bannerbannerbanner
полная версияBizi Umudsuz qoyma

Əli Bəy Azəri
Bizi Umudsuz qoyma

Полная версия

İndi mənə çatdı ki, arvad canını tapşırıb. Bu, çox qəribə göründü, xəstə adamın qüvvətlənməsi, danışması və… bir anın içində… ölməsi… İnanmaq istəməsəm də çıxdım ki, qadınlar arvadı rahatlasınlar.

Ertəsi gün mən Arazın qırağına gedə bilmədim. Şərəfnisə qocanın dəfni ilə məşğul olduq, onu İslam adəti ilə son mənzilə yola saldıq. Qışın soyuğuna baxmayaraq Arazın qırağına getmək, artıq adət şəklini alırdı. Adamların sayı azalsa da çayın qırağına toplaşırdılar.

Axşam çayın qırağından gələnlər otaylılar arasında Məhərrəmin də olduğunu, məni soruşduğunu dedilər. Şərəfnisə qocamın ölüm xəbəri onu da sarsıdıbmış.

Çox keçmədi ki, o taya gediş-gəliş başladı. Adamlar daha çayın qırağına toplaşmırdılar, kim o taya getmək istəyirdisə, gedib adını yazdırırdı. Xudafərində məntəqə yaratmışdılar, o taya getmək istəyənləri qeydə alırdılar. Sovet hökumətinin yeni qanunlarıydı, nə viza lazım idi, nə də xarici pasport. İran tərəf də Sovetin qırmızı pasportunu nəzərə alırdı.

Dağlıq Qarabağ və ətrafdakı rayonlar, xüsusən də Arazqırağı ərazilər işğal olunana kimi o taya Xudafərin körpüsündən keçib gedirdik. O taylı soydaşlarımız isə bu körpüdən keçib gəlməzdilər, həmişə Arazı gizlində keçib gələrdilər. Bilmirəm, onların hökuməti icazə vermirdi, yoxsa özləri belə istəyirdilər. Bir də görürdün ki, gecənin bir aləmində kimsə qapını döydü. Kənd yerində qapı döyməzdilər, eləcə aralıdan səslənərdilər ki, ev yiyəsi kimin gəldiyini səsindən tanısın. Durub qapını açırdın – görürdün iranlı dayanıb qarşında.

–Babam, gecənin bu vaxtı nə şəbbə-xeyir?

Deyirdi:

–Xeyirdi, babam. Allah qonağıyam, özü də Məhərrəm əmindən salam gətirmişəm.

Məhərrəm əmi özü heç vaxt Arazın bu tayına adlamazdı – nə gizlin, nə də hökumət yoluynan. Babamdan daha çox anasına oxşamışdı, sakit təbiətliydi, elə bil əsəbləri yoxdu, atasının yurdu ilə heç maraqlanmazdı. Bizə bir az oxşamışdı – həm qanundan qorxurdu, həm də çaydan…

İlk vaxtlar iki dəfə Xudafərindən keçib o taya getdim, axtarıb qohumlarımı tapdım, onları yaxından tanıdım, əlaqəmizi gücləndirdim. Amma dədə-baba yurdumuz işğal olunandan sonra getmədim, gedə bilmədim. Hansı üzlə durub öz yerlərimizə baxacaqdım?

tayda dayanıb həsrət-həsrət doğma yurd yerlərimizə baxmağa ürəyim dözməzdi. Necə olsa da, dəmir, daş deyildi ürəyim, yumruq boyda bir parça ətdi, dözməyib partlaya bilərdi.

Arada necə oldusa, bir dəfə üzə salıb məni də apardılar. Burdan elə çıxdıq ki, şəvinik düşəndən, şər qarışandan sonra gedib çatdıq ora. Gecə vaxtı ha baxsan da təbiət elə təbiətdi, istər Zəngilan dağları olsun, istər Xızı, istər Qusar, istər Qax dağları, istərsə də Savalan, ya Aslandüz, bir fərq görməzsən.

Həmin axşam bütün qohumlar yığışdı başımıza. Hərəsi bir söz soruşur, bir şey danışırdı. Babamın qohum-əqrəbası mənə elə şirin gəlirdi ki, hamısını qucaqlayıb bağrıma basmaq istəyirdim. Gecə yarısı olmasına baxmayaraq heç kim bizdən ayrılıb yatmaq istəmirdi, çox maraqlı vaxt keçirirdik.

Yatmaq vaxtı gələndə Məhərrəm əmi, mən, bir də mənimlə gələn dayoğlu Səməd bir otaqda yatmalı olduq. Axşamdan qızışan söhbət zamanı heç nə soruşmayan, heç nə də danışmayan, ancaq oturub matdım-matdım baxaraq bizi dinləyən Məhərrəm əmimin lap astadan – hiss etdim ki, Səmədin eşitməsini istəmir, soruşması nəsə mənə çox qəribə təsir bağışladı, elə bildim ki, babamın nə isə mühüm bir sirrini açacaq.

–Qağa, biz qohum deyilik?

Onun belə soruşması mənə lap sirli göründü. Fikirləşdim ki, yüz faiz babamın qızılı olub-olmadığını soruşacaq. Kişi çox güman ki, onlara olmayan “qızılının” yerini deyib. Mən də hazırlaşırdım cavablamağa. Deyəm ki, bəs bu neçə illər nə ilə dolanmışıq? Babam mal-heyvanı yığıb bura adladanda quru yurdda qoydu bizi. Bir həsirimiz vardı, onu da Sovet hökuməti alıb kolxoza baydaq tikdirdi.

–Necə qohum deyilik? – Qəfildən ağzımdan çıxdı deyə səsimi azaltdım. Babamın nəvəsi mənəm, oğlu da sənsən, əmim sayılırsan. Mən Şərəfnisə arvadından olan oğlunun oğluyam, sən də Lala arvadından olan oğlusan… Bəs neçə vaxtı bunları aydınlaşdırmışıq axı… İndi bu nə məsələdir, soruşursan?

–Hirslənmə, sözümün canı var…

–Di nə durmusan, de… Babamın qızıllarının yerini soruşacaqsan? – Yenə də özümü saxlaya bilmədim.

–Biz qohumuqsa, deməli, bir xalqıx, bir millətik. Elə deyilmi? – Məhərrəm əmi, deyəsən, dediklərimin heç birinə əhəmiyyət vermirdi.

–Əlbəttə, elədir.

–Sən oxumuş adamsan. Yaxşı, onda mənə cavab ver, görüm, biz necə eyni xalq, eyni millətik ki, bizə türk, sizə azərbaycanlı deyirlər?

–Elə türk də azərbaycanlı, azərbaycanlı da türkdür dayna!..

–Yox, baba nəvəsi, mən burda səninlə razı deyiləm. Nə Məhərrəm əmin Süleyman deyil, nə Süleyman Məhərrəm əmin ola bilməz. Burda nə isə başqa bir şey var, böyüklərimiz bizdən gizlədirlər.

–Hamımız Azər adlı bir kişinin törəmələriyik.

–Hələ bilmək olmaz ki, bu Azər də kimin uydurmasıdı.

–Bu söhbətlər bizlik deyil. Yaxşı olar ki, yataq. – Astadan dilləndim. – Yat, Məhərrəm əmi, gecə yarını çoxdan keçib. Səhər obaşdan durub Kəleybərə gedəcəyik. Gərək yatıb dincələk ki, getdiyimizə görə o dağlara çıxa bilək.

Səhər obaşdan qonşunun taksi maşınında yola çıxdıq. Kəleybərə çatanda hər tərəf qatı duman idi, günün hansı vaxtıydı, bilmədik, heç saata baxıb müəyyənləşdirmək də istəmədik, nəyimizə lazımdı, gəzintiyə çıxmışdıq. Maşını Kəleybərdə qoyub yolumuza piyada davam etməli olduq. Babəkin qalasına qalxan yol cığır kimiydi, insafən, bu cığırı da yaxşı düzəltmişdilər, iki nəfər qabaq-qabağa gələndə rahatlıqla keçə bilirdi. Məhərrəm əmi asta yerisə də bizdən geridə qalmırdı, arabir dayanır, bizi də dayandırır, nəfəsini dərə-dərə müəyyən söhbətlər danışır, sonra yolumuza davam edirdik.

Babək qalasına yüz-yüz əlli metr qalmış qatı duman təbəqəsini yarıb keçdik. Duman dənizi bizdən aşağıda qaldı. İlahi, bu nə mənzərəydi, göz istəyirdi ki, tamaşa eləsin. Bir az da bizim Daşkəsən yaylalarına oxşayırdı, xüsusən də Xaşbulağa, Qoşqar zirvəsinə. Qoşqarın zirvəsi də çox zaman duman, bulud təbəqəsindən yuxarıda olardı.

Qəşəng də gün çıxmışdı. Səməd telefonu ilə bir neçə şəkil çəkdi. Bizdən başqa da qalanı ziyarət edənlər vardı, onların arasında iki gənc diqqətimizi cəlb etdi, görünür, universitet tələbələriydi. Bizim gəlmə olduğumuzu onlar da hiss etmişdilər, arabir nə isə soruşur, bu tay ilə maraqlanırdılar.

–Sənin o telefonun üçümüzün bir yerdə şəklini çəkə bilərmi? – Məhərrəm əmi nə fikirləşdisə, Səməddən soruşdu.

–Niyə çəkmir? Çəkər! Lap beşimizin də şəkilini bir yerdə çəkər. – Səməd sualı başa düşdü, düşmədi, deyə bilmərəm, gülümsəyərək belə cavab verdi.

–Onda ver uşaqlardan birinə, bizim şəkilimizi çəksin.

Səməd qalanı ziyarət edən oğlanlardan birinə telefonu ilə necə şəkil çəkmək lazım olduğunu izah etdi. Biz üçümüz obyektivin qabağına keçdik. Məhərrəm əmi ortada dayandı, mən sağında, Səməd isə solunda durduq, qollarımızı onun kürəyində çarpazladıq. Cavan oğlan iki dəfə çıqqıldadıb şəkillərimizi çəkdi, sonra telefonu Səmədə verdi ki, baxsın. Səməd ekrana baxıb razılıqla başını tərpətdi.

–Təşəkkürlər! Yaxşı düşmüşük.

Məhərrəm əmi ekrana baxandan sonra dönüb mənə baxdı, elə diqqətlə baxdı ki, elə bil birinci dəfəydi görürdü, bəlkə də bu, mənə belə göründü. Baxdı, baxdı və birdən boynumu qucaqladı.

–Dədə balası, – dedi, – ölmədim, bu günümü də gördüm. Sən mənə dədəmin əmanətisən, dədəmin yadigarısan.

Məhərrəm əmi başını çiynimə qoymuşdu, tərli boynumdan nəfəs alırdı.

–Dədəmin iyini səndən alıram. Sən ona daha çox oxşayırsan. Elə bil özüsən ki, varsan.

Özümüzlə yemək götürmüşdük, qalanın yanında, elə ayaqüstü adama bir tikə yeyib geri döndük.

İndi istəməsin, Şərəfnisə qocam məni yaman çox istəyirdi. Həmişə boynumu qucaqlayıb bağrına basardı, boyun-boğazımı iyləməkdən doymazdı. Lap ot biçməkdən, odun yarmaqdan tərli-tərli gələndə də belə edərdi. Deyirdim, ay qoca, tərliyəm, imkan ver, gedim yuyunum, paltarımı dəyişim. Bıldır-bıldır göz yaşı axıdardı. Deyərdi, bala, Hüseyxan babanın iyini səndən alıram, mənə çox görmə bunu. Deyirdim, bəs o biri qardaşlarım, axı onlar da səninlə Hüseyxan babamın nəvələridi… Deyirdi, yox, ay bala, onlardan babanın iyini alammıram…

Razılaşırdım, bir də baxırdım ki, tərim soyuyub, gedib yuyunmağa, paltar dəyişməyə ehtiyac qalmayıb. Kənd həyatının qayğıları olduğu kimi öz gözəlliyi də vardı. Bir də bu genetik kod, nəydisə, mən bilmirdim, heç indi də doğru-dürüst izah edən olmadığından tam anlamamışam. Amma babaların ruhu kimin canına hopursa, onun bütün xüsusiyyətləri də onun canında yaşayır. Beş barmaq bir olmadığı kimi bütün qardaşlar da eyni ola bilmir…

İndi Məhərrəm əmimin bunu necə duyması, hiss etməsi mənə qəribə gəlirdi. Məhərrəm əmim Şərəfnisə qocamı görməmişdi ki, deyəsən o, öyrətmişdi. Bunu necə bilmək olardı? Bəs, mən niyə bilmirdim.

Ertəsi gün geriyə dönəndə hamı ilə görüşüb öpüşdükdən sonra Məhərrəm əmim məni bir də qucaqlayıb bağrına basdı. O üzümdən, bu üzümdən öpdü, boynumu iylədi. Mən aralanmaq istədim, buraxmadı, elə bil hiss etmişdi ki, bir daha görüşməyəcəyik. Astadan qulağıma pıçıldadı:

–Süleyman, sən dədəmin özüsən ki, varsan. Səndən onun iyini alıram. Bizi unutma, imkan düşən kimi gəl.

Aralaşıb maşına minmək istəyirdik ki, bir də səsləndi.

–Şəkil yaddan çıxmasın.

Biz Təbrizə gəlib telefondakı şəkilləri çıxartdırdıq, bir neçəsini Seyfulla adlı qohumumuz vasitəsilə Məhərrəm əmiyə göndərdik, qalanlarını isə özümüzlə gətirdik.

vaxtdan on ildən çox keçib, bəlkə də on beş il. Ancaq bu müddət ərzində mən bir daha o taya gedə bilməmişəm.

–Çatdıq!

Sürücünün səsi məni xəyallar, xatirələr aləmindən ayırdı. Mənə elə gəldi ki, sürücü əyləci möhkəm basıb, ya da maşını yavaşdan nəyəsə çırpıb. Çünki maşın dayananda özümdən asılı olmayaraq qabağa getdim və alnım qabaqdakı oturacağın söykənəcəyinə toxundu. Bununla da qabaq oturacaqda oturanın xorultusu xırp kəsdi.

 

–Çay içəcəyikmi? – Ayılan kimi dərhal soruşdu.

–Rəhmətliyin oğlu, yolboyu yatmısan, dünyadan xəbərin olmayıb. – Sürücü deyindi. – Yolda iki dəfə çay içmək imkanı olub, demişəm. Ya eşitməmisən, ya da eşidib özünü yuxuluğa vurmusan. Səfərlidə çayxana var ki, çay içək?

Sakitcə maşından düşüb sürücünün pulunu verdim.

–Azdı. – dedi. – Beş manat da əlavə elə. Sən olmasaydın, başqa müştəri götürəcəkdim. Mən Culfanın qiymətini alıram.

Heç bir söz demədən beş manat da verib, onlardan aralandım. Keçiddə pul dəyişsəm də taksi sürücüsü bu taylı olduğundan ona özüm Azərbaycan pulu verdim, əslində elə onun üçün də bir fərqi yoxdu.

Artıq axşamüstü idi, havanın tam qaranlıqlaşmasına az vaxt qalardı.

Gecəni Mustafanın evində qaldım, mərhumun evinə getmək istəmədim. Gedib nə edəcəkdim ki? Başsağlığını sabah versəydim yaxşı olmazdımı? Yenə ölən kimi xəbər tutub gəlsəydim, başqa məsələ…

Mustafa Məhərrəmin bacısı Suqra xanımın oğluydu, ailəsi ilə Səfərlidə yaşayırdı. Kənddə böyük bir dükanı vardı, topdansatış kimi fəaliyyət göstərirdi. Fərasətli adamıydı, hamıyla dil tapa bilir, ünsiyyət qurmağı bacarırdı. Hesab-kitabını da yaxşı bilirdi. Culfadan Biləsuvaradək hamının ona borcu olurdu, Arazboyu bütün dükanlara nisyə mal buraxır, ayın sonunda ya özü düşüb yığır, ya da dükan sahibləri gətirərdilər. Mustafa əsl tacir idi – elə İran taciri…

Narahat hisslərlə yerimə girdim, elə bil yatağıma qor doldurmuşdular. Bircə səhər tez açılaydı…

…Qarışıq bir ərazidəyik. Deyəsən, bura qəbiristanlıqdı. Gah xeyli adam izdihamına rast gəlirəm, gah da ikimizdən başqa heç kimi görmürəm. Adamlar çox olsa belə heç kimi tanımıram, tanıdığım bircə adam varsa, o da Mustafadır.

Diqqətlə baxıram, hə, bura qəbiristanlıqdır. Tez qəbirlərin arasında Məhərrəm əmimin qəbirini axtarıram. Aram-aram qəbirlərin arası ilə keçirəm, Mustafa isə fərqinə varmır, alçaq, torpaq qəbirlərin üstündən adlayıb keçir. Belə olmaz axı, qəbirləri tapdalamaq, üstündən adlamaq günah sayılır. Bunun dinə aid olub-olmadığını bilmirəm, insanlığa yad bir şey kimi qəbul edirəm. Mustafanın qabaqda inamla addımlamağı məni arxayınlaşdırır, çalışıram ki, ondan geridə qalmayım. Və… qəfil yer ayağımın altından qaçır, özümü havadan asılı kimi hiss edirəm, nəfəs almağa havam çatışmır. Səndərləyirəm, başım hərlənir, sonsuzluğamı, havasızlığamı düşmüş kimi müvazinətimi itirirəm. Gözümə qaranlıq çökür, qaramat basır məni. Yan-yörəmə boylanıram, vahimələnirəm. Elə bil Mustafa da qeybə çəkilib.

–Süleyman dayı, sənə nə oldu, qəbristanlıqdanmı qorxdun?

Dilim söz tutmurdu, birtəhər başdaşını göstərdim.

Qəbirlər arxasında hündür başdaşılı bir qəbir var idi, o qəbirin başdaşından bizə işıq düşürdü. Bu nə işıq idi, nə vaxtdan qəbiristanlıqda işıq yandırırlar…

Birtəhər gözümü açdım, qan-tər içindəydim… Otaqda işıq yanırdı, özü də düz gözümə düşürdü. Mustafa düz otağın ortasında namaz qılırdı. Divardakı saata baxdım, beşin yarısıydı.

İlahi, nə vacibdi ki, namazı bu vaxta salmısan? Olmazdımı ki, hava işıqlaşanda insanlar namazını qılıb işlərinin dalınca gedərdilər…

Yox! Yox! Mən bunu heç vaxt edə bilmərəm. Etmərəm də… Namaz qılsam belə gecə yarısı durub işığı yandırmaz, kiminsə yuxusuna haram qata bilməzdim.

Özümü yuxuluğa vurdum, elə Mustafaya da bu sərfəli idi. Dəstəmazı yığışdırıb işığı söndürdü, soyunub yatağına girdi.

Səfərlidən Üçdibinə maşınla yarım saatlıq yoluydu. Biz səhər yeməyi yeyəndən sonra Mustafa dükanına getdi.

–Uzağı bir saata gəlirəm. – dedi.

Dükanında başqa işçiləri – nəzarətçi, satıcılar, fəhlələr olsa da vacib işi çıxdığını hələ axşamdan demişdi. Odur ki, bir saat gözləməli oldum. Sonra dərsə ikinci növbədə gedəcək oğlundan dükanın yerini soruşub evdən çıxdım.

–Bəlkə aparıb göstərim? – təklif eləsə də:

–Lazım deyil, özüm taparam. – deyib getdim.

Onun, doğrudan da işi çox idi, bir saata yekunlaşdıra bilməmişdi. Nə isə hesabat aparır, xırda tacir dostlarına mal buraxırdı.

–Dayı, – o, mənə dayı deyə müraciət edərdi, – sən Allah, incimə! Bu tacirləri başa salmaq çətin məsələdir, gərək bir batman beçə balıynan xar tut doşabı qarışdırıb yeyəsən, sonra gəlib bunlarla çənə döyəsən. Bilirlər ki, bu gün dayımın qırxıdı, hüzrdə olmalıyam, amma bununla belə, yığışıb gəliblər. Həm nisyə götürdükləri malın pulun gətiriblər, həm də yeni mal götürməyə gəliblər. “Gərəkdirsə, yenə də pul verək, dayının hüzurunu yola ver” deyirlər. Bir az səbr elə, bunları başımdan cəhənnəm eliyim, gedax.

Mustafa ilə birlikdə Üçdibindəki yas mağarının qabağına çatanda camaatın çoxu çöldəydi.

–Deyəsən, məclisə indi gəliblər. – Astadan səsləndim.

–Yox. İndiyə kimi bir havır “Quran” oxunub, çay içilib. Tam vaxtında gəlmişik, indi məzarıstana getməyə hazırlaşırlar. Bizdə qayda belədi. Günorta namazından sonra ehsan veriləcək. Ona qədər gedib məzarıstanı, dayımın qəbrini ziyarət edib qayıtmalıyıq.

Maşından düşüb camaata qoşulduq. Mustafa bir-iki nəfərlə əl tutub görüşdü, mən də… Burda kimi tanıyırdım ki… Bir dəfə gəlmişdim, o da lap çoxdan. Məhərrəmin ana qohumlarından kimi görmüşdümsə də indi adları da, sifətləri də yadımdan çıxmışdı.

Molla qabaqda, camaat da arxasınca qəbiristanlığa yol aldıq. Girişdə o, dayandı və ucadan salavat çevirdi.

–Cəmi qəbiristanlıq əhlinə bir salavat çevirək!

–Allah rəhmət eləsin, yerləri behiştlik olsun! – Molla ilə bərabər salavat çevirdikdən sonra yerbəyerdən səsləndilər. – Amin!

Sonra mollanın arxasınca qəbiristanlığa daxil olduq. Qəbirlər, xüsusən də başdaşılar mənə öz ölkəmizdəki lap köhnə qəbirləri xatırlatdı. Bizdə də nemes müharibəsinə qədər qəbirlərə alçaq başdaşı qoyar, şəkil vurulmazdı. Ərəb hərfləri ilə mərhumun adını, soyadını yazardılar, hətta təvəllüdünü miladi ilə deyil, ya hicri-qəməri, ya da şəmsi-qəməri tarixi ilə göstərərdilər. Bu yazılardan nə orda mənə bir şey aydın olmuşdu, nə də bu qəbirlərin başdaşlarındakı yazılardan bir şey anladım.

Birdən gözüm təzə qəbrin uca başdaşına sataşdı. Təzə qəbir bir az aralıda salınmışdı. Qara paltarlı adamlar həmin qəbiri dövrələməyə başladılar. Havanın buludlu olmasına baxmayaraq qəbirin başdaşındakı şəkil gözümü qamaşdırdı, sanki günəşin şüaları güzgüdən əks olunurdu. Gözlərimi qıyıb baxdım, anlamadım. Gözlərimi yumub açdım, başımı silkələdim… Ola bilməzdi… İlahi, bu nəydi gözlərimi qamaşdıran?

Bu qəbir niyə o biri qəbirlərdən aralıdaydı, təkdi, tənhaydı? Qərib idimi? Hələ bir buna bax! Başdaşındakı şəkilə bax! Başqa qəbirlərin başdaşlarına şəkil vurulmayıb axı… Bəs bu kimin şəklidir? Bu ki, mənəm. Bu ki, mənim şəklimdi. Güzgüdəmi baxıram özümə? Yox, yox, bu güzgü deyil, başdaşındakı şəkildir. Mənim şəklimi niyə başdaşına vurublar? Qara paltarlı adamlar niyə məni dövrəyə alıblar. Məgər mən ölmüşəm?

“Ay camaat, mən ölməmişəm, mən sağam. Burda…ayam!” – qışqırmaq, haray-həşir qoparmaq istədimsə də, səsim çıxmadı. Qollarımdan bərk-bərk tutmuşdular, nə qədər çabaladımsa da əllərindən çıxa bilmədim, az qalırdı ürəyim partlasın. Sanki qəbirdən xortdayıb çıxacağıma, qaçıb hər tərəfi bir-birinə qatacağımdan qorxurdular.

Yaxşı, bəs səsim niyə çıxmırdı, ağzımı ki, tutmamışdılar…

“Məən… mən ölməmişəm… sağam… burdayam…” – bir də qışqırmaq, buradakı adamlara özümü göstərmək istədim, cəhd etdimsə də yenə heç nə alınmadı. Eləcə ışqıra-ışqıra qaldım, sakitləşdim, süstləşdim, bir tikə kəsilmiş ət parçasına döndüm.

Adamlar öz işlərindəydi, qəbri dövrəyə almışdılar, kimsə yerdən balaca daş götürüb mənim şəklim vurulmuş, özü də mənə baxan başdaşını döyəcləyir, nə isə deyir, ağlaşırdılar. Molla nə isə oxuyur, əllərini üzünə çəkir, xorla onun dediklərini təkrarlayırdılar.

Yavaş-yavaş sakitləşdim, özümə gəldim. “Yaxşı, bəs mən nə vaxt öldüm ki, xəbərim olmadı? Mən axı müharibədəydim, ermənilərlə vuruşurdum, vətənimizi, torpaqlarımızı, min illər boyu məskən salıb yaşamış, ölmüş əcdadlarımızın qəbirlərini, bizə miras qoyduqları yurd yerlərini qoruyurdum.

Bəs necə oldu öldüm?

Mən axı ölməməliydim!

Mən axı söz vermişdim.

Müharibəyə yollananda generala söz vermişdim ki, ölməyəcəyəm. Atamı, yaxınlarımı arxayın etmişdim ki, ölməyəcəyəm. Atəş səslərinin tüğyan etdiyi zamanda ilk övladımı dünyaya gətirənə, sonralar elə övladlarıma da söz vermişdim ki, müharibədə ölməyəcəyəm. Söz vermişdimsə, deməli, ölməməliydim. Ölə bilməzdim.

Bəs bu necə oldu? Yox, bu ola bilməz, mən ölməmişəm!

–Dayı! – Mustafa astadan qolumu tərpətdi. – Sizdə qəbiristanlığa getmirlər?

–Niyə soruşdun, bacıoğlu? – Lap astadan dilləndim və hiss etdim ki, səsim gəlir, batmayıb.

–Heeç… elə-belə soruşdum.

–Mənə noolmuşdu? – Onun mənə çox qəribə və təşvişlə baxmasından səbəbini öyrənmək üçün astadan pıçıldadım.

Çiyinlərini çəkib gülümsədi.

Qəbiristanlıqdan çıxan izdihama qoşulduq. Ürəyimdən keçsə də qəbirə yaxınlaşa bilmədim. İndi hamıdan geridə qalmaq, başdaşına öz şəklim vurulmuş qəbirə yaxınlaşmaq, elə baxmaq istərdim ki… Məhərrəm əmimin qəbrinin başdaşını qucaqlayıb hönkür-hönkür ağlamaq, uzun illərdən bəri yığılıb qalmış nigilimi mənə doğma olan adamın sığındığı torpağa boşaltmaq, yüngülləşmək keçirdi ürəyimdən. Özümü çox ağır hiss edirdim, elə bil dünyanın yükünü çiyinlərimə yükləmişdilər, çəkə bilmirdim, yeridikcə ayaqlarım torpağa batırdı.

Mustafanın arxasınca ağır-ağır addımlayırdım.

Çadırın önündə dövrə vurub toplandılar. Ovuclara gülab suyu səpildi. Molla nə isə oxuduqdan sonra çadıra doluşduq. Uzunluğu hardasa iyirmi metrə yaxın olan çadırın baş tərəfindəki şəkil içəri girən kimi bərq vurub gözümü qamaşdırdı. Başım gicəlləndi.

Bu nədir, yenəmi məni qaramat basır?

Özümü cəmləşdirib Mustafaya nəsə demək istədimsə də deyə bilmədim. Çənəm əsməyə başladı, qəhər məni boğurdu, bilmirdim Məhərrəm əminin ölümünə heyfslənirəm, yoxsa…

Addım-addım çadırın ortasına tərəf getdim, boş yerlərdən birinə sığınıb oturdum. İndi divardakı şəkili aydınca görürdüm – həmin şəkil idi, bizim Babək qalasında çəkdirdiyimiz şəkil. Maraqlıdır, Məhərrəm əmimin bundan başqa şəkili yoxdurmu? Onun heç pasport şəkili də olmayıb? Yaxşı, bəs onda bu şəkildə niyə onun şəkilini ayırıb böyütməyiblər?

Özümü sorğuya tutdum, sual yağışına qərq etdim, deyəsən canım islanır, yavaş-yavaş özümə gəlirdim.

–Camaat! – Molla danışmağa başladı. – Hər insanın axirətə yollanmazdan qabaq bir vəsiyyəti olur. Bu vəsiyyəti o, özü demir, mələklər dedirdirlər. Rəhmətlik Məhərrəm özünü burada qərib sayırdı, deyirdi ki, əsl vətənimiz Arazın o tayıdır. Deyirdi, əvvəlcə orda qohum-əqrəbamız yaşasa da, ortada tikanlı məftil olduğundan gedə bilmirdik, sonra tikanlı məftilləri qırıb dağıtsalar da erməni gəlib işğal elədi, bizə gözdağı çəkdi. Bu necə vətəndə yaşamaqdır, adam da öz vətənində qərib olar? Bu vəsiyyətinə də əməl edib bir az aralıda basırdıq, qərib kimi… Bir də vəsiyyət etdi ki, bax, bu başımızın üstündə gördüyünüz şəkili böyüdüb həm mağara, həm də qəbrinin başdaşına vuraq.

Həyəcanım yavaş-yavaş azalırdı, deyəsən qabağıma çay qoydular. Stəkanı götürüb dodaqlarıma yaxınlaşdırdım, isti çay canıma ilıq məlhəm yaydı.

–Düzdür, bizdə qəbirin başdaşına şəkil vurulmur. İslamda bu barədə heç bir qadağa da yoxdur, yəni vurmaq da olar, vurmamaq da. Amma rəhmətlik Məhərrəm deyirdi ki, atası Hüseyxan kişinin yarısı o tayda qalıb. Özü cismən bu tayda yaşasa da ruhu o taydaydı. Elə Məhərrəmin bu şəkli də rəhmətliyin o tayda yaşayan qohumları ilə birlikdə çəkdirdiyi yeganə şəkildir. Məhərrəm deyirdi ki, bizi heç olmasa şəkildə ayırmayın, qoyun birlikdə olaq.

Molla çayından bir qurtum içdi.

–Yaxşı adam idi Məhərrəm, əlindən mərdimazarlıq gəlməzdi. Onun gül camalına bir salavat çevirək.

Əllər sifətlərə çəkildi.

–Yeri behiştlik olsun! – Molla ucadan səsləndi.

–Amin! – Yerbəyerdən səsləndilər.

Gözüm şəkildə qalmışdı, bilmirdim şəkildəki Məhərrəmdi, yoxsa özüməm…

Məclisə ehsan gələndə siqaret çəkmək üçün çadırdan çıxdım.

Yarım saatdan sonra Mustafa qolumdan tutanda ayıldım. Məhərrəm əmimin qəbrinin başdaşını qucaqlayıb ürəyimi boşaltmışdım.

Qaradinməz Məhərrəm əmimlə o ki, var dərdləşdim.

Şərəfnisə qocamla da söhbətləşdim, yaman qəribsəmişdim.

Üzünü görmədiyim Hüseyxan baba da burdaymış, onunla da danışıb xeyli yüngülləşdim.

Sən demə, hamısı burdaymış, aralarında bir mən yox idim, o da öz ayağımla gəlmişdim.

Mustafa qolumdan tutub dartırdı, amma heç getmək istəmirdim…

…bir neçə addımdan sonra dönüb baxdım, başdaşındakı şəklim də elə baxırdı ki… elə bil məni ilk dəfəydi görürdü…

Рейтинг@Mail.ru