–Bəs mağara hansı tərəfdədir? – Kapitan Seyfullayev xüsusi maraqla soruşdu.
–Elə ki, yağış yağmağa başladı, onda hələ qaranlıq düşməmişdi, biz sıldırım qayalığa doğru getdik ki, böyük daşlardan birinin dibində gizlənib yağışdan qorunaq. – Habil danışır və əli ilə oraları göstərirdi. – Bir az getmişdik ki, Kor Miseyibin tələsə-tələsə sıldırım qayalığa tərəf yüyürdüyünü gördük. Çağırmağa qorxsaq da, onun arxasınca yollandıq. Əyilə-əyilə boz daşın dibindəki mağaraya girdiyini görüb dayandıq. Sonra daha irəli getməyib elə buradakı daşların dibində gizləndik ki, islanmayaq.
–Kor Miseyibin haradan gəldiyini görmədiniz?
–Yox. Biz onu qəflətən gördük, onda da mağaranın yaxınlığındaydı. Hə, daşın dibində nə qədər uzandığımızı bilmirəm, bir də ayağa qalxdıq ki, yağış kəsib, qaranlıq da düşüb. Ha axtardıqsa, gəldiyimiz yolu tapa bilmədik. Heç özümüz də bilmədik ki, sərhəddin qırağına necə gəlib çıxmışıq.
Uşaqların danışığından kapitan Seyfullayev təxmini də olsa mağaranın yerini müəyyənləşdirdi.
–Mağaranın yanına hamılıqla getməyimiz məsləhət deyil. – Leytenant Osmanov öz fikrini bildirdi. – Yaxşı olar ki, siz burada qalıb müşahidə aparasınız. Əsgərlərdən birini çıxardın, ağacdan müşahidə aparsın ki, bizim də hərəkətimizi izləyə biləsiniz. Mən çavuş İbrahimovla mağaranın dəqiq yerini müəyyənləşdirməyə yollanıram. Sonra qayıdıb gələrəm, bir plan cızarıq.
Kapitan Seyfullayev razılaşdı. Əsgərlərdən birini müşahidə üçün ağaca çıxartdıqdan sonra yarpaqları daha sıx olan qoca ulas ağacının kölgəsində göy otun üstünə döşəndilər.
Leytenant Osmanovla çavuş İbrahimov isə ardınca uşaqların göstərdiyi istiqamətə yollandılar. Onlar gəlib qəflətən düz mağaranın üstünə çıxdılar. Geri qayıtmaq, gizlənmək mümkün olmadı, mağaranın ağzında oturmuş yekəpər biri ilə üz-üzə qaldılar. Yekəpər onlarla rastlaşacağını yəqin eləməsə də hər hansı təhlükəyə qarşı hazırlıqlı vəziyyətdəydi. Sərhədçilərə silahlarını qaldırmağa aman vermədən əlindəki dəyənəyi leytenantın başına endirdi. Osmanov bunu gözləmədiyindən avtomatı buraxıb əlbəyaxa döyüşün qaydalarına uyğun əlləri ilə dəyənəyi tutub qaytarmağa cəhd etdi. Ancaq iş-işdən keçmişdi, dəyənək leytenantın başına dəyib onu yerə yıxdı. Leytenantın yerə yıxıldığını görən yekəpər qaçmağa üz tutdu. Hadisə o qədər ani oldu ki, çavuş İbrahimov özünü itirdi, bilmədi yekəpərin arxasınca getsin, yoxsa nə etsin.
–Cənab leytenant, sizə nə oldu? – Yaxınlaşıb leytenantı ayağa qaldırmağa çalışdı.
Leytenant Osmanov gözlərini açıb bir də yumdu, dünya-aləm onun başına fırlandı. Ani olaraq fikirlərini cəmləşdirib gözlərini açdı və ayağa qalxdı. Dəyənək başına dəyməyinə dəymişdi, ancaq xoşbəxtlikdən əlləri ilə zərbənin qarşısını ala bilmişdi.
–Hansı tərəfə qaçdı?
–Bu tərəfə. – Çavuş İbrahimov əli ilə yekəpərin qaçdığı səmti göstərdi.
–Çavuş, yekəpərin dalınca! – Leytenant Osmanov komanda verdi. – Çox da uzağa gedə bilməz. Gördünsə xəbərdarlıq atəşi aç. Harda olsa tutacağıq.
–Cənab leytenant, bəlkə qayıdıb kapitan Seyfullayevə məlumat verək?
–İndi qayıtmaq vaxtı deyil. Yekəpər aradan çıxa bilər. Biz mütləq onu yaxalamalıyıq.
Çavuş İbrahimov yekəpərin qaçdığı istiqamətdə yerindən götürüldü. Leytenant Osmanov da özünü cəmləşdirib həmin istiqamətdə yol aldı.
Ağacın başından ətrafı müşahidə edən sərhədçi əsgər sıldırımlı qayalığın ətəyi ilə bir nəfərin qaçdığını görüb kapitan Seyfullayevə xəbər verdi.
–Boz böyük daşın aşağısından bir nəfər meşəyə tərəf qaçır.
–İrəli! – deyə kapitan Seyfullayev komanda verdi və özü qabağa düşüb müşahidəçi əsgərin göstərdiyi istiqamətdə qaçmağa başladı. Onlar sıldırımlı qayalığın sonuna gəlib çatanda leytenant Osmanovla yekəpər əlbəyaxa döyüşürdülər. Bu an leytenant Osmanov yekəpəri fırlayıb necə fəndə saldısa o, tirtap yerə yıxıldı və qalxmadı.
–Birdən ölüb eliyər ha… – Xüsusi şöbənin zabiti təngənəfəs olsa da zarafatından qalmadı. – Zalım oğlu elə yıxıldı ki, elə bil yüz illik palıd kötüyü yıxıldı.
–Narahat olmayın. – Leytenant əlinin dalı ilə alnını tərini silib tövşüyyə-tövşüyyə dilləndi. – İt ölər, parax ölməz, – deyiblər. Şər işlərlə məşğul olanların hamısı it canlıdır. Zalım oğlu elə bil palıd kötüyüdür, yerə kök atıb.
Xəbərləri özlərindən tez çatmışdı zastavaya. Başda mayor Bədəlov olmaqla hamı əməliyyatda iştirak edən sərhədçiləri gözləyirdi. Təzə gəlmiş leytenantın qəhrəmanlığı da öz yerində. Əsgərlər bir-birinə onun fəndlərindən bəhs edirdilər. Çavuş İbrahimov az qala özünü təzə gəlmiş leytenantın dostu – yaxın qohumu kimi aparırdı.
Çevik sərhədçi manqasından ayrılmış üç nəfərin müşaiyəti ilə xüsusi şöbənin zabiti kapitan Seyfullayev Kor Miseyibi sərhəd dəstəsinin qərargahına apardı. Hərtərəfli araşdırma aparmaq üçün mağarada gizlədilmiş qara torbanı da özləri ilə götürdülər. Onlar gedəndən sonra mayor Bədəlov zastavanın şəxsi heyətini cərgəyə düzüb təzə gəlmiş leytenantı onlara təqdim etdi.
–Düzlən! Farağat! – deyə komanda verdi. – Sərhəd Qoşunları Komandanının əmri ilə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsinin təşkili məqsədilə xidmət keçmək üçün leytenant Osmanov bizim zastavaya göndərilib və zastava rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin olunub. O, elə ilk gəlişi ilə öz şücaətini və bacarığını göstərdi. Onu sizə təqdim edirəm. Zastavada xidmət keçən bütün gizir, çavuş və əsgər heyətinin ona tabe olmasını, əmr və göstərişlərini sözsüz yerinə yetirməsini nəzərinizə çatdırıram. Eyni zamanda cinayətkarın yaxalanmasında göstərdiyi şücaətə görə təşəkkür elan edirəm.
–Azərbaycan Respublikasına xidmət edirəm! – Leytenant Osmanov sağ əlini gicgahına dayayaraq hərbi salam verdi.
–Azad! – Bundan sonra mayor Bədəlov komanda verdi. – İndi sərbəstsiniz, dağılışın.
Əsgər və çavuşlar cərgələrdən çıxıb dağılışaraq xidmət yerlərinə yollandılar.
–Siz isə gedin, istirahət edin. Nəyə ehtiyacınız olarsa baş leytenant Əzimovdan soruşun, çəkinməyin. Axşam yeməyinə də gecikməyin. Aşbaza tapşırmışam, sənin masana iki nəfərin payını qoyacaq. Sən axı səhərdən bir şey yeməmisən.
–Oldu!
Leytenant Osmanov indi hiss etdi ki, başında şiddətli ağrılar var. Əvvəlcə tibb məntəqəsinə yollandı. Orada başına buz qoydurub yarım saatadək uzandı. Sonra ona ayrılmış xidməti otağına gəldi. Səliqə-sahman yaradıb uzandı.
Səhər tezdən onu yuxudan qapının tıqqıltısı oyatdı.
–Cənab leytenant! – Qapının arxasından çaparın gur səsi eşidildi. – Sizi mayor Bədəlov çağırır.
Tez yataqdan qalxıb paltarını geyindi. Otaqdan çıxıb iti addımlarla mayor Bədəlovun dəftərxanasına yollandı.
–Cənab mayor!
Gəlişi haqqında məlumat vermək istəyəndə mayor Bədəlov onu saxladı.
–Osmanov! Kənd məktəbində sərhədçilərlə bağlı tədbir təşkil ediblər.
–Bu çox yaxşı işdir, cənab mayor. Dünən bu barədə mən sizə təklif vermək istədim, ancaq fikirləşdim ki, birdən yersiz olar. Siz illərlə qazandığınız təcrübəyə uyğun nə etmək lazım olduğunu məndən də yaxşı bilirsiniz. – Leytenant bir az fasilə verib sonra sözünə davam etdi. – Tədbirdə çıxış edib Habillə Cümşüdü “sərhədçilərin dostu” elan etmək lazımdır. Qoy onlar bundan sonra sərhədçiləri görəndə qorxub qaçmasınlar. Ərazidə rastlarına çıxan bütün şübhələr barədə dərhal sərhədçilərə məlumat versinlər.
–Bax, bunları gedib məktəbdə, toplantıda söyləyərsən.
–Cənab mayor, mən təzə gəlmişəm. hələ ki, zastavanı, qoruduğumuz ərazini düz-əməlli tanımıram. Bəlkə görüşə baş leytenant Əzimovu göndərəsiniz.
–Mən də istərdim baş leytenant Əzimovu göndərəm. Ancaq icra nümayəndəsi zəng edib müəllim və şagirdlərin səni görmək istədiklərini bildirdi. Çavuş İbrahimova tapşırmışam, özü ilə iki nəfər nümunəvi xidmət keçən əsgər götürəcək. Səhər yeməyindən sonra yola düşərsiniz. – Mayor Bədəlov bunu deyib sürmədən iki ədəd döş nişanı çıxartdı və onları leytenanta uzatdı. – Al, bunlar “sərhədçinin dostu” döş nişanıdır, Habillə Cümşüdün yaxasına taxarsan.
–Cənab mayor, o nişandan varsa, birini də verin.
–Üçüncü nişanı neyləyəcəksiniz?
–Bəlkə məktəbdə, ya kənddə elə bir fəal tapıldı ki, onun da yaxasına nişan taxası olduq.
–Yaxşı, qoy olsun. – Mayor Bədəlov siyirmədən daha bir döş nişanı çıxardıb leytenanta verdi.
Kənd çox da uzaqda deyildi – zastavanın iki kilometrliyində yerləşirdi. Leytenant Osmanov sərhədçi əsgərlərlə məktəbə çatanda saat doqquzu keçmişdi. Növbətçi müəllim onları qarşılayıb müəllimlər otağına apardı – otaq çatışmadığından məktəb direktoru da müəllimlər otağında otururdu. Direktor və müəllimlər sərhədçilərin gəlişinə çox sevindilər, ayağa qalxıb onlarla çox mehriban, lap doğmaları kimi görüşdülər. Leytenant Osmanov burada heç kimi tanımasa da, bir doğmasını axtarırmış kimi diqqətlə hamını nəzərdən keçirdi. Direktor oturduğu masadan bəridəki masanın arxasında əyləşən qarayanız suyuşirin qız ona yaman xoş gəldi, harada, nə vaxt gördüyünü, yaxud qarşılaşdığını xatırlamağa çalışdı. Deyəsən, müəllimə qız da ona altdan-altdan göz qoyurdu. “Bu nədir, yoxsa mən vuruluram, aşiq oluram?” deyə leytenant tez də nəzərlərini həmin müəllimə qızdan yayındırmağa çalışdı.
Toplantı həyətdə təşkil olundu. Əvvəlcə məktəbin direktoru çıxış elədi. Çox danışmadı, toplantıya yığcam giriş verdi. Onun ardınca iki-üç nəfər müəllim çıxış nitqi söylədi, şagirdlər sərhədçilərin şəninə yazılmış şeirlərdən parçalar oxudular. Leytenant Osmanovun nəzərləri izdihamın içində həmin o qız müəlliməni gəzirdi ki, çıxış üçün söz ona verildi.
–İndi də çıxış üçün söz dil-ədəbiyyat müəllimi Sara Bəydəmirovaya verilir.
Sara söhbəti tələbəlik illərindən saldı, tez-tez hərbi məktəblərdə təhsil alan müdavimlərlə görüşlərindən bəhs etdi, bir dəfə Sərhəd Qoşunları Akademiyasında keçirdikləri görüşdən, ayrılmaq istəmədiyi xoş təəssüratlardan danışdı.
O, danışır, leytenant Osmanovun xəyalları isə geriyə qayıdırdı, onu həmin xoş günlərə səyahətə aparırdı. Osmanov bayaqdan diqqət yetirdiyi həmin qızı xatırlayırdı, özü də yaxşı xatırlayırdı.
–İndi də söz sərhəd zastavasının nümayəndəsi leytenant Osmanova – dünənki günümüzün qəhrəmanına verilir. – Alqışlar içində ani olaraq fikir-xəyal aləmindən ayrılan leytenant Osmanov özünü cəmləşdirməyə çalışsa da tər onu basdı, birtəhər iki addım atıb qabağa çıxdı.
–Həmvətənlərim! Dövlət həm də mükəmməl qorunan sərhədləri ilə tanınar. Sərhədləri qorumaq isə millətin ən vacib vəzifəsidir. Biz sərhədçilər dövlət sərhədlərinin müdafiəsini təşkil edirik. Bu işdə hamının köməyi olmalıdır. Necə ki, dünənki əməliyyatda, Kor Miseyibin tutulmasında Habillə Cümşüd bizə lap yaxından köməklik göstərdilər. Onlar olmasaydı cinayətkar belə tezliklə yaxalanıb ifşa edilməyəcəkdi. Kim bilir, bundan sonra o, dövlət sərhədlərini neçə dəfə pozmağa cəhd göstərəcəkdi, daha hansı fitnə-fəsadlar törədəcəkdi. Zastava rəisinin əmri ilə Habil və Cümşüd “sərhədçinin dostu” döş nişanı ilə təltif olunurlar. Buyursunlar.
Alqış sədaları altında Habillə Cümşüd leytenanta yaxınlaşdılar. Osmanov əvvəlcə Habilin, sonra Cümşüdün yaxasına döş nişanlarını taxaraq onların əlini sıxıb təşəkkürünü etdi.
–Hər kəs çalışmalıdır ki, Habillə Cümşüd kimi sərhədçilərə kömək etsin. – Habillə Cümşüd daha gur alqış sədaları altında cərgədəki yerlərinə qayıtdılar və alqışlar kəsildi, gözlər leytenanta dikildi, o, çıxışını yekunlaşdırmalıydı ki, toplantı başa çatsın. – Sizin aranızda sərhədçilərin daha bir dostu var. – Leytenantın son kəlməsi izdihamı təlatümə gətirdi, hamı onu axtarmağa çalışdı. Onun kim olduğunu cərgələrdə axtardılar, leytenant susdu. Tapmadıqda sual dolu baxışlar yenidən leytenanta dikildi. Hamı həyəcanla gözlədi ki, görəsən leytenant kimin adını çəkəcək. – O insan hamınızın yaxşı tanıdığı Sara xanım Bəydəmirovadır. Onun sorağını mən hələ Akademiyada oxuyanda almışdım. Fədakar qızcığaz müdavimlərə çox köməkliklər göstərirdi, kitabxanalardan öz adına kitablar, lazım olan ədəbiyyat dərslikləri tapıb gətirirdi, vətənpərvərlik disputlarında fəal iştirak edirdi, tələbələrlə müdavimlər arasında mövzu mübadilələri təşkil edirdi. Hamımızın sevimlisinə çevrilmişdi Sara. Heç təsəvvür etməzdim ki, burada, ucqar bir dağ kəndində onunla rastlaşa bilərəm. Sara Bəydəmirova da “sərhədçinin dostu” adına layiqdir. Buyursun!
Sara xanım cərgədən çıxıb şux addımlarla leytenantın qabağına yeridi, bir anlıq baxışdılar. “Bu ki, Savalan babanın evindəki şəkilin özüdür” yadına düşdü Osmanovun, ürəkdən gülümsündü Saranın üzünə, Sara da ona gülümsündü, harda isə o da Osmanovu xatırlayırdı deyəsən.
Xəyallardan ayrılan leytenant Osmanov Saraya tərəf yarım addım atıb üçüncü nişanı onun yaxasına taxdı. Həzin əsən mehin güclə tərpətdiyi palıd yarpaqlarının yaratdığı xışıltıya bənzər qırıq-qırıq səslər çıxartdılar, yalnız ikisinin güclə eşidə biləcəyi tərzdə, yəni dodaq tərpənişindən anlaşılacaq kimi pıçıldaşdılar.
“Tanıdın?”
“Tanıdım…”
“Əhsən!”
“Xoş gördük!”
Nişan taxılma mərasimində çox qısa, amma günəşin özü qədər isti dialoq alındı aralarında. Bu isti hər ikisinin sifətini qarsdı, yanaqlar allandı. Toplantı bununla da dağıldı. Məktəb direktoru Güloğlan müəllim onları nahara dəvət etsə də qalmadılar. Leytenant Osmanov zastavaya qayıdıb olanları mayor Bədəlova danışmağa tələsirdi. Kənddən yenicə aralanmışdılar ki, o, dayandı. Ürəyi özündə deyildi deyə ayaqları getmirdi. Ona elə gəldi ki, məktəbin pəncərəsindən Sara onun arxasınca baxır. “İlahi, bu nədir, olmaya eşqə düşmüşəm, vurulmuşam? Görəsən, eşqə düşmək necə olur?” Geri qanrılıb kəndə, məktəbə, bir də açıq səmaya baxdı… “İlahi, mənə vətəni sevdirdin, vətəni sevməyi özümə borc bildim. Vətən borcu canıma, qanıma elə hopdu ki, başqa nəyəsə yer qalmadığını düşündüm! Borcumu yerinə yetirməyə gəldim, burda da qarşıma sevgimi çıxartdın!”
Kənddən xeyli aralanmışdılar, məktəb bir kibrit qutusu boyda görünürdü, pəncərələr isə nöqtə kimiydi, gözün bəbəyindəki nöqtədən də balaca. “Sara, mən sənə bunu çoxdan demək, ürəyimi açmaq istəyirdim, lakin sən bir daha qarşıma çıxmadın. Heç kim inanmaz ki…”
“… gör necə gözəl vətənim var. Borcunu yerinə yetirmək üçün ən ucqar yerə yollanırsan, orda da sevgin qarşına çıxır…”
İran tərəfin gömrük məntəqəsini keçəndən sonra əlli-altmış addım gedib dayandım. Günəşdən qorunurmuş kimi əlimi gözlərimin üstünə tutdum – bu, mənim adətimiydi, gün oldu, olmadı baxanda belə eliyirdim. İndi də ərazidə sıra ilə, sırasız dayanan maşınlara göz gəzdirdim.
–Təbriz…
–Ərdəbil…
–Əhər…
Dəllalların bir-birinə qarışan səsi baş-beynimi apardı. Lap istədim əllərim ilə qulaqlarımı tıxayım, həmişə qarmaqarışıq yerlərdən kənar gəzərdim, səs-küyü heç uşaqlıqdan xoşlamazdım. Həyatımda bir neçə dəfə belə yerlərə tuş gəlsəm də öyrəşə bilmirdim, haray-həşir, vurçatlasın mənlik deyildi. Tez bir tanış maşın tapıb aradan çıxmaq, bu qaraguruhçu dəllalların baş-beynimi aparan qarğa-quzğun səslərindən canımı qurtarmaq istəyirdim.
Tanış deyəndə ki, başqa bir ölkədə mənim nə tanış maşınım olacaqdı? Burda – aləmin bir-birinə qarışdığı, beş tümən qazanc yolunda qonşusunun da hulqumunu üzməyə, ayaqlarının altına salıb tapdalamağa hazır olan yüzlərlə “ac-yalavac” ın arasında kimi tanıyırdım?
İrana gedişim üçüncü, ya dördüncü dəfəydi, dəqiq yadımda deyildi. İlk dəfə Xudafərindən, qalan vaxtları Biləsuvardan keçmişdim. Heç hansında problemim olmamışdı, gedəndə də, gələndə də rahatlıqla adlamışdım, basırığa, cığan-vığana düşməmişdim. Amma nədənsə, bu dəfə yaman ehtiyat edirdim. Elə bilirdim ki, biz tərəfi adlasam da İran tərəfi keçə bilməyəcəyəm. Gömrük işçiləri nəyi isə bəhanə gətirib məni saxlayacaq, saatlarla sorğu-suala tutub zəhləmi tökəcək, sonra da geri qaytaracaqlar, qoymayacaqlar gedib niyyətimi hasil eyləyim.
İncəvara, bu dəfə də rahatlıqla keçdim, heç bir əngəl-filan olmadı.
…Məndən altmış-yetmiş metr aralıda dayanmış bir maşın diqqətimi çəkdi. Şüşəsində bizim dildə, yəni latın əlifbası ilə “Culfa” yazılmışdı. Görən kimi tanışını, qohumunu tapmış adam təki sevindim. Neçə dəfə gedib-gəlməyimə baxmayaraq İran hərflərinə alışa bilmirdim. Heç danışıqlarına da alışammırdım, baxmayaraq ki, eynən bizim kimi danışırdılar, amma bir az sözləri uzadırdılar. Köhnə kişilər demiş, o taydakılara quşum qonmurdu…
Gəlmə olduğumu görüb hər tərəfdən üstümə düşdülər. Çağırmaqlarına baxmayaraq əhəmiyyət vermədən maşınların arası ilə keçib getdim. Arada hətta biri qolumdan tutub dartdı.
–Babaamm, haraa belə tələsirsən? İndi səni hara gonlun istəsə apararıq. Tez və rahat… Day bizi bəyənməyib yanımızdan niyə düz keçirsən?
–Babam, sizin hərflərlə yazmışıq ki, bilasıınz. Xoşun çəkir latın oxu, xoşun çəkir kiril.
Çənə döyməmək, onsuz da başa düşməyəcək, ya da başa düşmək istəməyəcəkdi deyə uzun-uzadı nəyi isə izah eləməmək, özümün də zəhləmi tökməmək xətrinə yavaşca qolumdan tutanın qolunu kənara itələyib yoluma davam etdim.
Sürücü podpresində “Culfa” yazılmış maşının yanında dayanıb üzü mən tərəfə baxırdı, bəlkə də elə mənə baxırdı, uzaqdan ona tərəf gəldiyimi görməmiş deyildi. Dəqiqləşdirmək üçün bir də podpresə baxdım. İndi nəzərimə çatdı ki, iki dəfə “Culfa” yazılıb, biri kiril, biri də latın hərfləri ilə. Gülməkdən özümü güclə saxladım; az qala on il olacaqdı ki, kirill hərflərinə “əlvida” deyib latın hərfləri ilə yazıb oxuyuruq, amma kiril hərfləri hələ də ekrandadır.
Sifətindən oxunurdu ki, sürücü Arazın bu tayındandı, bəlkə də mənə elə gəlirdi, özü də danışmasa belə naxçıvanlı olduğunu düşündüm. Nədənsə, fikirləşdim ki, Arazın Güney tayındakılar daha xoşsifət, daha məsumdular. Sovet hakimiyyəti, rustəbiətli davranış, təlim-tərbiyə onları geridə qoysa da fel-fırıldaqdan, bic-bicəngəlikdən də nisbətən kənarda saxlamışdı.
–Salam! – Yaxınlaşan kimi ucadan salamlaşdım.
–Əleyküməsalam. – Sürücü bildiyim şəxs sakitcə, lap quyunun dibindən gələn güclə eşidiləcək səslə salamımı cavabladı. Mənə elə gəldi ki, o, haray-həşirlə müştəri toplayanlardan çəkindiyi üçün astadan salamlaşır, qorxur ki, yeganə müştərisini də gəlib əlindən alacaqlar. Ancaq yüz o taylı gəlsə də mən onların heç birinin maşını ilə gedən deyildim.
Maşına nəzər saldım, salonda oturanlar vardı.
–Culfaya gedirikmi? – Podpresdəki yazıya işarə elədim.
–Allahın köməkliyi ilə Naxçıvana. – Sualımı sürücü eyni tərzdə astadan cavabladı.
–Sizdə sıxlıq olar… – Xalaxətrin qalmasın astadan pıçıldadım.
–Babam, sizdə sıxlıq olar. – Sürücü dillənməmiş qulağımın dibindən kimsə səsləndi, zalım oğlu elə bil məni güdürmüş, yana çevriləndə onu gördüm, ələngənin, yekəpərin biriydi.
Sürücü gülümsündü, nə cavab vermədi, nə də əhəmiyyət… Sonra keçib sükan arxasında əyləşdi. Mən də maşına yaxınlaşdım. Bir nəfər qabaqda, iki nəfər arxada oturmuşdu. Arxa qapını açdım, bir kişi, bir arvad idilər.
–Salam. Mən də otursam narahatçılıq olmaz ki? – Hər ehtimala qarşı soruşdum.
Onlardan səs çıxmadı.
–Həmişəki kimidir. Niyə narahatçılıq olsun ki? – Sürücü kefikök vəziyyətdə gülümsündü.
–Onda nəyi gözləyirik? – Məntiqsiz də olsa soruşdum.
–Sizi. Buyurun, əyləşin, gedək.
–İstəyirsiniz, mən arxaya keçim. – Qabaq oturacaqda oturan, məndən beş-altı yaş cavan olmasına baxmayaraq da, on-on beş kilo ağır görünən kişi təklif etdisə də razılaşmadım.
–Eyb etməz.
Salona keçib oturdum, yerimi rahatladım. Heç birimiz bir-birimizə mane olmurduq.
–Süleyman. – Tanışlıq verdim, amma heç biri buna əhəmiyyət vermədi.
–Siz Culfaya gedirsiniz? – Əvəzində sürücü heç nə eşitmirmiş kimi az qala pıçıltı ilə soruşdu.
–Yox. Üçdibinə gedirəm.
–Onda Səfərlidə düşəcəksiniz, yoxsa Tüəlidə?
–Səfərlidə.
Maşın yerindən tərpəndi.
Məhərrəm əminin qırx mərasiminə gedirdim. O, Üçdibində yaşayırdı – o taylı qohumlarımızdandı.
Şərəfnisə qocam Üçdibin qızıydı. Əslində, Şərəfnisə qocamın babasıgil Üçdibinə bizim Sürtün kəndindən köçüb getmişdilər, bunu Şərəfnisə qocam böyüklərindən, biz də ondan eşitmişdik.
Babam Hüseyxan kişi Şərəfnisə qocamı bahar bayramı vaxtı, Üçdibinə, qohumlarıgilə bayramlaşmağa gedəndə görüb bəyənib. Ailə qurandan sonra Sürtün kəndində yaşamalı olublar, daha doğrusu, Şərəfnisə qocam bura gəlin gəlib.
Kəndin başqa sakinləri kimi təsərrüfatla məşğul olurmuşlar, mal-heyvan saxlayırmışlar. Qışı Araz qıraqlarını, Hasanı bağı, Sığırt düzlərini otarır, yayı Alçalıya, Əvəlikliyə, Miyandərə yaylağına qalxarmışlar. Şərəfnisə qocamın dediyinə görə, üç yüzdən çox qoyun-keçiləri, on-on beş sağılan iribuynuzlu mal-qaraları varıymış. Sovet hökumətinin dalğası onları yaylaqdan enəndə vurub. Kiçik kəndlərin birləşdirilməsi, kollektiv təsərrüfatın yaradılması məsələsi ortaya çıxanda Hüseyxan babama bolşevik dostlarından kimsə qabaqcadan xəbər gətirib. Deyib bəs nə durmusan, təzə hökumət gəlir, əlində nəyin var, hamısını alacaq, özünü də kulak damğası ilə damğalayıb Sibirə sürgün eliyəcək. Hüseyxan babam da ha yenişə-yoxuşa fikirləşir, bir çarə tapa bilmir. Hökumətlə hökumətlik eliyəsi deyil ha… Gözün baxa-baxa on illərlə zəhmət çəkib təsərrüfat yaradasan, gəlib qapından yığıb aparalar, cıqqırını da çıxarda bilməyəsən, bir söz deyəmmiyəsən. Bununla da qane olmayalar, adının qabağına bir kulak nallayıb özünü göndərələr gedər-gəlməzə, xaraba qalmış Sibirə. Nə sənin ailə-uşağından xəbərin ola, nə onların səndən… Sonra da kim harda öldü, öldü…
“Ağıllı fikirləşincə, dəli vurub çayı keçər” deyiblər. Hüseyxan babam da fikirləşməklə çıxış yolu tapa bilməyəcəyini görüb gecə ilə təsərrüfatını sürür Arazın o tayına. Şərəfnisə qocama da tapşırır ki, hazırlaşın, bir gecə də gəlib sizi aparacam. Şərəfnisə qocamın da elə o vaxtdan gözü yolda, qulağı səsdə qalır, amma nə Hüseyxan babam onları aparmağa gəlir, nə də bir xəbərini alırlar…
Rus qaradovoyları Araz boyu mühafizəni elə gücləndirirlər ki, nə o taydan bəri, nə bu tərəfdən o taya bir adam gedə bilir. Sonra da üç-dörd yerdən tikanlı məftillər çəkib birdəfəlik əlaqəni kəsirlər. Hüseyxan babam o tayda qalır, Şərəfnisə qocam da iki körpə uşaqla bu tayda.
–Deyəsən buralara birinci dəfədir gəlirsiniz? – Sürücünün səsi məni fikirdən ayırdı.
–Necə ki? – Sualın mənasını başa düşmədiyimdən dəqiqləşdirmək istədim.
–Heeçç! Belə görünürsünüz. – Sürücü cavabladı. – Fikriniz, diqqətiniz geridədi. Elə hey Araz tərəfə baxırsınız…
–Hə… elədir… Fikir-xəyal insanı rahat buraxır ki…
–Hələ xeyli yol gedəcəyik. Bir istəyiniz olsa, utanmayın, deyin. Çay-filan, ayaqyolu…
Dinmədim. Bayaqdan heç fikir verməmişdim, indi baxdım ki, böyrümdəki arvadla kişi xısın-xısın danışırlar. Qabaqda oturan da, maşallah, div yuxusuna getmişdi, bir xorultu-nərilti salmışdı ki… Deyirdin bəs, bu dəqiqə maşının hava filtirlərini sorub içəriyə gətirəcək.
Başa düşdüm ki, sürücüyə söhbət eləmək üçün yol yoldaşı lazımdı, amma bu, indiki halda mənlik deyildi. Heç bir söz demədən üzümü bayaqkı səmtə çevirdim. Sürücü də, deyəsən, bunu başa düşdü və daha heç bir söz demədi.
…Şərəfnisə qocam ömrünün sonunadək səksəkə üstündə yaşadı, gecə də, gündüz də gözü Xaçamaş yalında, qulağı xoş xəbər sorağında qaldı. Səksənbeşi adlayıb, doxsanı haxlayanda artıq nə dizində təpər qalmışdı, nə ürəyində yağ. Əti də ərimişdi, bir sümük, bir dəriydi. Amma ümidini üzməmişdi, elə hey gözü yol çəkirdi, bayatılarla özünə təskinlik verirdi: “Hamının gedəni gəldi, bəs mənim gedənim hanı?”
…Bir gün xəbər gəldi ki, bəs hamı Arazın qırağına toplaşsın, tikanlı məftilləri qırıb dağıdacaqlar. Hökumətin zəif vaxtlarıydı, ölkə daxildən dağılırdı. Bir tərəfdən də ermənilərlə dava qızışmaqdaydı. Ancaq heç kimin ağlına gəlməzdi ki, tikanlı məftillər qırıla bilər. Yatsaydın, heç yuxuna da girməzdi bu. Amma bu beləydi, sən demə, tikanlı məftillərin qırılması ilə də hökumətin dağılmasının sürətlənməsi başlayacaqdı.
Hamımız Araz çayının qırağına toplaşdıq. Qonşu kəndlərdən də axışıb gəlmişdilər, uşaqlı-böyüklü bir neçə yüz adam olardıq. Bununla belə, cürətimiz nə idi ki, tikanlı məftillərə yaxın gedək. Təsəvvür etdiyimiz kimi deyildi, tikanlı məftillər boyunca sərhədçi əsgərlər də düzülməmişdi, yalnız sərhədçi qülləsindən bir əsgər durbinlə bizi müşahidə edirdi.
Sərhəd xofu hələ də canımızdaydı. Biz heç vaxt sərhəddə yaxın getməzdik. Məcburiyyət qarşısında sərhəd boyu addımlayanda da o taya – İran tərəfə baxmaz, heç qolumuzu belə tərpətməzdik. Dəfələrlə belə hal olduğundan sərhədçilər mal-heyvan otaran kəndlini tutub zastavaya aparmış, sorğu-sualla zəhləsini tökmüşdülər.
“Ay, nə bilim, sən İrana işləyirsən, agentsən, şpionsan. Əlinlə İrana işarə verirdin. De, görüm harda, kiminlə görüşürsən? Sənə nə qədər pul verirlər?” Bir sözlə, başını aşağı salıb kəndçiliyini edənin də beş dəqiqənin içində kəndçiliyini burnundan gətirir, bu işıqlı dünyaya gəldiyinə peşman qoyurdular.
İndi bizim cürətimiz nə idi ki, sərhədə yaxın gedək, ya tutalım, əlimizə kəlbətin alıb tikanlı məftilləri qıraq, dirəkləri aşıraq. Çox da ki, yuxarıdan sifariş gəlib. Gözləyək, qoy özləri gəlib çıxsınlar. Görək tikanlı məftilləri necə qırırlar.
Arazın o tayında da xeyli adam toplaşmışdı. Bizdən fərqli olaraq onlar daha şən görünürdülər; səs-küy salır, ucadan nə isə deyib qışqırışırdılar, amma sərbazlar gözə dəymirdilər.
Elə bu vaxt sərhədçilərin VİLLİS və çadırlı QAZ-66 maşınının bizə tərəf gəldiyini gördük. İstər, istəməz canımıza bir üşütmə düşdü. İndicə avtomatların şaqqıldayacağı, bizi qırıb çatacaqları anın yaxınlaşdığını düşündük. Ancaq heç kim yerindən tərpənmədi, dişimizi dişimizə qıcayıb durmuşduq. Arazın sərt silyanı da bir yandan əhədimizi kəsirdi. Maşınlar yaxınlıqda dayandılar və içindəki adamlar yerə tökülüşdülər, onlar mülki vətəndaşlardı, bu da bizə bir az toxtaqlıq gətirdi. Gələnlərdən kimsə səsgücləndirici vasitəsilə nə isə deyirdi. Səs həm çox boğulurdu, həm də tunelin üstündəki Dəvəboynu dağlarında əks-səda verirdi deyə heç nə başa düşüb anlamaq olmurdu.
Adamlar maşından tökülən kimi sərhədə tərəf cumdular və əllərindəki kəlbətinlər və digər kəsici alətlərlə sərhəd dediyimiz tikanlı məftilləri doğrayıb yerə tökməyə başladılar. Sərhədçi qülləsindən müşahidə edən əsgər güllə atmadı – bu hal bizə çox qəribə göründü və biz də cürətlənib dirəkləri aşıranlara tərəf köməyə getdik. Gələnlər arasında iki, ya üç sərhədçi zabit vardı, onlar da qüllədən baxan əsgər kimi dayanıb müşahidə edirdilər.
Bir neçə yerdən tikanlı məftilləri qırıb özümüzə yol açdıq və elliklə keçib düz çayın qırağına getdik. Araz çayı çox sakit axırdı, elə bil ki, laldı, ya da günahkar uşaqlar kimi səsini çıxartmağa qorxurdu. Bir xalqı ikiyə böldüyündən, bəlkə də, qohumları bir-birindən ayrı saldığına görə utanırdı. Hər halda mənə belə gəlirdi.
Burdan o taylı qardaşlarımızın səsini daha aydın eşidirdik. Kimisi əllərini yudu, kimisi də şaxtaya, sazağa baxmayaraq corablarını çıxardıb ayağını suya saldı.
–Oxxayy! – dedi. – Əhd eləmişdim. Axır ki, əhdimə çatdım.
Sonra ara qızışdı, o taylı-bu taylı danışıqlar başladı. Camaat bir-birindən qohumlarını saraqladılar.
Hüseyxan babamın ölüm xəbərini də onda eşitdim. Kişi gəlib ailəsini aparmaq üçün çox cəhd edib, amma alınmayıb. Əlacı hər yerdən üzüldükdən sonra Üçdibin kəndində Şərəfnisə qocamın çox gənc ikən dul qalmış xalası qızı ilə evlənib. Hazırda Üçdibində Məhərrəm adlı bir oğlunun öz ailə-əyalı ilə ata ocağında yaşadığını da o taydan dedilər.
Bu xəbər mənim üçün böyük üzüntü idi. Üzünü görməsəm də Hüseyxan kişi dost-doğma babam idi. Onun başqa arvaddan olan oğlu Məhərrəmin və ailəsinin mənimlə necə qohumluq əlaqələrinin yaradılacağına, ümumiyyətlə ünsiyyətimizin alınacağına az ümid bəsləyirdim. O taylı-bu taylı, qismən də olsa yaxınlaşmaq təskinliyi ilə axşam şər qarışanda kəndə qayıtdıq. Ertəsi gün yenidən görüşəcəkdik, özü də təzə tapdığımız qohumları da çağıracaqdılar.
–Yorulmadın ki! – Gözüm baxa-baxa sürücünü az qala Məhərrəm əmi zənn edəcəkdim.
–Necə bəyəm?
–Deyirəm, yoruldunuzsa, yol üstü bir çay içək…
Baxdım ki, qabaqda oturan adam öz xornasındadı, zalım oğlu, elə bil iki günlük gecə növbəsindən çıxıb. Böyrümdəki kişi də arvadı elə qucaqlayıb başını çiyninə qoyub, elə bil min ilin tamarzısıdı, day bilmədim arvadıdı, oynaşıdı, elə də xısın-xısın pıçıldaşırdılar ki, bir kəlmələrini də eşidib başa düşmək olmurdu. Odur ki, onları “narahat” etməmək naminə astadan dilləndim.
–Hələ sür! Qabaqlarda bir yerdə oturarıq.
–Necə məsləhətdi! – Sürücü könülsüz mızıldandı, salondakı ab-hava ona da ləzzət eləmirdi, görünür, havasını dəyişmək istəyirdi.
…Dirəklərin aşırıldığı, tikanlı məftillərin qırıldığı vaxtlar, o tayla əlaqələrin yaranhayaran çağında Şərəfnisə qocamın ürəyi lap üzülmüşdü, yatağa girmişdi, durub gəzməyə taqəti qalmamışdı. Ədəbxanadan başqa heç hara apara bilmirdilər, getmirdi. “Məni rahat buraxın, bir havır dincimi alım, bərk yorulmuşam” deyirdi. Yorulacaqdı da, bir ömür durmadan işləmişdi, dünyanın ac-yalavac vaxtında iki yetim böyütmüşdü, sonra da nəvələrinin yolunda kül-torpaq etmişdi özünü. Kənd yerində nə ki, xırda-xuruş iş vardı, hamısına əl atmışdı. Ömür vəfa etsəydi, özünü yüzə də çatdırardı.
Neçə gün idi yataqda idi Şərəfnisə qocam, sudan başqa heç nə dilinə vurmurdu. Öləcəyini bilirdik, özü də hiss eləmişdi, hayana ola, dünyagörmüş arvaddı, kənddə neçəsinin gözünü basıb çənəsini çəkmişdi. Amma rahatlanıb canını tapşıra bilmirdi, ta ki, o taydan Hüseyxan kişinin ölüm xəbəri gəldi, elə bil arvadın da gözünə işıq gəldi. Göz yaşı sel-suya dönüb yanağı aşağı axdı. Toxtaqlığın mənası yoxdu, hamımız ona qoşulmuşduq. Havayı deyildi, altmış il idi xəbər gözləyirdi. Kimin ürəyi partlamazdı ki.
Gözlərinin yaşı quruyandan sonra dəsmalla sir-sifətini sildim. Gözlərini açıb məzlum-məzlum mənə baxdı, güclə eşidiləcək səslə soruşdu:
–Məhərrəm dedikləri adamı öz gözünlə gördün? – Qocama hardansa güc gəlmişdi, ötkəmləşmişdi.
–Həə! – Həm cavab verdim, həm də başımı tərpətdim.
–Çox oxşuyurdu babana… – Qocamın çənəsi titrədi, sanki kişinin o tayda evlənməsini, oğul sahibi olmasını bu yaşında da qəbul edə bilmirdi.
–Hə. – Babamı harda görmüşdüm ki, mən, şəkilinə baxmışdım, o da sinədən yuxarı, bozumtul şəkilinə. Yalandan da olsa təsdiqlədim ki, arvadın gözü yoldan yığışsın.
–İmkan düşən kimi… gedərsən. Qəbrini taparsan… deyərsən ki… qocam… halallığını verib… rahat yat…
Şərəfnisə qocam bu an gözlərini bərəldib mənim gözlərimə zillədi, bilmədim xəbərə görə təşəkkürmü edir, yoxsa yalan, ya doğru danışdığımı gözlərimdən öyrənmək istəyir. Əllərini güclə də olsa yataqdan yuxarı qaldırdı, dodaqlarını tərpədib nəsə demək istədi, dedi də, amma mən eşidə bilmirdim, sanki Tanrı ilə öz aralarında nə isə pıçıldaşırdılar. Sonra qollarını aşağı saldı və başını azacıq o tərəfə əydi.
Arvadın səsi xırıldadı… bəlkə də boğazında xırıltılı səs eşidildi… tam hərəkətsiz qaldı… Sifətindəki son həyat işarəsi çəkilməyə başladı.
–Qoca… qoca… – dedimsə də… artıq gec idi, Şərəfnisə qocam boynunu büküb gözlərini bərəltmişdi.