki, bu çay içmək vardı. Durub masaya yaxınlaşdım. Masada bir şəkərbura ilə pürrəngi çay məni gözləyirdi.
Pultu götürüb televizoru yandırdım. “Ümid.TV”-də xəbərlər gedirdi. Matışka sifətli birisi tövşüyə-tövşüyyə danışırdı:
–Novruz bayramı münasibətilə nazir iki yüz Qarabağ əlilinin ailəsini sevindirib. Hər bir ailə başçısı ilə görüşüb, bayram hədiyyəsi olaraq iki yüz manat nəğd pul verib.
Ekranda bizi göstərirdilər. Nazirliyin qabağında toplaşdığımızı, göyümtül kostyumlu ilə danışığımızı, qəbul otağındakı basa-bası, nazirlik işçisinin çəliklilərin siyahısını tutmasını…
Təəccüb məni bürüdü: “Axı ərazidə çəkiliş olmayıb. Onlar bizi necə çəkiblər?”
Həyat yoldaşım şübhəli-şübhəli məni süzdü.
“Bəs niyə əliboş gəlmisən?” – baxışlarından oxudum.
“Vallah, yalan deyirlər” – qənd qabından konfet oğurlamış uşaq kimi məyus-məyus onun gözlərinə baxdım.
“Mən cəhənnəm, o boyda televiziya doqquz milyonun gözünə baxa-baxa yalan danışacaq?” – sual dolu baxışlarını üzərimdə gəzdirib mətbəxə keçdi.
Nitqim tutulmuşdu, heç nə deyə bilmirdim. Divanda oturub gözümü televizorun ekranına zilləmişdim. Buza dönmüş çayımı da içmirdim. Televizorda danışılanları da eşitmirdim, çünki qulağımı o başı çalmalı qadının səsi yağır eləmişdi.
“Nazirə deyin ki, onu görüm qan qussun. Elə sizi də qanınıza bələnəsiniz. Siz ki, bu əziz gündə…”
Aurasından çıxa bilmirdim, heç vaxt belə qarğış eşitməmişdim.