– Yaxşı…
– Özün dә bu gündən sonra, hara getsən yerini mәnә deyirsən.
Bu günədək mənim üçün bir sual bağlı durur: Atam bilmişdi Azadla mənim kənddə və rayonda olan görüşümüzü. Necə, haradan bilmişdi atam?
--6—
Azada rayondan məktub göndərirdim. Elə məktubu qutuya atıb iki-üç metr aralanmışdım ki, "Solmaz, salam!"-dedilər. Zöhrab idi. Qorxdum olduqca! Əgər məktub haqda soruşsa nə deyəcəm? Atama söz çata bilərdi. Salamını aldım. Yaxınlaşdı.
– Kəndə qayıdırsansa, gedək bir yerdə.
– Yox, hələ mağazalara baş çəkəcəm – dedim.
Birgə addımlayırdıq.
– Atam atanla söhbət edib. Bizim gələcəyimiz barədə. Atan bildirib ki, o bu işә razıdır. Sənin də razı olacağını deyib… Ancaq, sənin fikrini bilsəm, pis olmazdı, Solmaz.
Ürәyim sıxıldı. Sanki, daxilimdə nə isə qırıldı. Dayandım. Zöhrab təəcüblə mənə baxdı. Həmişə özündən razı olan bu insanın yalançı, riyakar təbəssümünü gördüm.
– Solmaz, sәnә nә oldu? Niyә belә dәyişdin?
– Nahaq, Zöhrab, çox nahaq!– deyə bildim.
--7—
Anamın Zöhrabdan xoşu gəlmirdi. Həmişə ona qarşı soyuqluq göstərirdi. Atam isə, əksinə, “biliklidir, cəlddir, hər şəraitdən baş çıxarandır” – deyir,getdikcə daha artıq ona meyl edir, yaxşı üz və etibar göstərirdi. Mən qorxurdum gələcəyimdən, qorxurdum atamın qəzəbindən, qorxurdum əlacsızlığımdan. Anam mənim nələr çəkdiyim hiss edirdi, görürdü. Söz verdi ki, atamı çalışıb yola gətirəcək. Sevincimin həddi-hüdudu yox idi!
Bu fərəh uzun sürmədi. Atamdan mənim ünvanıma deyilən səs eşitdim:
–Mən Rusıyetə qız böyütməmişəm! Bir də bu söz çıxsa ortaya küsün özünüzdən! BU mənim son sözüm! İkinizə bir güllə vurmasam, mən kişi deyiləm!
Bir axşam atam məni yanına çağırdı. Oturduq yan-yana.
–Qızım, sən uşaqsan, yaxşını pisini bilmirsən. Zöhrab gözəl ailədəndir. Savadlı, yaşamağın yolunu tapmış, vara-dövlətə, hörmətə nail olmuş belə insanı sevməyə dəyər. Çox keçməz, atasının yerində oturacaq. Həm də, gözümüzün qabağında böyüyüb. İllər keçər, özün öz xoşbəxtliyinə görə Yaradana şükür oxuyarsan. Bir-iki günə gəlməlidirlər el adətiylə razıılıq almağa. Razılığı sən bilirsən ki, mən bir il qabaq vermişəm. Mən ananla evlənən günədək heç tanış deyildik.
Mən ağlayırdım sakitcə…
Mən neynəyim, haranın daşın töküm başıma? Pulum olsaydı və dil bilsəydim, bu dəqiqə bəlkə də qaçardım Azadın yanına! Bilirdim ki, qəbul imtahanları verir. Amma, neynəyim, dəli olacaqdım. Təcili məktub göndərdim Azada: "Çatdır özünü!"
Atamla söhbətdən üç gün sonra nişan gətirdilər. Göz yaşlarım, yalvarışım heç nə vermədi mənə. Bircə əlac və ümidim Zöhrabın özünə idi. Yalvardım ona: "Zöhrab, sən bilirsən ki, səni sevmirəm. Mənim ürəyim, varlığım başqasındadır. Yazığ olacağıq sən də, mən də. Necə yaşamaq olar, bir halda ki, yoldaşın sevir başqasını?" Gülümsədi, istədi tuta qolumdan. Dəli tək atıldım arxaya. "Örgənərik bir-birimizə, Solmaz. Ən başlıcası, səni canımdan artıq sevirəm. Sən də sevəcəksən!"
Dil yalanını tutmaq, ürəyin xəbisliyini deyilən sözlərlə başa düşmək çətindir. Yalan sözləri ciddi səslə demək olar.
Lakin insanın gözləri başqa aləmdir, göz riyakarlıq bacarmır. Gözlər bir açıq kitabdır, oxu həqiqəti. Gözün öz dili var, lal dili. Yaxşıca qulaq as, həqiqəti deyəcək.
Mən Zöhrabın gözlərində onun yalanını, pis insan olduğunu gördüm.
Həmin gündən sonra getdikcə nəzərimdə dünya dəyişdi. Zöhrab mənə yaxınlaşdıqca, mən ondan uzaqlaşmaq istədim. Onun şirin danışığı da, göstərdiyi məhəbbəti də, evdəkilərimə, ən çox da atama münasibəti də saxta idi.
--8—
Avqustun axırları idi. Azaddan xəbər çıxmadı. Gəlsəydi, mən qoşulub qaçacaqdım. Hər şeyi ölçüb-biçmişdim. Açıq qapımızın qabağında , küçədə oturmuşdum. Gözüm yollarda, qulağım səsdə, ürəyim kədərdə idi. Atamı tələsik gələn gördüm. Çatdı, girdi həyətə: " Qızım, qardaşın xəstədir, yığışın gedək, baş çəkək." Qardaşım təyinatla Qarabağda işləyirdi. Tələsik hazırlaşdıq, oturduq maşına. Atamın belə tələsməyi, bizi tələsdirməyi məni qorxuya saldı. Demək, qardaşım çətinlikdədir!
Gəldik qardaşım gilə. Mənə elə gəldi ki, qardaşım bizim gəlişimizə bir az təəccübləndi. Bir azca soyuqlayıb. Atam bizi " burada qalın, 2-3 gün, gələcəm dalınızca!"– deyib səhərisi getdi.
Sonralar başa düşdüm hər şeyi. Azad gəldiyini Almaz çatdırıb atama, zəng edib işə. Və atam məni çıxarıb aradan.
Heyflər, o vaxt mən başa düşmədim. Bir daha ömrümdə Almazın bu xəyanətini bağışlamayacam! Azadın gəlişini atama deməsəydi, biz qovuşardıq. Mənə demək əvəzinə, atama dedi. Və mənim sevən, arzularla yaşayan bir gənc kimi məhvimə qol qoydu. Sonralar Almaz səhvini boynuna alsa da, yanıb kül olan evi bərpa etmək olmazdı. Mən Azadımla bərabər itirdim Almaz adlı bacımı.
--9—
Bir il bir aydan sonra boşandıq Zöhrabla. Gündə dava, söyüş məni dəli dərəcəsinə gətirmişdi. Üstəlik, onun başqa bir qadınla gəzdiyi, ortaya çıxdı. Qadın qaraçılardan idi. Atam bir neçə gün içində gümrah bir kişidən ağ saç qocaya döndü. İşdən də çıxdı.
Mənim taleyimin belə olmağında, bu iztirablara düşməyimdə atam hansı rol oynadığını özü yaxşı başa düşürdü. Heç vaxt yadımnan çıxmaz bir hadisə. Təzə il ərəfəsi idi. Təzəcə boşanmışdıq Zöhrabla. Körpəmi bələyirdim. Başı aşağı durub bələklə əlləşəndə Azadın sinəmdəki cibdə saхladığım əsgər şəkli yerə düşdü. Qaldırdım, dodaqlarıma yaxınlaşdırdım, və ağladım. Özümü saxlaya bilmirdim, hönkürürdüm. Birdən arxada nə isə səs hiss etdim. Çevrildim, baxdım. Atam durmuşdu. Gözləri yaşarmışdı. Əlimdəki şəkilə işarə etdi, güclə eşidiləcək səslə dedi:
–Mən bədbəxt etdim səni, qızım, bədbəxt. Mənə yer yoxdu bu dünyada!
İndi neçə illər keçib aradan. Və mən bu günkü Solmaz tək baxıram o illərin dilsiz-ağızsız Solmazına. O Solmaz tabe oldu ata gücünə, böyüklərin tövsiyyəsinə. Axı, niyə müqavimət göstərmədi o Solmaz?. Bəlkə, Azada sevgim zəif idi?-YOX! Və bir də – YOX!
Epiloq
Müəllifdən:
Solmaz yazdı son məkubunu Azada. Böyük həcmli, dərdli bir ürəyin nələr çəkdiyini əks etdirən məktub idi bu məktub. Göz yaşından başqa hec nəyə gücü çatmayan, arzusu əleyhinə istəmədiyi qapını açmağa məcbur edilən qızın-qadının haray səsini çox illərdən sonra Azada çatdıran məktub idi. Amma, bu məktub da əvvəlki məktub tək gecikmişdi…