bannerbannerbanner
полная версияGecikmiş məktub

Xaliq Temur Məmmədov
Gecikmiş məktub

Полная версия

--4—

Həyatda bir anlayış var: metamorfoz hadisəsi. Mahiyyətin və formanın tam dəyişmə hadisəsi. Məndə həmin metamorfoz hadisəsi baş verdi başıma gələn bu fəlakətdən sonra. Mən həmişə gülər üz, deyib-gülən, zarafatı sevən bir insandan çevrildim gülməyə çətinlik çəkən, ürəyində dərd-qəmdən başqa bir şey olmayan bir insana. Mənim Solmazımı, mənim Sevincimi, mənim Arzularımı aldılar məndən, cismən aldılar. Buna bir cavab olaraq, mənim yaralı ürəyim mənim qəmimi, kədərimi, qəlbimin göz yaşlarını çevirdi kərpicə, sementə, betona. Daxilimdə tikdi bir qala divarı. Həmin qalanın içində durub o sevgim, o Solmazım, Arzularımız, Diləyimiz. Təmiz, ləkəsiz, saf arzularla yaşayan gəncliyimiz durub orada! Oraya, o qalanın içinə girə biləcək kənar bir qüvvə yoxdur bu həyatda. Ürəyimdə, şüurumda, gecəmdə, gündüzümdə durub bu qala. Yalnız bir qüvvə var daxilimdən bunları silməyə, o da, İlahi qüvvədir, Ulu Tanrıdır. Amma, Yaradan məndən almaq istəsə bunları, ala bilər yalnız nəfəsimlə, həyatımla bir yerdə!

Günəşim mənimlədir həmişə – xəyallarımın, arzularımın özəyidir. Yuxularımın qonağıdır. Rahatlaşıram Solmazı yuxuda görəndə. Razıyam, ayılmayım, əbədi olsun yuxum, amma mənimlə olsun, danışsın, saçlarını töksün çiyninə mənim gözəl Solmazım!

Susmasın, danışsın mənimlə! Lal və qəmli baxışlar doludur suallarla. “-Niyə gəlmədin? Mən ki, yalvardım : çatdır özünü! Niyə aparmadın məni?”…”Səni yox, özümü itirmişəm, yox olmuşam , Solmaz! Yoxdur şən, gələcəyə , sabaha boylanan Azad!” “Danış, Solmaz, bəlkə qayıda biləm özümə!” Amma, danışmır, susur, baxır sakitcə. Cavan, gözəl…

Yuxuma girmişdin bu gecə yenə,

Gördüm, gözlərində qəmginlik vardı .

Nə danışa bildik, nə də ki, dinə,

Qorxduq, danışsaydıq yuxu qaçardı.

Yuxuma girmişdin deməyə mənə -

Qayıdaq, cavanlıq eşqini anaq!

Qayıdaq, bir anlıq o keçən günə-

Şirin məhəbbətin odunda yanaq!

Yuxuma girmişdin sorğu etməyə,

Dərdli ürəyimdə dururmu yerin?!

Bəlkə də, gəlmişdin mənə deməyə:

Sonu olacaqmı qəmin, kədərin?

Gəlmişdin yuxuma, niyə dinmədin?

Titrəyən dodağın cəlladım oldu.

Uzaq gəncliyimdən uçub gəlmişdin,

Gəl, birgə qayıdaq! De, hansı yoldu?

Özün uzaq idin, baxışın mənlə,

Qol açdım, heyif ki, tuta bilmədim!

Sən getdin, yuxum da getdi səninlə ,

Oyandım, sübhəcən yata bilmədim!

Daha gücüm çatmır, çəkə bilmirəm -

Bir belə yükünü sənə həsrətin!

Bəxtimə mən sənli yuxu istərəm,

Röyasız yaşamaq çətindir, çətin!

Enişə-yoxuşa üz tutdu yollar,

Başımız üstünü tez aldı payız.

Daha nə qara saç cavan Azad var,

Nə də tez küsəyən nazlı dəcəl qız!

4-CÜ HİSSƏ

–-1–

Vaxt gedirdi, ürəyimin yarası sağalmırdı. Bacısı deyibmiş Solmazın bir uşağı-qızı- olduğunu. "Allah xoşbəxt etsin səni, Solmaz!" -dedim ürəyimdə.

İndi bizim evdən gəlirdi təkidlər-tələblər. "Evlənməlisən! Yoxsa, oralarda kiməsə ilişəcəksən!"

İşdən gəlmişdim, gecə idi. Evimizdən gələn məktubu bir də oxudum. Məktub qəti tələblə yazılmışdı: “Ya, çıxıb gəlirsən bir yolluq. Ya da ki, gəlib evlənib gedirsən! Gözləyirik” Mən neynəyim? Ürəksiz, sevincsiz bir insan kimləsə ünsiyyət tapa biləcəkmi? Məktub əlimdə, çıxdım bayıra.

Səssizlik çökdmüşdü təbiətə.. Bir gecə sükutunu yalnız uzaqlarda işləyən hansısa zavodun səsi pozurdu. Aralanıb endim Yeniseyin sahilinə. Bu böyük çay şəhəri iki hissəyə bölür, Sağ sahil, Sol sahil . Burada çay o qədər enlidir ki, hətta, ada da yaranıb ortada, Tatişev adası. Körpünün uzunluğu 1.6 km dir. Həmişə sevmişəm bu böyük, gur sulu çayın sahilində oturub arzular dünyasına dalmağa. Ən çox da xoşum gələrdi sakit qış axşamları burada tənha oturmağa. Sakitlik içində aram-aram səpələnən yumşaq qar dənəciklərinin altında nə qədər planlar qurmuşam. Solmazla necə yaşayacağımızı, necə gözəl uşaqlar böyüdəcəyimizi düşünmüşəm, arzularım məni Solmazlı dünyamda yaşadıb, sevindirib.

Amma, indi arzulamağa-planlar qurmağa yox, məhv olan arzularımın yasını tutmağa çıxırdım bu sahilə.

Hərdən xəyallarım dönürdü arxaya. Bir anlığa unudurdum özümü, acı həqiqəti. Sevinc, ümid, təsəlli dolu duyğular dolurdu qəlbimə. Amma bu duyğular yuхuya bənzəyirdi . Yalan, sonu sevincli yekunla bitən şirin yuхulara. Reallıq uzağa gedə bilmirdi. Və o şirin duyğular əriyir, öz yerini verirdi həqiqətə. San ki, diksinib ayılırdım yuxudan. Şirincə başlayıb acılıqla qurtaran keçmiş, dumanlı, ürək parçalayan gələcək. Taleyin hazırladığı qismətə kim müqavimət göstərə bilər?..

Axır, qonşu kənddən bir qızla evləndim. Apardım özümlə. Heyflər, onu xoşbəxt edə bilmədim. Solmaz barədə ona heç vaxt heç nə danışmadım. Amma, ürəyimin soyuqluğu, sevinə bilməməyim göz qabağında idi. Bacarmadım özümlə. Gücüm çatırdı şeir yazmağa. Sızıldayan yaralarıma şeirlərimlə örtük çəkirdim.

Odlanır ürəyim yar firqətindən,

Məhəbbət nəğməli dil itirmişəm.

Fələk fərman verib sonsuz nisgilə,

Yanıban olmuşam kül. İtirmişəm.

Unutmaq olarmı keçilən yolu-

Acılı, şirinli xatirə dolu.

Bir ahu baxışlı, xuraman boylu,

Bahar təravətli gül itirmişəm.

Saf eşqin odunda yanan, alışan,

Məhəbbət şəninə nəğmələr qoşan,

Sevgidən güc alan, qaynayan-coşan,

Ürəyə yol salan sel itirmişəm.

Yol edib aradan neçə fəsillər,

Daha nəğməsini demir bülbüllər.

Soraq etmir bizi çiçəklər, güllər,

Çəmən itirmişəm, çöl itirmişəm!

Deyirlər,binadan yazılar yazı,

Nə fərqi: olgunan razı-narazı!

İki ürək seçən arzu-murazı,

Özündə saxlayan il itirmişəm!

Axır, o şeirlərim də boşanmağıma səbəb oldu.Həyat yoldaşımın heç bir günahı yox idi. Ağıllı, sadə və gözəl bir qız idi. Yalnız bircə səbəb: özümə gələ bilmirdim tez. Vaxt lazım idi mənə. Gülmək, sevinmək məndən uzaq düşmüşdü. Könül evim dönmüşdü bağlı zindana.

--2–

1992-ci ilin avqust ayı . Kəndimizdə döyüşlər gedirdi. Avqustun əvvəlləri çoxlu yaralanlar oldu. Şəmkirdə xəstəxanada müalicədə olan yaralılara baş çəkməyə gedəsi oldum. Xəstəxanada işimi qurtaran tək üz tutdum rabitə şöbəsinə.

Sarışın qız öz yerindəydi. Aradan neçə illər keçsə də, tanıdıq bir-birimizi. Üzr istəyib, arzumu – yalvarışımı çatdırdım: Solmaz barədə bir məlumat! "Bir dəqiqə dayanın!"– dedi. keçdi içəri. Hiss etdim ki, zəng etdi. İki dəqiqə keçdi, çıxdı bayıra. -Gedək!

Görüşdük! Mən belə görüş arzulamırdım, Solmaz! Solmaz!

…Azalmır könlümün həsrəti-qəmi,

Görüşə yetişmək olur beləmi?

Fələyin taleni yazan qələmi,

Bilmədik, yolları bağlayacaqdı.

Solmaz ağladı. Deyirlər, kişi ağlamaz. Amma, yalandır! Parça-parça olmuş ürəyin göz yaşlarını saxlamaqmı olar? Təzəcə cücərməyə başlamış arzuları, diləyi məhv olmuş, gənc ikən qocaya bənzər olmuş, “niyə yaranmışam!”-deyən insana demək olarmı niyə ağladın? Özümü saxlaya bilmədim, göz yaşlarım töküldü!

İlahı, niyə belə xəsissən xoşbəxtlik paylayanda! Təzəcə həyata qədəm qoyan günahsız cavanları nə üçün əzaba, iztiraba düçar edirsən, ey Yaradan? Göz yaşları içində danışdı olub keçənlərdən. Uşaq olan kimi boşanıblar. Bir neçə il uşağını tənha böyüdüb. İkinci ildir ki, gözəl bir insana ərə gedib. İkinci körpəsi var. Atası da gedib rəhmətə.

Ünvanımı istədi, verdim."Son məktubumu yazacam, Azad!"-dedi.

Ayrılanda mənə elə gəldi ki, biz qorxduq! Qorxduq son nəfəsimizə qədər bizimlə yaşayan o ülvi məhəbbətin şüurumuza üstün gəlməyindən! Hisslərimizin bizi harasa çəkəcəyindən qorxduq. İki ailə, hər ailədə birgə ömür sürən iki həyat! Hər ailədə atalı-analı yaşamaq istəyən körpələr! Kimə deyəsən etirazını, kimə göstərəsən əbədi sızlayan ürək yarasını?..

Övladlarım oğul oldular. Qızım olaydı, Solmaz qoyardım adını! Alınmadı.

Məni yola saldı, ağladı yenə. Yadıma bir neçə il qabaq Solmazın məni Rusiyaya yola saldığı düşdü. Onda da, mən qatara minəndə ağladı.

Təki mən minməyəydim o qatara! O qatar məni Solmazımdan əks tərəfə apardı!

Yenə mahnı gəldi qulağıma:

Bülbül, sənin işin qandı,

Aşiqlər oduna yandı,

Nədən hər yerin əlvandı,

Köksün altı sarı, bülbül…

SOLMAZIN DEDİKLƏRİ:

Gənclik fәsli sevgi duyğularının baş qaldırdığı çağlardır. Yeni hisslər, yeni duyğular ürəklərimizi cilovlamış, hərəkətimizə sahib olmuşdu.

Azadla aramızda yaranmış bu münasibətə nə ad verə bilərdim? Səmimi ünsiyyətmi, iki gəncin dostluğumu-axı dostluq belə olmur! Mənə xoş idi Azadla oturmaq, söhbətləşmək. İlk əvvəl başa düşmürdüm ürəyimdə nələr baş verdiyini. Azadın səsi gələndə küçəyə boylanmaq, bəzən, qapını açıb çölə çıxmaq məndən asılı olmurdu. İlk dəfə Azad mənə dəniz kənarına getməyi təklif etdiyi gün ən xoşbəxt günüm oldu mənim. Mən, san ki, nağıllar dünyasına köçmüşdüm. İlahi, nə gözəl dünyalar var imiş! Şirin arzularla dolu günlər, sevinclə açılan səhərlər, şirinliklə yetişən gecələr var imiş! Sevmək necə də şirin olarmış! O günlər, o aylar mənim yaşadığım günlər idi, aylar idi! Sevinc dolu, səadət dolu ürəklə yaşadığım Azdalı günlərim idi, aylarım idi. Düz payıza kimi. Azad əsgər getdi. Bütün kişilər gedir əsgərliyə. Başladım günləri saymağa.

Mənə gözləməyim, həsrətli günlərə dözməyim asan olsun deyə, özüm üçün təqvim düzəltdim. 732 kvadrat çəkdim. Hər kvadrata rəqəm yazdım. 732; 731;… Gün keçdi, həmin kvadrata ürək şəkli çəkirdim. Bax beləcə gözlədim əziz insanımı!..

İki il keçdi. Azad gəldi hərbidən.

–Daha Azad həmişəki uşaq deyil. Əsgərlik uşaqları böyüdür, kişi edir, -dedi bacım.

--1—

Ürəyimdə təlatümə var. Bu gün sevgimizi dilə gətirdik! Rahatlıq tapa bilmirəm. Ürəyim bir şüşə qaba salınmış kəpənək kimi bütün gecəni, bütün gündüzü çırpınır, mənə əziyyət qarışıq ləzzət verir. Azadın baxışlarının, doğma, əziz səsinin һəsrətini çәkirəm. Yumuram gözlərimi- Azadı görürəm, açıram gözlərimi- Azadı görürəm! Dünyamın ən şirin sözü: Azad!

--2—

Аzad getdi kəndlərinə. Səbirsizliklə gözləyirlər. İki il müddətində, əlbbətdə, Azad üçün darıxmışlar. Danışdıq ki, yanvar tətili mən də gedim evə. Filan gün görüşək rayonda.

 

Evimizdəydim.Səhər, hələ günəş salama gəlməmiş yerimdən qalxıb əlüzümü yudum, saçalrımı daradım. Anam girdi içəri. Məni arxadan qucaqlayıb saçlarımı öpdü.

–Solmaz, qızım, bacın mənə bir-iki söz danışdı. Amma, istərdim, özün danışasan.

–Nə deyim, ana…

–Hər şeyi danış, hər şeyi. Mənim gül balam!

–Axı, sən hər şeyi bilirsən, ay ana!

– Danış, gül balam, özün danış.

–Anam, əziz anam!– anamın qucağına sığındım,– Azaddır adı! Ana, mənim üçün dünyada bircə insan var, odur. Nə deyim sənə, mən bilmirəm. Onsuz həyat yoxdur mənə!

– Axırı xeyir olsun, ay bala! -Anam köks ötürdü.-Atan nə fikirləşir görəsən…

--3–

Zöhrab məndən dörd yaş böyükdür. Texnikum qurtarıb və artıq vəzifədə işləyirdi. Atası isə, atamın rəisi idi. Həm də dost idilər.

Son vaxtlar tez-tez yolum üstə çıxırdı. Bir dəfə məni saxladı:

– Salam,Solmaz!

Cavab verdim.

– Neçә vaxtdır fürsət gəzirəm ki,sәninlә görüşəm. Xaһiş edirәm, qulaq as, Solmaz. Mәn һәmişә sәni düşünürәm. Yalvarıram, vaxt de, imkan edək, görüşәk…

–Nəyə lazım, Zöhrab. Belə fikri gətirmə ağlına.

--4—

Əziz insanımı Rusiyaya yola saldım! İlahi, nə qədər ağır idi mənə Azaddan ayrılmaq!

– Tez-tez gələcəm, Solmaz. Hər iki – üç ay. –dedi Azad.

Neynəmək olardı, oxumaq lazım idi, və Azad insitut həvəsi ilə yaşayırdı. Göz yaşlarımı saxlaya bilmədim Azad qatara minəndə. Qatar fit verdi, hərəkətə gəldi, dedim ürəyim düşəcək yerindən! Qışqırmaq istəyirdim: "

Qayıt, getmə, Azad! Düş, əzizim!" Qışqıra bilmədim. Ağladım sakitcə. Kaş qışqıraydım, yalvaraydım! Nə qədər əzablara düçar olacaqmışam, ay Yaradanım! Minib gedərdim Azadla, nə olacaqdı? Nə itirəcəkdim? Fikirləşmişdik ki, bir ilə həll edərik hər şeyi! Birləşəcəyik bir ilə! Nə var ki, dözərik bir təhər…

--5—

Beş ay ərzində, yanvarda və yaz aylarında Azad iki dəfə gəlmişdi Rusiyadan. Yanvar ayında 6 gün ömrümün gözəl çağlarını yaşadım. Sevdiyim əzizim, gözümün işığı mənimlə idi. Saatlarla mavi dəniz dalğalarına baxar, arzu diləklərimizi dilə gətirərdik. İyun ayının əvvəlləri yenə gəldi Azad.

İş elə gətirdi ki, mən rayona getməli oldum. Azada bir kağız yazıb rəfiqəmin iş yerində görüşə biləcəyimizi dedim. İki gün kənddə, iki günsə rayonda görüşdük. Bu görüşlər, bu anlar mənim ömrümə verilmiş ən gözəl dəqiqələr idi. Ayrılanda Azadın son sözləri belə oldu:

– Solmaz, mənim ürəyim! Tam az qaldı ayrılığın sonuna! İmtahanları verirəm, quş tək qanad açıram, gəlirəm sənin yanına. Ağsaqqallar gedir sizə, nişan qoyulur. Qoy, sonra böyüklər fikirləşsin toy məsələsini!

Sevincimdən ağladım. Axşam Azadımı yola saldım. Qayıtdım evimizə.

Bircə gün keçmişdi Azadın getdiyi gündən. Atam sərt səslə məni yanına səslədi:

–Bir kәrә tapşırıram sәnә, yadında saxla: һara getsәn, get. Amma, bir saatdan artıq yoxa çıxmırsan evdən! Sən başa düşdün məni? Ta, Bakı ilə də qurtardıq. Mənə sənin işin lazım deyil. Bildin, yox? Mәn qorxa-qorx başımı tәrpәtdim:

Рейтинг@Mail.ru