Solmaz ulduzlara baxaraq pıçıldadı:
– Sayrışan ulduzlara bax, deyirlər hərənin öz ulduzu var. Görəsən, bizim ulduzlar hansıdırlar? Bəlkə də, onlar qonşu durublar, yaxındırlar biri-birinə, bizim tək?
– Əlbətdə, Solmaz! Bizim ulduzlar çoxdan birdirlər. Ağ donlu mələk sehrikar səslə, “Azad, tanımadın?” deyib salamlaşdığı gündən!
– Yox! Daha iki il qabaq. Yadından çıxıb?
– Yox, mənim Günəşim! Heç nə yadımdan çıxmayıb. Yəqin ki, o vaxtdan. Amma, onda sənlə danışmaq çətin məsələ idi. Sənin lüğət dəfdərində işlədilən ikicə söz var idi: “Hə,yox”.
– Mən onda utanırdım səndən, Azad!
– Biz onda lap uşaq idik, sənin 13, mənim 15 yaşım vardı. Sözün düzü o vaxtlar ürəyimdə müəyyən hisslər baş qaldırsa da, tam ciddiliklə nə olduğunu başa düşə bilmirdim. Nə qədər minnətdaram ulu Tanrıya ki, onda bizi görüşdürdü! Solmaz adlı xoşbəxtliyi özümdə, ürəyimdə gəzdirirəm və şükürlər deyirəm Yaradana!
Danışıb vədələşdik Solmazla. Məktəbə girirəm və payız gəlirəm. Ailə qurmaq, qovuşmaq məsələmizi ya yekunlaşdırırıq, yekunlaşdırmasaq da, ən azından nişanlanma mərhələsini keçirik!
--3–
İndi Rusiyaya qayıtsam da, ürəyim orada idi. Bu sevgi mənə qüvvət verirdi. Saf, təmiz məhəbbət həyatımı şirin arzularla, səadətlə doldurmuşdu. İşimlə də razı idim. Gözəl kollektiv, gözəl əhval- ruhiyyə, gözəl gələcəyə inam.
İnsituta vermişdim işimi, gecə şıbəsinə. Tarixçi olmaq istəsəm də, sənədlərimi verdim texniki insituta. Mən orta məktəbdən rus dilini bilsəm də, humanitar istiqamətə girməkdən çəkindim. İmtahanları "4"-ə verdim.
Avqustun isti günləri idi, 22-si. Politexnik insitutun "Avtomobil istismarı" fakultəsinin axşam şöbəsinə qəbul olunanlar sırasında öz ad-soyadımı gördüm! Sevincim göylərə çatırdı!
İlahi, nə xoşbəx idim mən! Gözəl işim -400-600 sovet manatı maaşım, insitutum, sağ-salamat ata-ana, gözəl Solmazım-sevincim! 80-ci illərin gəncinə özgə nə lazım ola bilərdi ! Xoşbəxtlik bürümüşdü məni.
Onu da deyim ki, 5-6 gün idi ki, məni və bir neçə yoldaşlarımı xətdən çıxarıb təhkim etmişdilər zavod işçilərini kolxoz tarlasına – kartof qazıntısına aparmağa. Səhər tezdən çıxır, axşam gəlirdik.
Bir bu gün istirahət götürmüşdüm ki, insituta baş çəkim- qəbul siyahısına baxım, bir də ki, rabitə şöbəsində mənə məxsus olan abunə yeşiyinə nəzər salım.
O vaxtlar əbunə yeşiyini almaq çətin olurdu. Bir neçə dəfə qəzet – jurnallarım itdi. Kulminasiya nöqtəsi Bakıdan aldığım “Azərbaycan” jurnalının bir nömrəsinin yoxa çımağı oldu. “Komsomolskaya pravda” qəzetinin redaksiyasına məktub yazdım. Çox keçmədi, mənə poçtda yeşik ayırdılar. Məktublarım, qəzet-şurnalım qoyulurdu o yeşiyə, mən də, həftədə bir dəfə gedib yoxlayırdım. Amma, bu ayı həm insituta görə, həm də, kolxozlara getdiyimə görə 10-15 gün yeşiyi açmamışdım. İnsitutdan sevinclə döndüm.
Yol üstü girdim poçta, yeşiyimi açdım. Qəzet -şurnalım yığılmışdı. Bir məktub da var idi. Gecə qaranlığında tanıyardım o xətti! Solmazdan idi! İlahi, sevincim cütləşmişdi! Özümü danlayırdım ki, məktub yəqin çoxdan gəlib, gec gəlirəm poçta.
Konvertin üstündə Azərbaycan poçtunun möhründə tarix durmuşdu iyulun 19-zu, buranın möhründə 9 avqust!
Bu tarixlərə sonralar dönə-dönə qayıtdım və yaddaşıma həkk olundu bu rəqəmlər.Və həmin məktub oldu mənə ömür-gün yoldaşı. Demək, məktub poçta verilib, ən azından, 34 gün qabaq! 2 həftə durub burada. Elə oradaca açdım məktubu. "Əzizim bilirəm, imtahanlarındır. Amma, vəziyyət pisləşir. İmkan et, özünü çatdır. Məni nişanlamaq istəyirlər…"
Tezdən dəstə rəisinin kabinetindəydim. Yay mövsümü işçilər azlıq etdiyini yaxşı bilirdim. Amma, məni heç nə dayandıra bilməzdi. Dəstə rəisimiz heç ağzımı açmamış üzümə nəzər salıb həyacan dolu səslə soruşdu:
–Nə olub, Azad, nə baş verib?
–Nikolayeviç, mənə on günlük mənzuniyyət lazımdır. Təcili Bakıya uçmalıyam.
Artıq sual vermədi.
–Otur, yaz ərizəni!-dedi.
On günlük öz hesabıma mənzuniyyət götürdüm. Getdim aəroporta. Birbaşa olmadığı üçün, Daşkəndə, oradan da Bakıya bilet aldım. Və səhər tezdən uçdum. Budur, Bakıdaydım…
--2—
Bacısı gilin qapılarına yaxınlaşdım. Təzəcə qapını döyməyə hazırlaşırdım ki, arxadan səs eşitdim:
– Bıy, sənsən, Azad?
Bacısıydı. Əlində bir neçə çörək dayanmışdı. Salamlaşdım. Onun da səsində nəsə həyəcan var idi.. -Keç həyətə, Azad, heç kim yoxdur, danışaq. Ürəyim san ki, partlayacaqdı. Solmazı gəzdi gözlərim.
– Hanı Solmaz?
– Yoxdu, -dedi.O rayonda qalır. Papa icazə vermir şəhərə gəlməyə. Mən sizin aranızda olan səmimi münasibəti bilirdim, Azad.
– Nə səmimilik, Almaz bacı! Biz sevirik bir-birimizi. Bir iki aya biz nişan qoymaq, evlənmək məsələsini həll etməliyik! Nə olub, niyə kimləsə nişan söhbəti gedir?
–Eh, Azad, uşaqlıqdı də. Nələr olmur bu vaxtları. Budu ey, mən pis yaşayıram? Sinif yoldaşım aşiq olmuşdu mənə. Mənim də ondan xoşum gəlirdi. Şükür indi görürsən. Sən də maşallah, ağıllı- başlı bir gözəl igid. Qız tapılmır , yəni sənə. Kimi işarə etsən qaçacaq dalınca. Solmaz verilib başqasına. Məsələ həll olunub. Sakitləş və qayıt, get.
Od çıxdı gözlərimdən! Baxışlarım zillənmişdi Almaza. San ki, bu insanı birinci dəfə idi, görürdüm. Mən tanıdığım insan, Solmazın sevimli bacısı deyildi bu qadın! Neçə illər bacı tək hörmət etdiyim, Solmazın qayğısını çəkən, az qala analıq edən bu qadın nələr danışırdı?
Qəfil kəsdi səsini, gözlərimin odu-alovu qorxutdu onu!
–Mən bildiyim bunlardır, dedim sənə. Get, gör, özün eşidərsən! -dedi, – Solmaz rayondadır.
Və qapını bağladı.
***
Gecə 3-4 radələrindә artıq kənddəydim. Hava işıqlaşanda durdum evlərinin qabağında. Allaha, göydə sayrışan ulduzlara, əsən küləyə yalvarırdım : açılsın qapı, Solmaz çıxsın qapıdan!
Əfsuslar! Heç kim çıxmadı o gün qapıdan. Hansısa qadın qohumları axşam üstü gəldi girdi həyətə. Mənə isə, dedi ki, onlar yoxdular bir neçə günlüyə. Gediblər Bakıya, ya, hara bilmirəm. Bəl kə də, Solmazın nişanlısı gilə.
Getdim rayona, poçta. Sarışın qızı tapdım, and-aman etdi ki, heç nə bilmirəm. Nə edə bilərdim, qayıtdım yenə Solmaz gilin küçəsinə.
Onca gün qabaq özünü dünyanın ən xoşbəxti sayan insan, indi yer kürəsinin ən bədbəxt bir canlısına çevrilmişdi!
Gün keçdi, günəş yavaş-yavaş uzaq dağların arxasına endi, axşamın qırmızı şöləsi əriyib yoxa çıxdı. Yad yer, yad küçə, tanış olmayan insanlar. Mənə təəcüblə baxanlar çox idi. Qaranlıq düşən tək getdim, gecələdim Tovuzda. Demək olar ki, bütün gecəni yatmadım. Hərdən olurdu ki, gözlərim yumulurdu, lakin çox keçmirdi, sanki kiminsə gözlənilməz yumruğundan sarsılıb ayılırdım və yorğanına qor dolmuş insan kimi o tərəf-bu tərəfə çevrilirdim. Sübhə qədər od-alov içində yandım. “Nə edim, Necə edim?”– söylədim. Nəhayət, yata bilməyib durdum. Geyinib küçəyə çıxdım. Bu sakit, balaca şəhəri sevmişəm. Amma, indi mənə hər şey düşmən görünürdü. İlk avtobusla gəldim yenə Solmaz gilə. Köçdən qalmış itlər köhnə yurd yerini necə qoruyub otururlar, mən də elə. Kəsdirdim qapının ağzını. Bir azdan həmin qadın-Püstə xala- yenə gəldi, girdi içəri. Yəqin, iş görmək lazım imiş. Bir azdan çıxdı, getdi.
Günortadan sonra ağ jiquli gəldi, dayandı qapıda. Ürəyim partlayacaqdı! Əfsuslar, atası tək idi. Hər söhbətə hazır idim.
Yaxınlaşdım. Məni həyətə dəvət etdi. "Çay-çörək?"– "Yox!"
–Bala, sən uşaqsan, mən atan yerdə kişiyəm. Cavanlıqda hər şey olur. Unut və çıx get. Bir də buralara gəlmə. Qızım ərə gedib və razıdır həyatından.
– Mən inanmıram sizə, niyə iki insanı siz bədbəxt etməyə çalışırsız. Bir də ki, bircə söz eşidərdim Solmazın dilindən! (Mənim bu sözlərim-iki həyatın bədbəxt olmağı özünü doğrultdu. İllər keçdi, Solmazla görüşəndə bildim bunları.)
– Bala, sən düşünmə ki, mən qızımı döyə-döyə vermişəm! Səhvini mənim qızım başa düşüb, və bu istəklisini özü seçib, sevib. Biz də xeyir duvasını verdik, vəssalam!
– Sizin dediklərinizə inana bilmərəm! Solmazla biz əhd etmişdik, şərtləşmişdik məktəbə girən tək elçi göndərəcəydim. İki ay keçməyib, Solmaz başqasını seçib?
–Elə hesab et ki, elçi göndərmisən. Mən də “yox” demişəm! Qurtardı söhbət, ya, sözün var yenə?
– Siz nədən “yox” deməli idiniz? Axı biz biri-birimizlə nəfəs alırıq, bir ürək döyünür iki sinədə! Bədbəxt etməyin bizi!
– Bala, qurtaraq bu söhbəti. Solmaz səhvini başa düşüb.
– Yalvarıram sizə, icazə verin, görüm Solmazı! Mən bir aya gəlməliydim ki, nişan məsələsini həll edək! İndi icazə verin, özü desin. Bircə kəlməsini eşidim! Yalvarıram!
Divar idi, daş divar, dayanmışdı qabağımda. Neynəyə bilərdim, ilahi! Yenə yalvardım:
–Əmi, Allahın xatirinə, icazə verin görüm onu. Mən gedə bilmərəm Solmazı görməsəm!
–Mən Rusiyet üçün qız böyütməmişəm! Ağlım üstümdədir hələ! Get, bala, get yaşa öz həyatını.
– Mən məktəbi dəyişəcəyəm Bakıya. Qanun icazə verir. Heç yana aparası deyiləm Solmazı.
– Bu məsələ bağlıdır!
Söhbət çox etsək də, nə qədər yalvarsam da, heç bir nəticə vermədi. Bu insan üçün Solmaz yalnız ixtiyarsız, seçməyə hüququ olmayan bir əşya idi.
– Oğul, mən burada sayılan kişilərdən biriyəm. Və heç vaxt sözümü dəyişməmişəm. O ki, qaldı qızımın məsələsi! Qız verilib, söhbət qurtarıb! Səni buradan qovdurmaq, hansısa pisliklər etmək asan işdir, amma, etməyəcəm. Bir də bu qapıya yaxın durma.
--3—
Saһildə hökumәt evinin qarşısından keçәn geniş küçә ilə gedirəm. Budur bu qoşa və hər ikisi əyri küknar ağacları. Burada Solmazla yumru ağ lampaların işığında dayanardıq, nə qədər şirin arzular etərdik.
İndi sükut içində durmuşam, bir saat, iki saat-bilmirəm. Gecәnin sakitliyini arabir maşınların siqnalı və haradasa gedәn tramvayların cingiltili sәslәri pozurdu. Dənizə tərəf getdim. Ayın işığında dәniz elә şəffaf idı ki, az qala dibi görünürdü. Ürəyim ağrıyırdı.
Solmaz söykənərdi bu surahilərə, xahiş edərdim -saçlarını dağıdardı çiyinlərinə. Baxardım, mən fәxr edәrdim. Ürәyim iftixar һissi ilә elә döyünәrdi ki…
…Geri dönəsi oldum. Nə edə bilərdim? . Dərdli, gözüm yaşlı, ürəyim qan ağlayırdı. Bacısından bir daha nə isə məlumat almaq istədim, daş ürəklər çıxdı qarşıma. “Solmaz gedib, öz xoşuyla, vəssalam!” Kimi günahlandırmaq olardı? Övladına xoşbəxtlik istəyərək, ona yol seçən atanımı, ata-ana göstərişini talenin qanunu tək qəbul edən məsum, fağır, olduqca sakit qız uşağınımı, səhlənkarlıq edərək məktubu gec oxuyan özümümü, Yazı Yazanın qələminimi?
Qatarla Mineralnıye Vodı şəhərinə getməli oldum. Oradansa təyyarə ilə uçacaqdım. Qatara minəndə ürəyimin necə qanlar ağladığını ifadə etməyə
İndi mənim gücüm çatmaz. Ürəyimi, varlığımı itirib gedirdim Azərbaycandan.
Düşdük yola. Kupedə məndən əlavə, bir rus kişisi və cavan qızı ilə, bir yaşlı azərbaycanlı qadını vardı. Söhbətlərindən bildim ki, qız Novosibirsk Dövlət Universitetinin son kursunda oxuyur. Bu səfərim məcarəsiz ötüşmədi.
Qatar sürət yığmışdı, təkərlərin ahəng taqqıltıları bir-biri ilə təzə tanış olan sərnişinlərin söhbətlərinə qüvvə verirdi. Mənsə heç kimlə danışmağa həvəsim olmadığı üçün yapışmışdım pəncərəyə, gözlərim naməlum nöqtədə, xəyallarımsa uzaqlarda, itirdiyim insanın yanında idi. Artıq Dağıstana girmişdik. Kupedə ikicə nəfər – mən və cavan qız qalmışdıq. Kişi siqaret çəkməyə getmişdi. Azərbaycanlı qadınınsa səsi qonşu kupedən gəlirdi. Qız əks tərəfdə, aşağı yerdə qapıya tərəf uzanıb kitab oxuyurdu. Günortaya yaxın idi. Günəş yavaş-yavaş gəldi, durdu kupemiz tərəfdə. Günəş şüaları kupenin pəncərəsindən içəri düşdüyündən kupe istiləşmişdi. Qız məndən xahiş etdi ki, şüşənin pərdələrini çəkim yerinə. Durdum ayağa. Pərdənin sol yarısını çəkdim şüşənin qabağına. Pərdənin ikinci yarısını çəkə bilmədim. İkinci mərtəbə yataq yeri açıq olduğundan maneçilik törədirdi. Örtüyü yerinə çəkmək üçün ikinci mərtəbə yataq yerini qaldırmaq lazım idi. Bu yer isə, qız uzandığı yerin üstündə idi. Qatar isə Azərbaycan qatarı idi! Yatacaq yerinin qırağından tutub qaldırmaq istədim. Elə həmin anda bu enli, ağır taxta yatacaq yeri getdi aşağı! Həm də, fırlandı bu zəhrimar taxt, til – qıraq hissəsi ilə üzü aşağı düşdü. “ Oy, mama!” Qızın qışqırmağı ilə, alnından al qan yayılmağı bir oldu. Yatacaq yeri sınıq imiş! Bir himə bənd imiş düşsün. Qızın atası mənlə başladı söz davasına. Məni eylədi günahkar. Qatar dayanmışdı. Həkim gəlmişdi. Yuyub təmizlədilər yaranı. Sarıq qoydular. Bir azdan üç nəfər milis işçiləri gəldilər. Xeyli yazdılar, sorğu etdilər. Qızın atası ərizə yazdığına görə məni düşürmək istədilər. Məni bəlkə də düşürəcəydilər, qız normal vəziyyətə gəlib danışmasaydı. Sağ olsun, əsl hüquq müdafiəçisi imiş. Nə isə, milislər məni qatardan düşürmədilər. Günahım olmasa da, özümü xəcalətli sayır, hər dayanacaqda yaralıdan bir şey lazım olub-olmadığını soruşur, nəsə almağa çalışırdım. Min.Vodda xudahafizləşib düşdüm qatardan. Səhərə yaxın evdəydim artıq.