bannerbannerbanner
полная версияGecikmiş məktub

Xaliq Temur Məmmədov
Gecikmiş məktub

Полная версия

Kino hind kinosu idi. O vaxtlar hamımız hind kinolarının vurğunu idik. Qorxulu xəstəlik yayılır şəhərə. Hamı qaçır, bircə köməksiz xəstə qadın qalır bir evdə tənha. Həmin evə oğru (Şaka) gəlir. Amma, xəstə qadını görüb, fikrini dəyişir. Çox əziyyətlərdən sonra qadın sağalır. Məhəbbət, alicənablıq, təmiz, təmənnasız sevgi, faciə, sevinc üstündə qurulmuş film. Nə isə, birdən hiss etdim ki, Solmaz kövrəlib. Qadınlar fizioloji quruluşa görə göz yaşı tökməyə mahirdirlər. Buna görə də, düşündüm ki, Solmaz xəstə qadın Şantinin halına acıyır. Amma, kinodan sonra, yol gedəndə başa düşdüm ki, Solmazın belə kədərli olmağına tək filmin təsiri deyil, mənim sabahki əskərlik məsələmin də təsiri olub. İşıq yandı. Film qurtardı Kinodan çıxıb piyada düşdük yola. Pərişan olduğunu gizlədə bilmirdi Solmaz.

–Təki olmayaydı bu əsgərlik!

–Kişilərin borcudur sizi qorumaq!– özümü ağıllı, ciddi göstərmək istədim.

–Olaydı bir ay, iki ay!

Şirin söhbətlər, Solmazın məlahətli səsi vaxtın necə keçdiyini mənə unutdurdu.

–Sabah mən axşamacan evdə olmalıyam. Yaxın qohumlarımız gələcəklər kənddən.

– Gec də olsa görüşək , Solmaz! Heç olmasa, bir neçə dəqiqəliyinə!

– Əlbətdə görüşəcəyik. Bir azca gec çıxacam. Qohumlar qatarla getməlidirlər. Onlar evdən çıxan tək qaçacam yanına.

Danışdıq, şərtləşdik ki, sabah axşam mən gözləyəcəm, bircə saat da olsa, görüşək, olaq bir yerdə.

Bütün axşamı bir gözüm onların qapısında oldu. Qaranlıq düşəndən sonra axır ki, qohumları küçəyə çıxdılar. Ev sahibləri onları yola salanda, saat səkkizi keçmişdi.

Axır ki, görüşdük. Bütün günü özümü hazırlamışdım Solmazla danışmağa, sevgimi açıqlamağa. Düşünmüşdüm ki, vaxtı çatıb arzuları – diləkləri dilə gətirməyin. Əfsuslar, nə qədər cəhd etsəm də, gücüm çatmadı, utandım eşqimi elan etməyə. Utandım deməyə ki, sən mənim Günəşimsən, səninlə yaşayıb nəfəs alıram! Vidalaşdıq qoşa neft buruqlarının yanında. Məni Biləcəri hərbi yığım məntəqəsindən dayım yola saldığı ücün Solmaz gələ bilməzdi.

10 noyabr. Saat 9 idi. Biləcəri hərbi məntəqəsi san ki, qaynayırdı. Hərbi xidmətə çağırılanlar, ata-analar, əmi-dayılar, xidmətdə olan əsl hərbiçilər qarışmışdı bir-birinə. Bizi səslədilər radio ilə. Bütün çağırışçılar yığıldılar bir yerə. Bizi nömrə verib təyin etdilər qruplara-komandalara. Apardılar tibbi müayinədən keçməyə. Hesab edin ki, indiyə qədər böyüklərin yanında ayaqyoluna getməyi ayıb sayan cavanları soyundurub anadangəlmə lüt vəziyyətdə cavan həkim qızların, qadınların, yaşlı həkim kişilərin qabağında durmağa məcbur edirdilər.

–Filan sahədə şikayətin var?

–Yox!

–Çevril bu tərəfə! Çevril o tərəfə!

Utana-utana bu biabırçılığı qurtardıq. Üc-dörd saat vaxt verib dedilər günortadan sonra yola düşürük.

Dayımla ağacların sıx olduğu bir küncə çəkilib oturmuşduq. O mənə ürək-dirək verir, sakit olmağa çağırırdı. Amma, ürəyimdə təlaş, həyacan qarışmışdı bir-birinə. Sevimlilərimlə ayrılmaq, iki il qürbətdə yaşamaq istər-istəməz narahatçılıq verirdi mənə. Köynəyimin cibində balaca bir şəkil vardı, tez-tez əlimlə o şəkili yoxlayırdım, san ki, itirməyə qorxurdum.

Birdən, saat 11 radələrində səhərdən həzin musiqi verən radionun səsi çox yüksək tonla yayıldı hər yana:

–Diqqət! Diqqət! Hörmətli çağırışçılar! Bütün komandalar yığılsın filan nömrəli blokun qabağına!

Axı, hələ vaxta var idi, görəsən, nə üçün yığırlar bir yerə?

İzdiham axışdı deyilən yerə. Üç nəfər yüksək rütbəli zabit çıxdı qabağa:

–Diqqət, çağırışçılar, atalar, analar! Yaranmış şəraitlə əlaqədər olaraq, yığım saatı ayın 12-si, saat 14.00-a təyin olunur. Hələlik hamı evinə qayıda bilər!

Hansı şərait, nə olub? Heç kim heç nə başa düşə bilmədi. Amma, sual verən də olmadı. Hamı bir himə bənd idi. Gurultu ilə axışdıq çıxış yoluna tərəf. Yalnız çöldə, mülki innsanlar bizə başa saldılar hansı hadisə baş verib: Moskvada Rəhbər vəfat edib. Bu münasibətlə matəm elan olunub.

İnsan ölümü nə qədər faciə olsa da, üç günlük fasilə məni sevindirirdi. Solmazımı görəcəyimə görə sevincimin həddi-hüdudu yox idi. Dayımla gəldik Sabunçuya. Çay içdik, çörək yedik. Günorta idi. Bir bəhanə axtarırdım ayrılıb aradan çıxmağa. Axır ki, tapdım çıxış yolu.

Sumqayıta getməyi bəhanə edərək dayımdan icazə aldım. Üz tutdum Solmazın texnikumuna. Bilirdim ki, bu gün dərs qurtarır 14.00 – 14.30 radələrində. Bir neçə dəfə olmuşdum burada. Foyedə, enli sutunların yanında durub gözlədim. Dərslərin sona yetmək vaxtı çatmışdı. Tələbələr dəstələşib çıxırdılar. Budur, Solmaz iki qızla enir aşağı. Məni gördü, ilk dəqiqə heç nə başa düşə bilmədi, özünü itirən kimi oldu. Hansısa saniyələrdən sonra üz-gözündə sevinc, tələbə yoldaşlarından ayrıldı, qaçdı mən tərəfə.

–“Soldat” burada? Mən düşünürdüm ki, sən, artıq hərbi formada yol gedirsən!

– Aparmadılar!

– Necə yəni, aparmadılar!

–Dedilər ki, bir yoldaşla gəlməsən, tək aparan deyilik! Həm də dedilər ki, gətirdiyin yoldaş dünya gözəli olmalıdır.

Solmazın dodaqlarından şən gülüş yayıldı ətrafa.

–Əcəb işə düşmüsən, Azad. Haradan tapacaqsan indi o yoldaşı, həm də, dünya gözəli!

– Birini tapmışam, varımdır. Qalıb onun razılığını almaq!

Solmaz gülüşünü kəsdi, məstedici cazibəli baxışlar zilləndi mənə.

–Təki elə olaydı! – dedi Solmaz.

Və mən ən xoşbəxt insan idim dünyada…

2-Cİ HİSSƏ

Bu günkü günümdən dayanıb nəzər salıram o günə: 15 yaşı yenicə tamam olmuş bir qız uşağının və 18 yaşlı yeniyetmənin hisslərlə idarə olunan ürəkləri, düşüncələri! 15-18 yaş üçün həyatın yolunda nə isə problem ola bilərdimi – yox! Yollar – düz, zirvələr yaxın və "gəl, məni fəth et!"-deyir. Əfsuslar olsun ki, həyat təcrübəsi olmayan, enişli-yoxuşlu yollarda yenicə ayaq üstə sərbəst durmağa can atan təmiz, gələcəyə nikbin baxışlı gənc ürəklər qabaqda hansı çuxurların, keçilməz sədlərin olacağını düşünmürlər. Cavanlıq sevmək, sevilmək çağıdır. Məhəbbət – gücdür, sonsuz qüvvədir, bəzənsə, ağılsızlıq dərəcəsinə gətirə biləcək hisslərdir. Bu qüvvə bizi asimana da qaldırar, yıxa da bilər. Sevgi yolunda mübarizə aparmağı bacarmaq da qüvvədir. Əfsuslar, bu yolda hər şeyi itirmək də olur.

Bu günümdən boylanıram o günlərə! Nıyə belə oldu? MƏKAN (yer)+ VAXT + TABEÇİLİK şərti, bu üçlük verdi hökmünü. Yəqin ki, bu günkü 21-ci əsrin cavanları 1980 ilin cavanlarından fərqli olarlar!

Bu gün mən yol verməzdim o üçlüyə…

--1—

Ayın 12-si mən Biləcəridə hərbi komissarlıqdaydım. Çətin oldu bizə ikinci dəfə ayrılıq. Ayın onunda ruhi hazırlığım daha çox imiş, nəinki, on ikisində! Solmazda da, o cümlədən.

Axır, bizi mindirdilər vaqonlara. Ötürməyə gəlmiş ata- analar, əmi-dayılar əzizlərini sıxdılar sinələrinə, kövrək səslə yaxşı yol arzuladılar. Qatar fit verdi, titrədi, yola düşdü.

–Əlvida, Ana yurdum, əlvida mənim ürəyim, arzum, sevincim Solmazım!– pıçıldadım.

Köhnə, son dəfə nə vaxt yuyulub silindiyi məlum olmayan vaqonlarda 9 gün yol getdik. Yataqlardan üfunət iyi gəlirdi. Yemək isə qab yuyuntusunu xatırladırdı. Bir neçə gün özümüzlə götürdüyümüz yemək karımıza gəldi. Axır, gəldik çıxdıq Sibirin böyük və gözəl şəhərlərindən birinə, Krasnoyarsk şəhərinə. Noyabrın 21-i idi. Havanın soyuğu bizim heç vaxt görmədiyimiz, təsirini hiss etmədiyimiz dərəcədə idi: 20 dərəcə soyuq var idi! Bizim əksəriyyətimiz yay geyimində idik. Mən şəxsən, bir şalvar-köynəkdə və yay ayaqqabılarında idim. Bizi vaqondan düşürüb düzdülər sıraya. Soyuq az qlırdı bizi ikiyə kəssin. Dişlərimizin şaqqıltısı uzaqlara gedirdi. Bizi vağzal meydanında bir neçə Qaz-66 markalı yük maşınına doldurdular, gəldik hərbi hissəyə.

İki il bu şəhər oldu mənim xidmət yerim.

İki il müddətində Solmazdan bir neçə məktub aldım. Bir-birimizə açıq – aydın sevgi, məhəbbət məktubları yazmasaq da, sevgi baharının iyi gəlirdi bu məktublardan. Solmazın yazdığı hər məktubu əzbərdən bilsəm də, yorulmurdum oxumaqdan. Həmişə vaxtım olan tək götürərdim hər məktubu yenidən oxuyardım.

“İl nə uzun olurmuş, Azad! Mən əvvəllər düşünmürdüm ayin, həftənin necə getməyini. Amma, indi bildim. Mənə indi çatdı ki, təkcə bir həftənin ötməyi üçün 168 saat keçməlidir! Təkcə bir ildə isə bu “168”-lər 52 dənədir!”– Solmazın bu məktubu mənim həyata vəsiqəm idi! Gözəl, xoşbəxt Gələcəyə fərman idi! Mənim Solmazımın verdiyi fərman!

Çox heyflır olsun ki, o vaxtlar yox idi bu günkü əlaqə vasitələri. İnternet, telefon, istəsən görüntülü danış, istəsən yazış həmin dəqiqə. O vaxtlarsa bir xəbər almaq üçün aylar itirirdin. Sibirdən Azərbaycana 15 gün, bəzən bir ay vaxt lazım olurdu məktub çatsın bir tərəfə.

İki il müddətində o balaca şəkil məndən ayrılmadı. Bircə yeri var idi: döş cibimdə, ürəyimin üstündə! Qışın bəzən 50 dərəcəni ötən soyuğunda, yayın istisində yoldaşım oldu. Sevincimi, arzularımı bölüşdürdü, şərik oldu həyata, gələcəyə olan həvəsimə, ümidlərimə.

Ən azından gündə iki dəfə bu şəkillə görüşürdüm:

“-Sabahın xeyir, Solmaz! Necəsən, gülüm, çiçəyim?

–Sabahın xeyir, Azad! Yaxşıyam, əzizim!”

“-Axşamın xeyir, Günəşim! Necə keçdi günün?

–Axşamın xeyir, Azadım mənim! Bu gün oldu hesabla, filanıncı gün!

–Gecən xeyirə, Solmaz!

–Gecən xeyirə, Azad!”

Bax beləcə, iki il…

Ulu Tanrım, mən necə də xoşbəxt insan idim!..

--2—

Əsgərlik qurtardı. Yoldaşlarımla vidalaşdım. İki ildə aramızda gözəl dostluq münasibəti yaranmışdı. Milliyətcə alman olan kapitan rütbəli rota komandirim mənimlə qucaqlaşıb, yaxşı yol arzuladı. Mənə həmişə “ sən mənim kiçik qardaşımı xatırladırsan, Azad! Çox oxşarınız var.” – deyən bu gözəl insan əvvəllər dediyi təklifi yenə səsləndirdi:

–Qalıb oxumaq fikrin olsa, sənə hər cür köməyə hazıram. Yox, gedirsənsə, yaxşı yol sənə!

17 il keçəcək, bu bərk iradəli, gözəl insanlığa sahib olan komandirimlə görüşəcəyik və “ sən məni keçmişlərə qaytardın!” deyərək, gözləri yaşaracaq…

Bizə bilet verirdilər qatarla. Mənsə dözə bilməzdim altı-yeddi gün yol getməyə. Ürəyim məni tələsməyə çağırır, “səni gözləyən var!”-deyirdi. Hərbiçilərə bileti dəyişməyə icazə verilirdi. Üz tutdum hərbi kassaya. Bileti əlavə ödənişlə dəyişdim təyyarə biletinə. Krasnoyarsk – Novosibirsk – Bakı uçuşuna bilet aldım.

 

Axır, gəldim çıxdım Bakıya. Səhər saat 11 idi, mən artıq küçəmizdəydim! Ürəyimin döyüntüsü az qala gurultuya çevrilmişdi. Bacısı gildə yox idi. " Solmaz iki gün sonra gələcək", dedilər. Əgər, mən bileti dəyişməsəydim, mən gəlib çıxanda Solmaz burada olacaqdı. İndi belə alındı ki, iki gün həsrət içində gözləyəcəyəm!

Ta, rayona-evimizə getmədim. Solmazı görməmiş gedə bilməzdim. Onu görmək, eşitmək arzusu ürəyimdə qaynayırdı. Solmazın mənim ürəyimdə tutduğu yer, onun mənim üçün kimliyi bu iki ildə özünü göstərdi. Yer tapa bilmirdim özümə. Ocağa düşmüş insan tək, vurnuxurdum . Qara gözlərinə həsrət qalmışdım. Yüz dəfə özümə söz verdim ki, gələn tək onu şəhərə dəvət edəcəm, arxayınçılıqda bir yolla hisslərimi ona çatdıracam. Hər şeyi biz Solmazla qərarlaşdıracağıq.

İki gün gəzdim Bakını. Başımı qatdım cürbə-cür qayğılarla. Gözümsə yollardaydı. Küçədə hər səsə, hər addım atana diqqət yetirirdim. İki qeyri adi uzun gün axır ki, keçdi.

Ağ jiquli dayandı qapıda. Düşdülər maşından.

Bacısının adını çəkərək salam verdim. Hər ikisi cavab verdilər. Solmaz mənə tərəf çevrildi və gülümsədi. San ki, Günəş doğdu qaranlıq dünyama!

Bu gün ürəyimi anlaşılmaz, çılğın hisslərlə döyündürən, ona gah asudəlik, gah da narahatlıq verən məstedici sevgimi açıqlamalıydım. Hər dəqiqə mənə ildən uzun görünürdü. Oturacaqların yanında ayaq üstə durmuşdum, yer üzünü işıqlandıran Günəşimi gözləyirdim. O isə, açıq qapının arasında dayanıb, səmada buludlarının arasından boylanan günəş tək, mənə baxırdı…

Yavaş-yavaş uzaqlaşdım küçənin yuxarı başına. Küçə yuxarıda dönür sağa və enirdi böyük yola. Burada dayanacaq var idi. On dəqiqəyə yaxın durdum dayanacaqda. Birdən yaxınlaşan ayaq səslərini eşitdim. Və, tanış ətir dəydi burnuma! Günəş idi, göydən yerə enmişdi, yeriyirdi.

Niyə onda Onu bağrıma basmadım, hansı qüvvə məni saxladı? İndiki şüurum o vaxt olsaydı məndə, mən bir dünya dayanıb baxsaydı da belə, qucaqlayıb bağrıma basardım! Öpərdim, yüz dəfə, min dəfə öpərdim! Əzizim mənim, ürəyim mənim!.. Amma, o vaxt zəmanə başqaydı, biz başqaydıq!..

Mindik avtobusa, sonra metroyla "Baksovet" – ə qədər getdik. Burada çıxdıq yuxarı, başladıq yavaş-yavaş gəzməyə.

Vurulduğum, ürəkdən sevdiyim bir qıza ürəyi açmaq, ona “sevirəm” demək asan iş deyilmiş! Bu bircə sözü demək üçün bütün gücümü toplasam da, cəsarətim azlıq edirdi. Bu fikri əyan etmək gəncliyin ən çətin imtahanıdır. Ömürlük yadda qalan, ən şirin və ən çətin sınaq dəqiqələri! Solmaz isə şirin söhbətində idi. Oxuduğu məktəbdən danışırdı. Utanırdım başımı qaldırmağa. Qorxurdum ki, başımı qaldırsam, Solmaz cəsarətsizliyimi gözlərimdə görər. Solmaz mövzunu dəyişdi:

Рейтинг@Mail.ru