bannerbannerbanner
полная версияBizi Umudsuz qoyma

Əli Bəy Azəri
Bizi Umudsuz qoyma

Полная версия

Doqquzuncu vaqon

Qardaşlar içində ən kiçiyi olan Aslan əmim taksi sürücüsüdür. Səhər obaşdan evdən çıxır, bir də axşam şər qarışandan sonra evə qayıdır. Gün ərzində evdə olmadığından yalnız bayram günləri onu görə bilirdik.

Bir dəfə çox vacib işim çıxdı, mütləq əmimlə görüşüb məsləhətləşməliydim. Onun şəhərdə tanımadığı bir küçə, bir yaşayış massivi, hətta bir tin, dalan da tapmaq olmazdı. Bazarları, anbarları, topdansatış mərkəzlərini, onların iş prinsiplərini də pis bilmirdi. Hardan nə soruşsaydın, məlumatı vardı. Hamı da ona: “Maşallah, sənə halaldı”, deyərdi.

Mən ona zəng vuranda səhər saatları olardı. İşdə olduğunu, müştəri apardığını söylədi.

–Harda görüşə bilərik? – deyə soruşdum.

–Saat on ikidə Baba məscidinin qabağında ol! – dedi. – Hara getsəm də günortaya ora gələcəm.

Əvvəl təəccübləndim: “Bu niyə görüş yerini məscidin qabağına salır, olmaya qohumlardan, tanışlardan ölən olub, mənim xəbərim yoxdur?” Sonra fikirləşdim ki, yəqin əmimin “iş yeri” oradır. Axı şəhərdə fəaliyyət göstərən taksilər hardasa toplaşırlar…

Baba məscidinin qabağında avtobusdan düşəndə, saata baxmasam da elə əmim dediyi vaxt olardı, ya beş-on dəqiqə tez, ya gec, fərq etməzdi. Hələ avtobusla gələndə fikirləşdim ki, məscidin qabağında dörd-beş maşın olar, o da taksilər. Amma belə olmadı, məscidin arxa tərəfi də, qabağı da, ikitərəfli yolun bir qırağı da maşınla dolu idi. Bura maşın bazarını xatırlatdı mənə, aşağısı iki yüz maşın vardı. Onların arasında əmimin maşınını asanlıqla tapa bilməyəcəkdim. Elə avtobusdan bir az aralanıb zəng etmək istəyirdim ki, hardansa özü peyda olub mənə yaxınlaşdı.

–Gəldin, Nadir? – Soruşdu.

–Gəldim, əmi. – Cavabını verdim.

Hərçənd cavab verməsəydim də aydındı, özü görmüşdü ki, gəlmişəm, heç soruşmağına da ehtiyac yox idi.

–Onda gedək.

–Hara?

–Məscidə.

Əvvəl elə düşündüm ki, onların ofisləri, toplandıqları yer məsciddədir. Sonra buna şübhə ilə yanaşdım, özəl taksi sürücüləri niyə məsciddə toplaşsın, onların ofisləri niyə məsciddə olsun. Məscid məgər ofis yeridir?

–Məscidə niyə?

–Məscidə nəyə gedərlər? Gedək ehsan yeyək.

–Əmi, nə ehsan? Hüzür yerimiz var? Kimsə rəhmətə gedib, mənə demirsiniz?

–Hər gün hüzür yeri olur, hər gün kimsə rəhmətə gedir də… İndi onsuz da günortadır. Hardasa oturub çay içməliyik, bir qismət çörək yeməliyik. Elə gedək məsciddə bir qismət ehsan yeyək. İmkan olar orda, olmaz da gəlib burda söhbətimizi edərik.

–Əmi…

–Burda hər gün böyüklərə ehsan verirlər. Özləri deyiblər.

–Sən get. Mən burda gözləyərəm.

–Gəl, gəl, sənin nə işinə var… mənimləsən. Burda məni bütün işçilər tanıyır.

Məscid yolun sağ tərəfində idi, ərazidə, bəlkə də ən böyük, əzəmətli bir tikinti sayılırdı. Məscidin arxa tərəfində üçmərtəbəli mərasim zallarından ibarət bir bina da vardı, hüzür yerləri bu binada təşkil olunurdu. Əmimlə həmin binanın qabağına gəldik, pilləkənlərlə yuxarı qalxıb binaya daxil olduq. Birinci mərtəbə geniş foyesi və dörd zaldan ibarətdi. Foye adamla dolu idi, qaynayırdı. Liftə yaxınlaşdıq. Liftin qapısında da gözləyənlər çox idi. Lift qapısının yuxarı hissəsində böyük məlumat lövhəsi asılmışdı, oradan hansı zalda kimin hüzür məclisi təşkil olunduğunu öyrənmək mümkündü. Əmimin dediyinə görə, bu binada irili-xırdalı on zal vardı. Əsas zal üçüncü mərtəbədə yerləşirdi, burda ən böyük zal o idi, adına “pravitelstvennıy”, yəni, “hökumət zalı” deyirdilər. Burada prezident aparatında işləyənlərin, nazirlərin, rektorların, bir sözlə; çox böyük vəzifəlilərin, onların ən yaxın qohumlarının və varlıların hüzür məclisləri təşkil olunur. Onlar siyahı tutub gələnlərdən pul yığmırlar. Odur ki, onların ehsanını yemək halaldır, həm də savabdır. Bunun düz olub-olmadığını mən deyə bilməzdim, birinci dəfəydi belə bir şey eşidirdim, əmim belə deyirdi.

–Gəl, pilləkənlə qalxaq. – Əmim liftin ağzında gözləyən adamların çoxluğu ucbatından belə təklif etdi.

Biz pilləkənlərlə yuxarı qalxdıq, bizdən başqa da çox adam pilləkənlərlə yuxarı qalxırdı. Yuxarı foyelərdə də adam əlindən tərpənmək olmurdu, çox sıxlıq idi.

–Buyurun, keçin! – Burada əmimi tanıyırdılar, tanımırdılar deyə bilmərəm, amma hörmətlə qarşılayırdılar. O da ya başı ilə təşəkkürünü bildirir, ya da “başınız sağ olsun”, “axırıncı qəminiz olsun”, “Allah səbr versin” kimi ifadələr işlədib təziyəsini bildirirdi.

Beləliklə, biz üçüncü mərtəbədəki ən böyük zalın, əmimin “pravitelstvennıy” adlandırdığı zalın qapısı ağzına gəlib çıxdıq. Əmim içəri keçənlərlə bərabər tam sərbəst olaraq:

–Allah o dünyasını versin! – dedi və içəri keçdik.

Mən çox narahat idim. Qorxurdum ki, indicə saxlayacaqlar məni, hara gəldiyimi, kimin yasına gəldiyimi soruşacaqlar. (Zalın nömrəsini əvvəlcədən bilmədiyimdən heç məlumat lövhəsindən də mərhumun adını oxumamışdım) Sonra da buradan mitilimi geri qaytaracaqlar. İnanın, qapının ağzından içəri keçəndə elə bildim ki, qıl körpüsünü keçirəm, bu dəqiqə səndərləyib qır qazanına düşəcəm. Bircə onu bilirdim ki, geriyə dönüş yoxdur, hər necə olsa, əmimin arxasınca getmək lazımdır. Xəcalət təri məni basmışdı, tüklərimin dibinə kimi islanmışdım.

Zalın sol tərəfindəki ikinci cərgə boyunca gedib, hardasa, yuxarı tərəflərdə əyləşdik. Nəzərimə çarpan ilk əlamət üç mollanın məclisi idarə etməsi oldu.

Əmimlə yanaşı oturduq.

–Qarşı tərəfə getmək olmaz. – Əmim zalın girəcəkdə sağ tərəfindəki cərgəni göstərdi. – Orada böyüklər, nazirlər, komitə sədrləri, deputatlar, aparat işçiləri otururlar. Bura gələsi olsan, həmişə bu tərəfdə otur. Burada sənin heç kimlə işin yoxdur, heç kimin də səninlə işi yoxdur. Ehsanını ye, mollanı dinlə, “Allah rəhmət eləsin”, de, sonra da sakitcə çıx get. Bu zalda hüzür məclisi keçirənlər gələnlərdən pul yığmırlar.

Bu dəm şəbbəxeyir iki nəfər danışa-danışa gəlib qabağımızda əyləşdi, başqa stullarda əyləşmişdilər, bircə bizim qabağımız boş idi.

–Şadlıqlarda görüşək. – Əmim baxdı ki, onlar salamsız-kalamsız gəlib əyləşdilər, özü onları salamladı.

Əmimə heç əhəmiyyət də vermədilər.

Biri mənə yaman tanış gəlirdi, onu hardasa görmüşdüm, ya hardansa tanıyırdım, amma ha fikirləşirdim, yadıma sala bilmirdim.

–Bu ki, Musa Səlimbəylidir. – Əmim həmin adama diqqətlə baxdığımı görüb qulağıma pıçıldadı, amma onun pıçıltısı yaman ucadan səsləndi.

–Peyğəmbərin gül camalına bir salavat çevirək! – Yaxşı ki, molla uca səsi ilə onların diqqətini yayındırdı, qanımın arasına girdi, yoxsa onun qəzəbli baxışından canımı qurtara bilməyəcəkdim, bəlkə də nə isə ağır söz deyəcəkdi.

Musa Səlimbəylinin zəhmli qırğı baxışı vardı, adamın bağrını yarırdı. Gözaltı baxdım ki, əlindəki xurmanı təpəmə çırpmağa hazırdır. Elə ki, molla peyğəmbərin gül camalına salavat çevirdi, Musa dərhal əlindəki xurmanı ağzına basaraq qabağındakı armudu stəkanı götürüb çaydan bir qurtum içdi.

Fikrim ondaydı, bir stəkan çayı beş xurma ilə ötürdü içəri – özü də necə xurma. Burdakı xurmalar da iriydilər, əmim demişkən “pravitelstvennilər” üçündü, indiyədək mən belə xurma görməmişdim.

Mollanın nə isə oxumasından istifadə edən əmim qulağıma tərəf əyildi:

–Bu, nazir deyil?

–Nazir yox, komitə sədri. – Bildim ki, Musa Səlimbəylini soruşur, belə cavab verdim.

–Hə də…

–Hə, özüdür.

–Bəs nə yaxşı o tərəflərdə oturmayıb?

–Görünür o tərəflərdə yer olmayıb.

–Yenə işləyir?

–Yox. Keçən ildən mitilini atıblar bayıra. İndi yığdıqlarını xırıd eləyir.

–Bilirsən nə qədər adamın çörəyinə bais olub, pensiyasın dayandırıb.

–Arsızdı ki…

Musa Səlimbəylinin qulaqları yaxşı eşidirmiş. Bizə elə tərs-tərs baxdı ki, qorxudan istədim durub çıxam. Əmim pencəyimin qolunu dartdı.

Masaya ehsan gəldi. Hər kəs başını aşağı salıb ehsan yeməyə başladı. Musa hamıdan tez yedi. Dovğanı başına çəkdi, burnuna bulaşdırdı. İstədim deyəm, çəkindim, birdən acığı tutar deyə salfet uzatmağa da ehtiyatlandım. Musa Səlimbəyli elə burnu qaşqalı sağa-sola baxır, yanındakı ilə nə barədəsə yeyin-yeyin danışırdı. Heç yanındakı da burnunun qaşqasını ona demirdi.

Mən isə dovğanın qapağını açıb qaşıqla yeməyə başladım. Nazir olmağınan deyil ki, süfrə mədəniyyəti yoxdur. Tək o deyil e.., nazirlər, deputatlar hamısı dovğanı başına çəkir, hortahortla sümürürdülər. Kənardan çəkib özlərinə göstərən gərəkdi.

–Nədi? Məni görməmisiniz? – Musa Səlimbəyli birdən bizə bozardı.

–Görməsəydik bundan yaxşıydı.

–Nə pisliyim keçib sizə?

–Hələ bir soruşursan da… Ölkədə pislik eləmədiyin adam qalıb ki?

–Voobşe, siz kimsiniz? Kimin hüzürünə gəlmisiniz?

–Bunun sizə dəxli yoxdur.

–Aha, ehsanşiksiniz deməli… Gəlib onun-bunun ehsanını havayı yeyib çıxıb gedirsiniz.

–Guya siz havayı yemirsiniz? Guya siz çıxanda siyahıya yüz manat yazdırıb gedirsiniz?

–Yox, yazdırmırıq…

–Onda sizinlə bizim ehsan yeməyimizin nə fərqi oldu?

–Fərqi var. Bizim haqqımız çatır, çünki biz tanıyırıq.

–Fərqi o gözəgörünməzdən başqa heç kim bilməz. Tanıyıb-tanımamağın dəxli yoxdur.

–Musa, Allah sənin belini qırsın. – Kimsə arxa masadan səsləndi. – Mənim pensiyamı niyə kəsirdin ə? Qurumsaq, mənim ayağım kərtənkələ quyruğuydu ki, uzanıb gəlib yerinə çatsın… Mən ayağımı Qarabağda qoyub gəlmişəm, sən heç Qarabağın səmtin də tanımırsan…

Molla süfrə duasını verirdi.

Musa onunla gəlmiş adama nə işarə elədisə cəld ayağa qalxıb çıxışa doğru irəlilədilər.

–Buna bax! Hələ dili də var, haqdan danışır! – Əmim astadan dilləndi. – Bəlkə min adamın haqqını yeyib… Belələrinə heç salavat da düşmür, nəinki “fatihə” verib Allahdan rəhmət diləmək…

Qəribə sərnişin

Əhvalı korlayacaq qədər aurası tündməzə olan soyuq bir qış axşamıydı. Küləkli şəhərin heç vaxt əskik olmayan üzücü sazağı az qala bıçaq kimi kəsirdi. Şaxta adamın əzalarını oynadır, lap iliyinə işləyirdi. Salonda sərnişin az olduğundan asta-asta irəliləyən tram- vayın ön oturacaqlarından birində büzüşüb oturmuşdum. Soyuğa heç dözümüm yox idi. Evə çox tələsirdim, səbirsizliklə son dayanacağa gəlib çatacağımız anı gözləyirdim. Tramvay isə heç tələsmirdi, keç-mişin qazalaqları kimi öz lamında irəliləyirdi. Bircə tez çatsaydım, dalbadal iki stəkan qapqaynar, özü də mürəbbəli çay içib özümə gəlsəydim yaxşı olardı. Qaynar çay içməkdə, deyirdilər ki, lap rəhmətlik babama oxşamışam. O, paqhapaq qaynayan samovardan süzülən çayı dərhal, gözləmədən içirmiş. Vaxt tez keçsin deyə könülsüz-könülsüz kitab oxuyurdum. Buna oxumaq da deməzdin, sadəcə gözlərimi sətirlərin üstündə gəzdirir, sanki mənimlə bərabər qaçışa hazırlaşan hərfləri geridə qoyub yanlarından ötüb keçirdim.

 

Diqqətim kitaba yönəldiyindən sərnişinlərin nə vaxt düşdüyünü, salonun, demək olar ki, büsbütün boşaldığını hiss etmədim. Qəflətən başımın üstündə qaraltı hiss etdim. Başımı qaldırıb baxdıqda qoca, uzun, çəlimsiz bir arvadın böyrümdə dayandığını gördüm. Qarı zəhrimar yağan sifəti, ilan gözləri ilə inadkar-inadkar mənə baxırdı. Ətrafa boylanıb salonda boş oturacağın olub-olmamasına nəzər yetirdim. Biz ikimizdən və sürücüdən başqa tramvayda heç kim yox idi. İstəyirdim deyəm ki, qarı nənə, başımın üstündə durmayın, boş yerlərdən birində əyləşin, o, məni qabaqladı.

–Cavan oğlan, bəlkə nənəyə oturmağa yer verəsən? – deyə dilləndi.

Nə demək istədiyimi başa düşər deyə salona bir daha nəzər saldım. Bütün oturacaqlar boş idi. Qarı istədiyi yerdə otura bilərdi. Amma o, mənim başımın üstündə durmuşdu. Birdən gözüm sürücünün salona tuşlanmış güzgüsünə sataşdı. Tramvay sürücüsü də bir gözü ilə diqqətlə bizə baxırdı. Mənim tərpənmədiyimi görən qarı bir az əsəbiləşdi.

–İndiki cavanlar təmiz yollarını azıblar. Daha abır-həya qalmayıb. Böyüyə hörmət qoyan yoxdur. – Deyinməyə başladı.

İstədim cavabını verəm, abrını bükəm o nimdaş ətəyinə. Yenə səbrimi basdım. “Lənət şeytana” dedim, ayıbdır, nənəm yaşda bir qarıya baş qoşmayacaqdım ki! İstədim durub başqa yerdə oturam, yerimi ona verəm. Sürücünün də hərdən güzgüdən bizə baxmağı məni narahat edirdi. Qorxurdum deyə ki, yekə oğlansan, qoca arvadın xətrinə niyə dəyirsən.

–Ay nənə. – Yumşaq tərzdə müraciət etdim. – Görürsünüz ki, salon tamamilə boşdur. Biz ikimizdən savayı tramvayda heç kim yoxdur. Buyurun, istədiyiniz yerdə əyləşin.

–Sənin üçün belə çətindir ki, durub özündən böyüyə yer verəsən? Görmürsən ayaq üstə qalmışam. Nənən yaşındayam. Səndə heçmi vicdan yoxdur? – Qarı nənə səsinin tonunu bir az da qaldıraraq deyinməkdə davam etdi.

–Əgər salonda boş oturacaq olmasaydı, mən ayağa durub yerimi məmuniyyətlə sizə verərdim. – Tramvay sürücüsü eşitməsin deyə lap astadan bildirdim. – Ancaq görürsünüz ki, bütün salon bombulumboşdur. Buyurub istədiyiniz yerdə əyləşə bilərsiniz.

–Heç dəxli var? Siz hamınız beləsiniz. Mənim yerimə bir cavan qız olsaydı, illah da yubkası gödək, yaxası açıq, o dəqiqə ayağa qalxıb yer verəcəkdin.

–Ay qarı nənə, qışın bu oğlan çağında heç sən dediklərinin yeridir? İndi hansı qızıxmış yaxası açıq, gödək yubka ilə evdən çıxar? Sən heç danışığına fikir verirsən?

–Hələ bir dilin də var, danışırsan? Elə bilirsən, görməmişəm? Ayağa durub oturacaqdan bircə qarış aralanmırsınız ki, yer verdiyiniz cavan-cüvənəzan keçib rahat otursun. Çalışırsınız ki, özünüzü ona sürtəsiniz. Sonra da gözünüzü yaxalığına dikib durursunuz.

–Yaxşı da, bəsdirin!

–Həqiqəti qəbul edə bilmirsən, hə? Guya ki, bilmirsiniz qadının yaxalığında nə olar. Elə bil ömrü boyu onu görməmisiniz. Min ildir üzünə həsrətsiniz. Elə baxırsınız ki, elə bil orda nə isə qeyri-adi bir şey gizlədilib. Az qalırsınız gözünüzlə onu dartıb oradan çıxardasınız, lap bəbəyinizin içinə soxasınız.

–Bəsdirin! – Elə qışqırdım ki, tramvayın sürücüsü diksinib ayağını əyləcə basdı.

–Hə də, indi belə deyəcəksən. Mənə heç əhəmiyyət də vermək istəmirsən, çünki ələyi əyrilmiş, xəlbiri sovrulmuş qoca, qartımış bir qarıyam. – Qarı ona əhəmiyyət vermədiyimin fərqində deyildi, elə deyinməkdə davam edirdi. – Bundan sonra kimdir məni saya salan?

–Niyə elə deyirsiniz? Mən böyüklərə həmişə hörmətlə yanaşmışam.

–Gördüm böyüklərə hörmətini. Az qalırsan vurub tramvaydan salasan yerə. Yaxşı ki, hələ yol pulumu ödəməyi xahiş eləməmişəm. Şükür Allaha, pensiya alıram, özümə bəs edir. – Qarı bir az fasilə edib başını yellədi. Sonra yenidən mənim üstümə qayıtdı. – Deyirsən, böyüklərə həmişə hörmətlə yanaşırsan?

–Bəli! – Qəti cavab verdim.

–Bəs nə oldu? Bu gün pişik tərs asqırdı? Yoxsa günəş şimaldan doğub?

–Nə pişik tərs asqırıb, nə də günəş şimaldan doğub. Elə bu gün də böyüklərə hörmətlə yanaşmışam. İndi də salonda boş yer olmasaydı… yenə ayağa qalxıb məmuniyyətlə yerimi sizə verərdim…

–Mən hər gün bu tramvayla evə gedirəm. Hər gün də eyni yerdə otururam. Siz bu gün mənim yerimdə əyləşmisiniz. Özü də qanacaqsızlıq edib ayağa durmaq istəmirsiniz. Belə də zəmanə olar? Daha aradakı pərdələr götürülüb, böyük-kiçik məsələsi qalmayıb.

Qanım təmiz qaraldı, necə deyərlər, dönüb oldu lap it qanı. İstədim gözümü yumub ağzımı açam. Dişimin dibindən çıxanı bu ifritəyə deyəm, ancaq özümü birtəhər saxladım. Onsuzda heç nə dəyişməyəcəkdi. Qarı bu yaşdan sonra xaraktermi dəyişəcəkdimi? Yaxşı ki, gözüm yenə də ön güzgüyə sataşdı. Tramvay sürücüsü kefixoş halda güzgüdən diqqətlə bizə baxırdı. Sanki baxışları ilə: “dur, qoy qarı otursun, zəhləmizi tökməsin” deyirdi. İsti yerimdən durmaq istəməsəm də məcburən ayağa qalxdım.

–Buyurun, əyləşin, xanım! – Bacardığım qədər kinayə ilə deyib zəhərimi boşaltdım.

–Çox sağ olun! – Qarı nənə azca gülümsünüb “razılığını” bildirərək keçib əyləşdi. – Xanım deməyinə dedin. Ancaq birtəhər dedin, heç ürəyimə yatmadı.

Dinmədim, daha nə isə deməyi əhəmiyyətsiz hesab etdim. Bundan sonra o, çox rahat və məmnun görünürdü. Mən isə daha heç yerdə oturmadım. Ondan bir az aralanıb yuxarıdan tutaraq elə ayaqüstü yoluma davam etdim. Salon soyuq olduğundan az qalırdım ki, tir-tir əsəm. Dişlərimi sıxıb durmasaydım bəlkə də bir-birinə dəyib çaqqıldayacaqdı. Soyuğa heç dözümüm yox idi. Bircə evə tez çatsaydım…

Növbəti dayanacaqda qarı yerindən durub çıxışa doğru getdi.

–İndi otura bilərsən. Mən düşürəm. – Atmacasından da qalmadı.

Mən yenə dinmədim. “Qoy rədd olub getsin” deyə düşündüm. O, sürücüyə yaxınlaşıb nəsə dedi.

–Pulun lazım deyil. – Sürücünün səsini aydın eşidirdim. – Ancaq mənə düzünü de, görüm, salon boş ola-ola o oğlanı niyə durquzub yerində oturdun?

–Rəhmətliyin nəvəsi, salondakı bütün oturacaqlar bumbuzdur. O, isə oturduğu oturacağı isitmişdi. Məni o qədər ağıldankəm hesab edirsən?

Özümdən ixtiyarsız bir acı gülüş tutdu məni. O qədər güldüm, güldüm ki, hər şey təmiz yadımdan çıxdı. Bir də baxdım ki, sonuncudayıq. Tramvay sürücüsü öz yerindən qalxıb mənim salonu tərk etməyimi gözləyir.

1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17 
Рейтинг@Mail.ru