bannerbannerbanner
полная версияBizi Umudsuz qoyma

Əli Bəy Azəri
Bizi Umudsuz qoyma

Полная версия

Halal ehsan

Qardaşlar içində ən kiçiyi olan Aslan əmim taksi sürücüsüdür. Səhər obaşdan evdən çıxır, bir də axşam şər qarışandan sonra evə qayıdır. Gün ərzində evdə olmadığından yalnız bayram günləri onu görə bilirdik.

Bir dəfə çox vacib işim çıxdı, mütləq əmimlə görüşüb məsləhətləşməliydim. Onun şəhərdə tanımadığı bir küçə, bir yaşayış massivi, hətta bir tin, dalan da tapmaq olmazdı. Bazarları, anbarları, topdansatış mərkəzlərini, onların iş prinsiplərini də pis bilmirdi. Hardan nə soruşsaydın, məlumatı vardı. Hamı da ona: “Maşallah, sənə halaldı”, deyərdi.

Mən ona zəng vuranda səhər saatları olardı. İşdə olduğunu, müştəri apardığını söylədi.

–Harda görüşə bilərik? – deyə soruşdum.

–Saat on ikidə Baba məscidinin qabağında ol! – dedi. – Hara getsəm də günortaya ora gələcəm.

Əvvəl təəccübləndim: “Bu niyə görüş yerini məscidin qabağına salır, olmaya qohumlardan, tanışlardan ölən olub, mənim xəbərim yoxdur?” Sonra fikirləşdim ki, yəqin əmimin “iş yeri” oradır. Axı şəhərdə fəaliyyət göstərən taksilər hardasa toplaşırlar…

Baba məscidinin qabağında avtobusdan düşəndə, saata baxmasam da elə əmim dediyi vaxt olardı, ya beş-on dəqiqə tez, ya gec, fərq etməzdi. Hələ avtobusla gələndə fikirləşdim ki, məscidin qabağında dörd-beş maşın olar, o da taksilər. Amma belə olmadı, məscidin arxa tərəfi də, qabağı da, ikitərəfli yolun bir qırağı da maşınla dolu idi. Bura maşın bazarını xatırlatdı mənə, aşağısı iki yüz maşın vardı. Onların arasında əmimin maşınını asanlıqla tapa bilməyəcəkdim. Elə avtobusdan bir az aralanıb zəng etmək istəyirdim ki, hardansa özü peyda olub mənə yaxınlaşdı.

–Gəldin, Nadir? – Soruşdu.

–Gəldim, əmi. – Cavabını verdim.

Hərçənd cavab verməsəydim də aydındı, özü görmüşdü ki, gəlmişəm, heç soruşmağına da ehtiyac yox idi.

–Onda gedək.

–Hara?

–Məscidə.

Əvvəl elə düşündüm ki, onların ofisləri, toplandıqları yer məsciddədir. Sonra buna şübhə ilə yanaşdım, özəl taksi sürücüləri niyə məsciddə toplaşsın, onların ofisləri niyə məsciddə olsun. Məscid məgər ofis yeridir?

–Məscidə niyə?

–Məscidə nəyə gedərlər? Gedək ehsan yeyək.

–Əmi, nə ehsan? Hüzür yerimiz var? Kimsə rəhmətə gedib, mənə demirsiniz?

–Hər gün hüzür yeri olur, hər gün kimsə rəhmətə gedir də… İndi onsuz da günortadır. Hardasa oturub çay içməliyik, bir qismət çörək yeməliyik. Elə gedək məsciddə bir qismət ehsan yeyək. İmkan olar orda, olmaz da gəlib burda söhbətimizi edərik.

–Əmi…

–Burda hər gün böyüklərə ehsan verirlər. Özləri deyiblər.

–Sən get. Mən burda gözləyərəm.

–Gəl, gəl, sənin nə işinə var… mənimləsən. Burda məni bütün işçilər tanıyır.

Məscid yolun sağ tərəfində idi, ərazidə, bəlkə də ən böyük, əzəmətli bir tikinti sayılırdı. Məscidin arxa tərəfində üçmərtəbəli mərasim zallarından ibarət bir bina da vardı, hüzür yerləri bu binada təşkil olunurdu. Əmimlə həmin binanın qabağına gəldik, pilləkənlərlə yuxarı qalxıb binaya daxil olduq. Birinci mərtəbə geniş foyesi və dörd zaldan ibarətdi. Foye adamla dolu idi, qaynayırdı. Liftə yaxınlaşdıq. Liftin qapısında da gözləyənlər çox idi. Lift qapısının yuxarı hissəsində böyük məlumat lövhəsi asılmışdı, oradan hansı zalda kimin hüzür məclisi təşkil olunduğunu öyrənmək mümkündü. Əmimin dediyinə görə, bu binada irili-xırdalı on zal vardı. Əsas zal üçüncü mərtəbədə yerləşirdi, burda ən böyük zal o idi, adına “pravitelstvennıy”, yəni, “hökumət zalı” deyirdilər. Burada prezident aparatında işləyənlərin, nazirlərin, rektorların, bir sözlə; çox böyük vəzifəlilərin, onların ən yaxın qohumlarının və varlıların hüzür məclisləri təşkil olunur. Onlar siyahı tutub gələnlərdən pul yığmırlar. Odur ki, onların ehsanını yemək halaldır, həm də savabdır. Bunun düz olub-olmadığını mən deyə bilməzdim, birinci dəfəydi belə bir şey eşidirdim, əmim belə deyirdi.

–Gəl, pilləkənlə qalxaq. – Əmim liftin ağzında gözləyən adamların çoxluğu ucbatından belə təklif etdi.

Biz pilləkənlərlə yuxarı qalxdıq, bizdən başqa da çox adam pilləkənlərlə yuxarı qalxırdı. Yuxarı foyelərdə də adam əlindən tərpənmək olmurdu, çox sıxlıq idi.

–Buyurun, keçin! – Burada əmimi tanıyırdılar, tanımırdılar deyə bilmərəm, amma hörmətlə qarşılayırdılar. O da ya başı ilə təşəkkürünü bildirir, ya da “başınız sağ olsun”, “axırıncı qəminiz olsun”, “Allah səbr versin” kimi ifadələr işlədib təziyəsini bildirirdi.

Beləliklə, biz üçüncü mərtəbədəki ən böyük zalın, əmimin “pravitelstvennıy” adlandırdığı zalın qapısı ağzına gəlib çıxdıq. Əmim içəri keçənlərlə bərabər tam sərbəst olaraq:

–Allah o dünyasını versin! – dedi və içəri keçdik.

Mən çox narahat idim. Qorxurdum ki, indicə saxlayacaqlar məni, hara gəldiyimi, kimin yasına gəldiyimi soruşacaqlar. (Zalın nömrəsini əvvəlcədən bilmədiyimdən heç məlumat lövhəsindən də mərhumun adını oxumamışdım) Sonra da buradan mitilimi geri qaytaracaqlar. İnanın, qapının ağzından içəri keçəndə elə bildim ki, qıl körpüsünü keçirəm, bu dəqiqə səndərləyib qır qazanına düşəcəm. Bircə onu bilirdim ki, geriyə dönüş yoxdur, hər necə olsa, əmimin arxasınca getmək lazımdır. Xəcalət təri məni basmışdı, tüklərimin dibinə kimi islanmışdım.

Zalın sol tərəfindəki ikinci cərgə boyunca gedib, hardasa, yuxarı tərəflərdə əyləşdik. Nəzərimə çarpan ilk əlamət üç mollanın məclisi idarə etməsi oldu.

Əmimlə yanaşı oturduq.

–Qarşı tərəfə getmək olmaz. – Əmim zalın girəcəkdə sağ tərəfindəki cərgəni göstərdi. – Orada böyüklər, nazirlər, komitə sədrləri, deputatlar, aparat işçiləri otururlar. Bura gələsi olsan, həmişə bu tərəfdə otur. Burada sənin heç kimlə işin yoxdur, heç kimin də səninlə işi yoxdur. Ehsanını ye, mollanı dinlə, “Allah rəhmət eləsin”, de, sonra da sakitcə çıx get. Bu zalda hüzür məclisi keçirənlər gələnlərdən pul yığmırlar.

Bu dəm şəbbəxeyir iki nəfər danışa-danışa gəlib qabağımızda əyləşdi, başqa stullarda əyləşmişdilər, bircə bizim qabağımız boş idi.

–Şadlıqlarda görüşək. – Əmim baxdı ki, onlar salamsız-kalamsız gəlib əyləşdilər, özü onları salamladı.

Əmimə heç əhəmiyyət də vermədilər.

Biri mənə yaman tanış gəlirdi, onu hardasa görmüşdüm, ya hardansa tanıyırdım, amma ha fikirləşirdim, yadıma sala bilmirdim.

–Bu ki, Musa Səlimbəylidir. – Əmim həmin adama diqqətlə baxdığımı görüb qulağıma pıçıldadı, amma onun pıçıltısı yaman ucadan səsləndi.

–Peyğəmbərin gül camalına bir salavat çevirək! – Yaxşı ki, molla uca səsi ilə onların diqqətini yayındırdı, qanımın arasına girdi, yoxsa onun qəzəbli baxışından canımı qurtara bilməyəcəkdim, bəlkə də nə isə ağır söz deyəcəkdi.

Musa Səlimbəylinin zəhmli qırğı baxışı vardı, adamın bağrını yarırdı. Gözaltı baxdım ki, əlindəki xurmanı təpəmə çırpmağa hazırdır. Elə ki, molla peyğəmbərin gül camalına salavat çevirdi, Musa dərhal əlindəki xurmanı ağzına basaraq qabağındakı armudu stəkanı götürüb çaydan bir qurtum içdi.

Fikrim ondaydı, bir stəkan çayı beş xurma ilə ötürdü içəri – özü də necə xurma. Burdakı xurmalar da iriydilər, əmim demişkən “pravitelstvennilər” üçündü, indiyədək mən belə xurma görməmişdim.

Mollanın nə isə oxumasından istifadə edən əmim qulağıma tərəf əyildi:

–Bu, nazir deyil?

–Nazir yox, komitə sədri. – Bildim ki, Musa Səlimbəylini soruşur, belə cavab verdim.

–Hə də…

–Hə, özüdür.

–Bəs nə yaxşı o tərəflərdə oturmayıb?

–Görünür o tərəflərdə yer olmayıb.

–Yenə işləyir?

–Yox. Keçən ildən mitilini atıblar bayıra. İndi yığdıqlarını xırıd eləyir.

–Bilirsən nə qədər adamın çörəyinə bais olub, pensiyasın dayandırıb.

–Arsızdı ki…

Musa Səlimbəylinin qulaqları yaxşı eşidirmiş. Bizə elə tərs-tərs baxdı ki, qorxudan istədim durub çıxam. Əmim pencəyimin qolunu dartdı.

Masaya ehsan gəldi. Hər kəs başını aşağı salıb ehsan yeməyə başladı. Musa hamıdan tez yedi. Dovğanı başına çəkdi, burnuna bulaşdırdı. İstədim deyəm, çəkindim, birdən acığı tutar deyə salfet uzatmağa da ehtiyatlandım. Musa Səlimbəyli elə burnu qaşqalı sağa-sola baxır, yanındakı ilə nə barədəsə yeyin-yeyin danışırdı. Heç yanındakı da burnunun qaşqasını ona demirdi.

Mən isə dovğanın qapağını açıb qaşıqla yeməyə başladım. Nazir olmağınan deyil ki, süfrə mədəniyyəti yoxdur. Tək o deyil e.., nazirlər, deputatlar hamısı dovğanı başına çəkir, hortahortla sümürürdülər. Kənardan çəkib özlərinə göstərən gərəkdi.

–Nədi? Məni görməmisiniz? – Musa Səlimbəyli birdən bizə bozardı.

–Görməsəydik bundan yaxşıydı.

–Nə pisliyim keçib sizə?

–Hələ bir soruşursan da… Ölkədə pislik eləmədiyin adam qalıb ki..?

–Voobşe, siz kimsiniz? Kimin hüzürünə gəlmisiniz?

–Bunun sizə dəxli yoxdur.

–Aha, ehsanşiksiniz deməli… Gəlib onun-bunun ehsanını havayı yeyib çıxıb gedirsiniz.

–Guya siz havayı yemirsiniz? Guya siz çıxanda siyahıya yüz manat yazdırıb gedirsiniz?

–Yox, yazdırmırıq…

–Onda sizinlə bizim ehsan yeməyimizin nə fərqi oldu?

–Fərqi var. Bizim haqqımız çatır, çünki biz tanıyırıq.

–Fərqi o gözəgörünməzdən başqa heç kim bilməz. Tanıyıb-tanımamağın dəxli yoxdur.

–Musa, Allah sənin belini qırsın. – Kimsə arxa masadan səsləndi. – Mənim pensiyamı niyə kəsirdin ə? Qurumsaq, mənim ayağım kərtənkələ quyruğuydu ki, uzanıb gəlib yerinə çatsın… Mən ayağımı Qarabağda qoyub gəlmişəm, sən heç Qarabağın səmtin də tanımırsan…

Molla süfrə duasını verirdi.

Musa onunla gəlmiş adama nə işarə elədisə cəld ayağa qalxıb çıxışa doğru irəlilədilər.

–Buna bax! Hələ dili də var, haqdan danışır! – Əmim astadan dilləndi. – Bəlkə min adamın haqqını yeyib… Belələrinə heç salavat da düşmür, nəinki “fatihə” verib Allahdan rəhmət diləmək…

Sonuncu dar ağacı

“…Misirxan padşahın vəziyyəti ağırdır, kişi bərk xəstələnib, bəlkə də bu gün-sabahlıqdır…”

İldırım sürətilə məmləkətin hər yerinə yayılan bu xəbər az qala çərşənbə torbası kimi qapı-qapı gəzdi, dönə-dönə ağızlarda dolaşdı, hətta bir quş sürətilə ucqar dağ kəndlərinə də gedib çatdı. Sadə insanlar belə bir əzazil padşahın sonunun çatdığına ürəklərində sevinir, daxilən fərəh hissi keçirirdilər. Amma bu neçə illərdə qorxu xofu canlarına necə hopmuşdusa daxildə sevinsələr belə aralıqda gəzib əl-ayağa dolaşan yaltaq-yalaq əlindən, həm də ağalarının qorxusundan üzdə büruzə verə bilmirdilər. Coşqu və hiddətlərini büruzə verməkləri heç mümkün də deyildi, çünki sifətlərinin qırışı tarlalarda günəşin istisindən, küləyin sazağından artıq qart bağlamışdı. Bir sevinc hissi ilə həmin qart basmış qırışları açmaq müşgül məsələydi, odur ki, yalnız gözləri parıldayırdı. Gərəkdi ki, qırış açmağın sirrini bilən kələntər arvadlar işə girişəydi. Lazım idi ki, kələntər arvadlar əllərini yaxşı-yaxşı yağlasın və sifətlərin qırışığını açmaq üçün üzləri ovxalamağa başlasınlar. Ancaq hardaydı bir o qədər kələntər arvad ki, məmləkət əhlinin qırışığını aça bilsin.

 

Məmləkətdə beş-on nəfər kələntər arvad var idi ki, onlar da Başbilən vəzirin əmri ilə Misirxan padşahın hərəmxanasına toplaşmışdılar. Gecə demədən, gündüz bilmədən növbə ilə baş hərəm Şirinbəyimin otağının ortasında qoyulmuş taxtın üzərində uzadılmış padşahı ovxalayırdılar. Deyirdilər, bəlkə qırışığı açıla, hərəkətə gələ, əzrailə can verməyə. Sarayda hamı bilirdi ki, padşah hərəkətə gəlməsə, vaxtı, vədəsi yetişən kimi gedəcək. İndiyə kimi hansı gedənin qarşısını almışdılar ki, Misirxan padşahın da qabağını kəsib bircə gün, bircə saat, bircə dəqiqə artıq yaşada biləydilər.

Onun ayağından başlayan şişin qurşağına çatdığını görən kimi bacısı Səlmə xatun əlini yuxarı qaldırıb kələntər arvadlara “dur” işarəsi verdi.

–Siz bu yazığı niyə belə kökə salmısınız? – deyə hiddətlə soruşdu.

Dinmədilər, kələntər arvadlar heç cıqqırlarını da çıxartmadılar, eləcə başlarını aşağı salıb durdular. Onlar qəbahət görüləsi nə iş tutmuşdular ki? Başbilən vəzir nə əmr etmişdisə də kələntər arvadlar canla-başla onu yerinə yetirmişdilər. Padşahı tər götürüb gedirdi, dərhal pambıq dəsmalla tərini silirdilər. Alnına tez-tez sərin, nəmli dəsmal qoymaq lazım olmuşdu, etmişdilər. Ayaqları hər axşam isti suya qoyulmalıydı, dağların min bir çiçəyi ilə dəmlənmiş isti vanna hazırlayıb gətirmişdilər. Gündə üç dəfə yatacağını dəyişmişdilər. Bir sözlə, Başbilən vəzir nə lazım idisə hamısını elətdirmişdi. Bir əlac qalmışdı o gözəgörünməz göylər taxt-tacının sahibinə, indi hər şey onun ixtiyarındaydı, o isə nə dirçəltmirdi, nə də aparmırdı. Padşah zarıncı qalmışdı, vəzir qarışıq qulluğunda duranların hamısı girinc olmuşdular.

–Pəncərələri açın, qoyun otağa təmiz hava dolsun! – Səlmə xatun içəri keçdiyindən Başbilən vəzirin yavaş-yavaş geri çəkildiyini görüb qətiyyətlə əmr verdi. – Sizin tərinizin iyindən sağlam adam otağa girə bilmir, o ki qaldı yataq xəstəsi ola. Yazıq bu boğunuqda necə nəfəs alsın?

Dərhal pəncərələr açıldı, baş hərəm Şirinbəyimin otağına dənizin üstündə təmizlənmiş sərin hava doldu.

–Kiflənmiş iyiniz divarlara da hopub. Heç utanmırsınız? – Səlmə xatun səsini ucaltdı. – Bəlkə xəstə adamı kiflənmiş iyinizlə boğmaq istəyirsiniz?

Yenə də səslərini çıxartmadılar, addım-addım geri çəkilərək pəncərəsi olmayan divarın dibinə qısıldılar. Fısıltıları, mısıltıları ilə otağın tünd aurasını təmizlənməyə qoymurdular.

–Başınız kamasutradan ayırd olur ki, özünüzə baxasınız. Səhərdən axşamadək, gecədən də səhərədək elə aludə olmusunuz ki, adamlığınız da yadınızdan çıxıb.

Başbilən vəzir artıq yox idi, arvadların arxasına keçib otaqdan çıxmışdı. O, şah tayfasına bələddi, kişili, arvadlı hikkə idilər, qımırlarından qarşılarında heç kim duruş gətirə bilməzdi. Daşın, torpağın da dodağı yeddi yerdən parçalanardı. İndi Səlmə xatunun qəzəbinə tuş gəlməmək üçün əkilmişdi, yəni onunla qarşılaşmadan sakitcə aradan çıxmışdı. Səlmə xatun qəzəblənib əmr etsəydi, vəzir olmağına baxmayaraq elə kələntər arvadlar onu yerə yıxıb tuman bağları ilə boğacaqdılar. Sonra da deyəcəkdilər ki, padşahın canına qəsd etmək istəyirdi. Neçə illərini sarayda yellərə verən Başbilən vəzir arvad tayfasının qımırına bələddi.

–Sizə kim deyib ki, padşahın bədəninə bu qədər yağ sürtmüsünüz? – Səlmə xatun padşahın par-par parıldayan ayaqlarına baxıb daha hiddətlə kələntər arvadlardan soruşdu. – Yazığın bədənində sağ islahat qoymamısınız. Allahın verdiyi beş-on günlük ömrü yaşayacaqdı, bu işıqlı dünyaya baxacaqdı, onu da siz əlindən alıb gen dünyanı başına dar eləmisiniz. Tez olun, təmiz parça ilə bədəninin yağını silin! Qoyun, bədəni nəfəs alsın.

Kələntər arvadlar əski, dəsmal götürüb padşahın sinəsinin, qılçalarının yağını silməyə başladılar. Ancaq yağ dəriyə, dəriarası qatqatlara elə hopmuşdu ki, lap kündəkəsən ərsin götürüb qaşısaydılar belə təmizləyə bilməzdilər.

–Yavaş olun! Xəstəni incitməyin! – Səlmə xatun bir də kələntər arvadlara çəmkirdi.

Misirxan padşah bacısının zəhmli səsinə gözlərini açdı. Başını azca da olsa yuxarı qaldırıb məsum-məsum ona baxdı, əlini güclə tərpədərək yaxına gəlməsinə işarə verdi. Misirxan padşahın gözləri o qədər solğun idi ki, Səlmə xatun baxa bilmədi. O, hiss etdi ki, son nəfəsinin yaxınlaşması qardaşına agah olub, yəqin vəsiyyətini söyləmək istəyir.

“Can qardaş, kaş öləydim, sənin bu gününü görməzdim!” Hıçqırıqlarını güclə boğdu Səlmə xatun, kələntər arvadlar görməsin deyə göz yaşlarını daxilinə axıtdı, ürəyinin başı sızıldadı.

“Düz deyirmişlər, qardaşın hayına yalnız bacıları çatır. İndi bu ağır günümdə yanımı tərk etməyən ancaq bacımdır” ani olaraq padşahın fikrindən keçdi.

–Can qardaş! – Səlmə xatun bunu deyib padşaha yaxınlaşdı.

Bu kəlmə onun ağzından çıxar-çıxmaz kələntər arvadlar qiyyə çəkib şivən qopartdılar.

Arvadların şivənini eşitcək Misirxan padşahın gözləri bərəldi, qorxusundan az qaldı ki, elə həmin dəqiqə canını tapşırsın.

–Kəsin səsinizi, qara qarğalar! Şivən qoparmaqdan başqa əlinizdən bir şey gəlməz.

Səlmə xatun kəskin dilləndi, arvadlar xırp səslərini kəsdilər. Yenidən baş hərəmin otağına sükut hakim kəsildi. Milçək yox, lap elə hünü də vızıldasaydı, səsi eşidilərdi.

–Kaş bacın öləydi, sənin bu gününü görməzdi!

Bu dəfə dözə bilmədi, ürəyindəkiləri dilə gətirdi Səlmə xatun. Özünü nə qədər toxtaq tutmağa çalışsa da ürəyi ilə bacarmadı, kövrəldi, qəhərləndi. Qəhər onu elə boğdu ki, bilmədi necə özünü cəmləşdirsin. Birtəhər Misirxan padşahın yastığına yaxınlaşdı, əlini onun alnına qoydu.

–Bunun ki, istisi var, kişi təndir kimi od tutub yanır. – Astadan, öz-özünə pıçıldadı.

–Səlmə xatun! – Misirxan padşahın xırıltılı səsi eşidildi. O, bununla işarə verirdi ki, bu mənəm, hələ ölməmişəm. Əzrayıla can verməmişəm, ancaq yaşaya da bilmirəm, ölümlə çarpışıram. Qalmışam ölümlə həyat arasında, nə qala bilirəm, nə də ölə bilirəm. – Mən, Misirxan padşah da yorğan-döşəyə düşərmişəm.

–Dərdin ürəyimə, qardaş. Heç dərd eləmə. Bu gün-sabah, inşallah, dirçəlib ayağa qalxacaqsan. Yenə öz taxtına əyləşib hökm verəcəksən. Bir sən deyilsən ki, hamı azarrıyır, xəstələnib yorğan-döşəyə düşür.

–Yox, Səlmə… xatun! – Misirxan padşahın səsi lap qırıq-qırıq gəldi, elə bil quyunun dibindən gəlirdi. – Uşaq deyiləm ki, mənə ürək-dirək verirsən. Dünyanı barmağıma dolamışam, heç kimi vecimə almamışam. Allahla da çiling-ağac oynamışam. – Səsi bir az ötkəmləşdi, sanki danışdıqca açılırdı. – Amma bu gediş mənim son gedişimə oxşayır. Bir daha yataqdan qalxmağa taqətim qalmayıb. Çətin ki. bir də… ayağa duram… – Gözləri yol çəkdi padşahın. Başını azca tərpədib intizarla hər tərəfi süzdü. – Vəzir, vəkil, əyanlar hanı? Niyə məni tək qoyublar?

–İndicə hamısı burada idi, qibləgahım! – Səlmə xatun sevincindən bilmirdi nə etsin. Misirxan padşahın azacıq da olsa dirçəlməsi, əsasən də danışması ona qol-qanad verirdi. – Otağın havası bürkülü idi, mən dedim çıxsınlar. Pəncərəni açdırdım ki, təmiz hava gəlsin.

“Nə yaxşı pəncərələri açdırdım, nə yaxşı bədəninə sürtülmüş yağları təmizlətdirdim. Qoca təbiətin xoş havasından qardaşımın dərdinə bəlkə əlac tapıla?” Səlmə xatunun sevinci birə beş artdı.

–Bəs, Buludxan hardadır? – Misirxan padşah daha ötkəm soruşdu, oğlunun adını çəkəndə səsi heç titrəmədi. – Niyə gəlib mənə baş çəkmir?

–O da burada idi, indicə getdi. – Səlmə xatun bilə-bilə yalan danışdı, istədi ki, qardaşının könlü xoş olsun, oğlu sarıdan narahatlıq keçirməsin. – Neçə gündür çox yorğundur, divan işləri ilə məşğuldur, qibləgahım. Məmləkəti başsız buraxmayacaq ki? İndi əkin-biçinin qızğın çağıdır. Rəiyyəti özbaşına buraxsan bir qarış da olsa torpaq şumlamazlar. Bunu ki, sən özün yaxşı bilirsən. Bunlar öküz kimidirlər. Nə qədər ki, şallaq əlindədir, qorxularından kotana güc vuracaqlar. Elə ki, şallağı aşağı saldın, yabı kimi boyunlarını büküb, durub məsum-məsum üzünə baxacaqlar.

–Deyirsən, Buludxan məmləkəti idarə edə bilər?

–Heç narahat olma. Sənin belindən gəlməyibmi, qibləgahım? Buludxan özünsən ki, vardır. Sən də o yaşda elə idin. Necə vardınsa, o da elədir. Sən canından muğayat ol. Ağlın divan işlərində ilişib qalmasın.

Misirxan padşah Səlmə xatuna əli ilə başını aşağı əyməyi işarə etdi. Səlmə xatun başını aşağı əyib qulağını qardaşının ağzına tutdu ki, nə deyəcəksə qulağına pıçıldasın. Onun nə dediklərindən divar boyu qısılıb boyunlarını bükmüş kələntər arvadların xəbəri olmasın.

–Səlmə xatun, siz yavaş-yavaş tədbirinizi görün. Deyəsən mənim vaxtımın tamamına lap az qalıb.

Səlmə xatun qəfil xəbərə dözmədi, başını azacıq yuxarı qaldırıb istədi bir şivən qoparsın. Əlini üzünə apardı ki, sifətini cırıb qan çıxarsın, Misirxan padşahı dediyinə peşman qoysun. Baxdı ki, yeri, məqamı deyil. Gözləri dolsa da ağlamadı. Sakitləşib başını yenidən aşağı əydi. Amma hisslərinə hakim kəsilə bilmədi, yanağı aşağı axan göz yaşları damcılayıb qardaşının sifətinə düşdü, onun da yanağı aşağı axan göz yaşına qarışıb sifətini göynətdi. Misirxan padşah ömründə hələ belə göynərti hiss etməmişdi. Birtəhər özünü cəmləşdirib sözünə davam etdi.

–Tez Buludxanı çağır, gəlsin! Vəzirlə xəttatı da çağırtdır. Elə çağırtdır ki, heç kimin onlardan, onların da bir-birlərindən xəbərləri olmasın. Qoy, xəttat gəlib əmri-müntəzir hazırlasın, vəzir də möhürünü basıb təsdiqləsin. Buludxan əmrini alıb tez taxta çıxsın, indi tacqoyma keçirəsi halında deyilik, bunu yaxşı zamanlara saxlayarsınız. Elə ki, onlar yerbəyer oldu, sonra axundu çağırarsan. Gəlib otursun gözümün qabağında, avaz ilə Quran oxusun. Bir ömür yaşamışam, heç vaxtım olmayıb Quran oxutdurmağa, indi yaman könlümə düşüb. Arvadları da qov, çıxart otaqdan, onların varlığından nəfəsim çatmır. Baş hərəm qalsa bəsdir.

Padşahın çağırışına hamıdan tez oğlu Buludxan gəldi. Onun gəldiyini görcək Misirxan padşahın gözləri parıldadı, bunu Səlmə xatun da görüb çox sevindi.

–Gəldinmi, oğlum? – Padşah hər ehtimala qarşı oğlunun səsini eşitmək, onun mehrini duymaq istədi. Gözləri ilə işarə verdi ki, Buludxan onun əllərindən tutsun.

–Gəlməyə bilərdimmi, ata? – Buludxan atasının istəyini başa düşə bilmədi, düşsə də büruzə vermədi, elə etdi ki, guya heç nə anlamır. Minlərlə insanın öpdüyü əllərdən, sanki iyrəndi, onları cansız görüb yaxınlaşmaq istəmədi.

–Buludxan, atanın əllərindən tutsana! – Bu haləti görən Səlmə xatun dözməyib dilləndi. – Qoy, isti oğul hərarətini duysun!

–Qibləgahım! – Buludxan atasının soyuq, sönük, halsız əllərini öz əllərinin arasına aldı. Həyat işarəsindən əsər-əlamət görmədi, özündən asılı olmayaraq qəhərləndi. Az qaldı uşaq kimi hönkür-hönkür ağlasın. – Dörd bir yana çaparlar göndərmişəm, ata. Hər yandan ən yaxşı təbibləri tapıb gətirəcəklər. Sən bir az da möhkəm dayan. Bu axşama özlərini çatdırmasalar da sabah sübh çağı təbiblər hüzurunda olacaq. Onlar sənin dərdinə əlac tapıb yataqdan qaldıracaqlar. Çox keçməz ki, dirçəlib öz taxtına əyləşərsən.

–Yox, Buludxan! – Padşah azca başını tərpədib eyham-eyham danışmağa başladı. – Mənim heç bir azarım yoxdur, sapsağlam bir adamam. Yalnız bir dərdim var, o dərdin də əlacı tapılmaz.

–Nə dərdin var, qibləgahım? – Buludxan hövlnak soruşdu, imkan vermədi ki, padşah sözünün gerisini gətirsin. – O nə dərddir ki, məmləkətin ən yaxşı təbibləri onun əlacını tapmasınlar?

–Mənim dərdim vaxt dərdidir, oğlum. Sizə agah olsun ki, vədə tamamdır, yaşamaq üçün mənə ayrılan vaxt bitib, bundan artıq yaşaya bilmərəm. Tanrının qoyduğu son vədə yetişəndə onun dərgahına yollanmalıyam. Ancaq məni narahat edən, əzab verən odur ki, neçə gündür can verə bilmirəm. Özüm də əzab çəkirəm, sizə də əziyyət verirəm. Əzrail gəlib canımı almır, mənə zülüm verir. Deyir ki, əcirindir, çək. Çünki vaxtında camaata çox zülm eləmisən, ən əzazil padşah olmusan. Səni gor da qəbul etmək istəmir.

“Bu kişinin başına hava gəlir, nədir?” deyə Buludxan düşündü.

–Elə demə, ata. Mən yetim qalmaq istəmirəm. – Buludxan hıçqıran kimi oldu.

Səlmə xanımın da göz yaşları sel kimi yanağı aşağı axdı.

–Sən yetim qalmazsan, Buludxan. Bu boyda tayfa-toluğu sənə tapşırıram. Məmləkət sənə əmanətdir, oğlum.

 

–Bunu bacaracammı, ata?

–Bacaracaqsan, Buludxan. Xalq ki, var, cütə qoşulmuş öküz kimidir. Hoş desən duracaq, şallaqlasan kotana güc verib torpağı şumlayacaq. Nəbadə, şallağı əlindən yerə qoyasan. Elə et ki, yatanda da şallaq yanında olsun. Yuxudan duran kimi birinci əl atıb şallağı götürəsən. Süleyman peyğəmbər ömrünün sonuna kimi çəliyini əlindən yerə qoymayıb, hətta canını tapşıranda da çəliyə söykənərək tapşırıb. Bir də heç vaxt camaata yazığın gəlməsin. Azca boş buraxsan, çıxıb oturacaqlar başında, sonra düşürə bilməyib əziyyətini çəkəcəksən. Həm də tam arxayın ola bilərsən, xalqın ehtiyatı tükənməz, nəyə ehtuyacın olsa, nə istəsən, tapıb verəcəklər.

Bu vaxt vəzirlə xəttat ikisi də birlikdə gəlib çıxdı.

–Niyə gecikdiniz, vəzir?

–Sizin fərmanınızı hazırlayırdıq, qibləgahım.

–Hansı fərmanımı? – Misirxan padşahın qəfil sualı qarşısında vəzir duruxdu. Bayaq o, gedəndə padşahın halı qarışmışdı. Vəzir yəqin etmişdi ki, çox keçməz, canını tapşırar. Ancaq bu nə sirri-xuda idi ki, padşah dirçəlmişdi. Səsi həmişəkindən daha ötkəm idi. Gözlərinin hərəkəti nisbətən sürətlənmiş, parıltısı artmışdı. – Mən sənə fərman yazdırmaq tapşırığı verdimmi?

Vəzir bir padşaha baxdı, bir də dönüb Buludxana gözlərini dikdi. “Heç olmasa, sən dillən, mənə qahmar dur. Qoyma ölüm ayağında mənim boynumu vurdursun. Mən hələ sənə çox qulluqlar göstərəcəm”. Amma Buludxanın cürəti çatmadı, ölüm ayağında olan atasının zəhmi qarşısında söz deyə bilmədi, sanki dişləri kilidlənmişdi. Vəzirin üzünə baxa bilmədi, başını tez yana çevirdi.

–Boynumuz qıldan da nazikdir. – Vəzir diz çökdü padşahın qabağında, onun üzünə baxmağa cəsarəti çatmadı, başını aşağı salladı. – Cəzamız nədirsə, çəkməyə hazırıq.

–Ver görüm, nə fərmandır hazırlamısınız? – Padşah üzünü xəttaba tutdu.

Xəttab dərhal yaxınlaşıb fərman yazılmış kağızı padşahın gözünün qabağına tutdu ki, oxuya bilsin.

Misirxan padşah özü də bunu bilirdi. Nə qədər ki, onun nəfəsi gəlir, vəzir quyruq bulayacaq, oğluna asi kəsilməyəcək. Amma sonrasından gözü su içmirdi. İnsan çiy süd əmib, deyiblər. Nə bilmək olardı, vəzir nə kimi xəyanətlər edəcək, hansı nankorluqları törədəcəkdi. Lakin Buludxanla baxışmaları, sonra da oğlunun başını yana əyməsi ona çox müəmmalı bir sirr kimi görünürdü. “Olmaya Buludxanla əlbir olub mənim axırıma çıxmaq istəyirlər? Tarixdə azmı olub belə sui-qəsdlər?” Müəmmaları çözməmiş vəziri başıaşağı vəziyyətdə qoyub fərmana baxdı. Oğlunun vəliəhdliyi barədə yazılmış fərmanı görəndə gözləri yaşardı, bilmədi bu sevinc yaşlarıdır, yoxsa sonunun çatdığını duyub ağlayır? Fərmana baxa-baxa gözləri sulandı, sulandı və daha heç nə görə bilmədi.

–Əlimdən tut, mürəkkəbə batır və hara lazımdırsa bas! – Xəttaba əmr verdi və özü də başa düşdü ki, bu onun son əmridir.

Xəttab cəld hərəkətlə hazır gətirdiyi mürəkkəbi padşahın barmağına yaxınlaşdırdı. Sonra padşahın cansız barmağından tutaraq mürəkkəbə batırdı, gətirib fərmanın üstünə basdı. Yenidən qaytarıb yanına uzadanda artıq Misirxan padşah özündə deyildi, huşa getmişdi.

–Hazırdır. – Xəttabın qeyri-ixtiyarı səsləndirdiyi bu kəlmədən üçü də diksinən kimi oldular, hətta vəzir başını qaldırıb padşahın üzünə baxdı.

–Nə hazırdır? – Səlmə xatun xəbərsizmuiş kimi soruşdu.

Cavab vermədilər. Gözlər Misirxan padşahın cansız sifətinə dikildi. Deyəsən vaxtı, vədəsi tamam olmuşdu, gözləri bərələ qalmışdı. Boynu azacıq yana əyilmişdi.

–Ata, ata!

Buludxanın səsi otağı başına götürdü. Vəzir gözünün ucu ilə padşahın cansız bədəninə baxıb:

–Qibləgahım, qibləgahım! – deyərək meyidin üstünə düşdü, onu qucaqladı.

–Kənara çəkilin! – Göz yaşları sel kimi axan Səlmə xatun irəli yeridi. – Kişi olun, başınızı dik tutun! Gedin, dəfn mərasiminin tədbirlərini görün. Qardaşımı mən urvatlayaram.

Səlmə xatun əlini Misirxan padşahın gözlərinə çəkdi, onun göz qapaqlarını yumdu.

–Siz çıxın ki, arvadlar gəlsin. – Baxdı ki, vəzirlə qardaşı oğlu quruyub yerlərində qalıblar, qəhərini boğub hıçqıra-hıçqıra yalnız bunu deyə bildi.

Qabaqda vəzir, arxasınca Buludxan, onların ardınca da xəttab baş hərəmin otağını tərk etdilər. Misirxan padşahın taxtlıq səltənətinə belə son qoyuldu.

Ertəsi gün çox da təmtəraqlı olmayan vida mərasimi keçirib Misirxan padşahı son mənzilə yola saldılar. Heç bir mərasim-filan təşkil etmədən Buludxan atasının yerinə keçib taxtda oturdu. Sarayda heç kimin cürəti çatmadı desin ki, heç olmasa qırx mərasimini gözləsinlər. “Gərəkdir ki, kişinin qırxını yola verib, sonra yüngülvari bir tədbir keçirərdik” Buludxanın fikrindən keçsə də gözləməyə hövsələsi çatmadı. Həm də padşahın taxtını boş qoymaq olmazdı, qırx gündə qırx hadisə baş verə bilərdi. Saraydan, əyanlardan, xüsusən də Başbilən vəzirdən arxayın olmayan Buludxan padşah ilk fərmanı ilə onu vəzifəsindən azad edərək Zimistan bölgəsinə sürgünə göndərtdirdi.

–Sevin ki, boynunu vurdurmuram. – dedi. – Get, Allahın verdiyi ömrü dinməzcə yaşa. Xəbər tutsam ki, qara fikirlərə düşmüsən, özünü ölmüş bil.

Sonra camaata sitəm çəkməyə başladı, sanki atasına zülm edən, onun ölümünə bais elə qara camaatdı. Çox keçmədi rəiyyətə elə bir zülm tutdu ki, ərşə qalxan ah-nalədən Tanrı dərgahın yerini dəyişməli oldu.

Günlər keçdi, illər ayları əvəzlədi, amma Buludxan padşahın zülmü keçib getmək bilmədi. Dəliqanlılar səs qaldırmaq istədilərsə də, böyüklər, başbilənlər “səbr edin, düzələr” deyib qarşısını aldılar. “Hələ cavandır, ağlı dayazdır, atası da bu yaşında tez-tez səfehliklər edərdi. Elə ki, böyüdü, yaşa doldu, müdrikləşdi bir az. Başladı camaatı başa düşməyə, heç olmasa sərbəst nəfəs almağa şərait yaratdı”.

Buludxan padşahın islahatları atasının həngəmalarına bənzəmirdi. Başqa məmləkətlərə üz tutan əhalinin ucbatından kəndlər, kəsəklər getdikcə boşalırdı. Padşah yerdə qalanları, başqa diyarlara üz tutub gedə bilməyənləri mərkəzə toplayır, qaniçən cəlladlarının qabağına qatdırıb günəmuzd işləməyə məcbur etdirirdi. Buludxan elə ki, bir az da yerini bərkitdi, varlandı, sahələrində, emalatxanalarında işlətdiklərinin günəmuzdunu da kəsdi. Bundan sonra onlar bir qarın çörəyə işləməyə məcbur edilirdilər. Əhali acından və ağır zəhmətdən gücdən düşməyə başlamışdı, əvvəl gördükləri işləri yerinə yetirməyə daha qüvvələri çatmırdı. Cəlladlar da kimi harda dayanmış vəziyyətdə tuturdularsa dərhal salırdılar şallağın altına. Çoxu bir neçə şallağa dözə bilmirdi, elə yerindəcə torpağı qucaqlayıb canını tapşırırdı. Əhalinin sıraları seyrəldikcə işçi qüvvəsi azalır, padşahın təsərrüfatlarında işlər ləngiyirdi. Bundan narahat olmağa başlayan Buludxan padşahın hirs vurdu başına.

–Toplayın, – dedi, – camaatı meydana. Sözüm var onlara.

Hamını şallağın qabağına qatıb meydana topladılar. “Cınqırınız çıxsa özünüzü ölmüş bilin” dedilər.

Padşah üçün meydanın başında taxt qurdular – qalxıb oturdu taxtda. Vəzir, vəkil, sarayın baş əyanlarını topladı yanına. Camaat quru torpağın üstünə döşəndi, kim harda gəldi bardaş qurub yerə çökdü. O qədər yorğun və üzgün idilər ki, çoxusu bardaş da qura bilmədi, dayanan kimi taqətsizlikdən tirtap yerə düşdü. Acından tərpənməyə heyi olmayan adamların nə danışmağa halı vardı, nə də hərəkət etməyə.

Buludxan padşah çox coşdu, özündən çıxıb camaatı asıb kəsdi. İşdən, gücdən danışdı, batan təsərrüfatından gileyləndi. Onun işini ləngidənlərin dirilərini buraxıb əcdadlarından başlayaraq hamısını qəbirdən çıxarıb yağladı, sonra da qaytarıb gorlarına tulladı.

–İşləyirsiniz, adam kimi başınızı aşağı salıb işləyin, işləmirsinizsə, rədd olub çıxın gedin məmləkətimdən. Sizin yerinizə Afrikadan zənci gətirib işlədərəm. – dedi.

Camaatdan səs çıxmadı, elə bil izdihamlı meydan deyildi, daş atılmış bir qurbağa gölü idi.

–Ümumiyyətlə, sizin yaşamağa haqqınız yoxdur. Gedib başqa məmləkətlərdə bizim adımızı-sanımızı biabır edəcəksiniz. Odur ki, sizi gərək özüm bir-bir məhv edəm.

–Qibləgahım! – El-oba içində müdrik filosof kimi ad çıxarmış vəzir Daşdəmir ağa əyilib padşahın qulağına astadan pıçıldadı. – Əlinizi qana bulamayın. Bu biçarələri buraxın çıxıb getsinlər kənd-kəsəklərinə. Onsuz da işləməyə taqətləri yoxdur, onlardan sizə nə fayda gələcək. Kənddə-kəsəkdə ya otdan, əncərdən yeyərək dirçəlib dədə-baba yurdlarını bərpa edəcəklər, ya da qurda-quşa yem olacaqlar. Onların dizində təpər hardadır, çıxıb başqa məmləkətlərə getsinlər.

Рейтинг@Mail.ru