–Dünən səni kino-teatrın qabağında görüb Rahilə (bacısı qızı), növbədə.
–Hə. Bilet alırdım.
–Nə oldu, kino maraqlı idi?
–Bilmirəm, getmədim.
– Yəqin bilet çatmadı?
–Yox, bilet almışdım…
Biletləri cibimdən çıxardım, göstərdim.
–Bəs nə üçün alınmışdı bu biletlər?!
Özümü itirmişdim. Bir az sükut etdim, özümü cəmləyib dedim:
–Biletin biri sənin idi, biri mənim…
– Aaa…, mən… sən bilirdin ki, mən rayondaydım, və gəlməliydim bu gün!
–Bilirdim… Ömrümün, günümün, hər addımımın, düşüncəmin sahibi olmusan, Solmaz!
Sakitlik çökmüşdü. Hər ikimiz susmuşduq. Arabir xəfif külək əsir, xəzan yarpaqları xışıldadırdı. Hündür fəvvarəli hovuzun dəmir sədlərinə söykəndik, sükut içində suyun şırıltısına qulaq asırdıq: fəvvarədən qopan suyun qızılı zərrəcikləri üstümüzə səpələnirdi, Solmaz balaca əllərini çömçələyərək, bu parıldayan su zərrəciklərini yığmağa çalışırdı. Xırda, şəffaf damcılarsa yuxarı atılır və hərdən Solmazın üzünə-gözünə səpələnirdilər…
--3—
Üç günüm sevimli Solmazımla bir saniyə kimi keçdi.
–İndi mənə icazə ver, kəndə cedim, Günəşim mənim! Gedim evdəkilərimi sevindirim.
– Əlbətdə, get, Azad!
Solmazla şərtləşmişdik ki, əgər mən Bakıya gec gedəsi olsam, görüşək Şamxorda.Təzə il buraxılışı Solmaz evlərində olacaqdı. Bir yerdə gedərik Bakıya. Kəndləri rayona lap yaxın olduğundan, gəlib-getmək çox da çətinlik yaratmırdı. Görüş yerimiz – rabitə şöbəsi, rəfiqəsinin iş yeri.
Danışdıq, şərtləşdik, sonra getdim kəndə. Ailə üzvlərim yolumu gözləyirdilər. Dəm-dəsgah hazır, məni gözləyirdi. Vurhavurnan hazırlıq gedirdi. Qazan oda qoyulmağa hazır, somavar dolu. Bizlərdə kənd camaatı çox şirin, gözəl münasibət saxlayardılar bir – biriylə. Xeyir-şəri elliklə, bir ailə tək yola verərdilər. Hamı yığılmışdı. Ən çox da məni xoş edən o oldu ki, sevimli müəllimlərimin ikisi şənlikdə iştirak edirdilər. Hər ikisi şeir xəzinəsi idilər…
3-4 həftə evimizdə qaldım. Bu müddətin iki həftəsini az-çox sakit yaşaya bildim. İki həftədən sonra isə iynənin üstündə oturmuş adamlar kimi, sakitliyimi tamam itirmişdim. Darıxırdım Solmazsız. Fürsət axtarırdım Bakıya getməyə. Elə-belə gedə bilməzdim. Atam razı olmayacağını bilirdim. Ona görə də işə girmək, iş stajı qazanmaq istədiyimi bildirdim. Razılıq verdilər, mən yola düşdüm.
İki saat olardı ki, gəlmişdim. Rabitə şöbəsinə girdim, Solmaz hər ikimizə elə bədii portret vermişdi ki, rəfiqəsi ilə biz dərhal tanıdıq bir-birimizi. Sarışın bir qız idi.
Gülümsəyib salamlaşdı, işini dayandırıb çıxdı çölə.
–Solmaz indilərdə gələr,– dedi.
Maraqlı baxışlarla məni süzdü başdan-ayağa. Yəqin, istəyirdi görsün rəfiqəsinə layiqəm, ya, yox! Utandığımı görüb əl çəkdi.
–Bir az, gözləyin, indi gələr.-dedi.
– Onda, mən sizə mane olmamaq üçün gedim oturum o yanda. Gələndə deyərsiniz, olarmı elə?
– Hə, elə də olar. Uzaq olmayın!
Yaxınlıqda bir oturacağın üstə oturdum. Getdim xəyallar dünyasına. Solmazın baһarda tәzәcә açılmış qırmızı qönçә kimi zәrif dodaqlarında pıçıltı ilə deyilən "Azad!" sözü məni qaytardı bu dünyaya, Solmazlı sevimli dünyaya! Solmaz başım üstə durub gülümsәyirdi. Yanaqlarına zәif qızartı çökmüşdü, saçları çiyinlәrindә yayılaraq, boynunu oxşayırdı. İlahi, nə gözəl görünürdü! Solmaz özünə heç vaxt süni yaraşıq, bəzək-düzək gəzmirdi, nә geyimindә, nә dә görkәmindә gözәllik xatirinә һeç bir bәzәyi yox idi. Solmaz özü gözəl idi…
Rayon mərkəzi kəndləri ilə yaxın idi. Lazımsız dedi qodulardan uzaq olmaq üçün ehtiyatlı olmaq lazım idi. Hər addımda Solmaz tanışlara rast gələ bilərdi. Onun yanında hansısa cavan bir oğlanın görünməyi yaxşı alınmazdı. Bu hal söz-söhbətə səbəb olar bilərdi, atasının qulağına gedib çıxardı. Ona görə də gizlin bir guşədə bir saata yaxın oturub şirin söhbətlər etdik, sonra gedib iki bilet aldım. Ayrıldıq, Solmaz getdi evlərinə ki, hazırlaşsın, nə götürəcəksə götürsün. Axşam yola düşəcəyik!
Biletləri bir alsam da, ehtiyat edərək, qatara ayrı-ayrılıqda mindik. Gəldik Bakıya.
--4—
Martın sonunadək bir yerdə oldum Solmazla. Demək olar ki, hər gün, ya da ki, iki gündən bir sahilə gələrdik. Sürahiyə söykənər, mavi dalğaların yüngülcə şaqqıldayan səsinə qulaq asa-asa şirin arzular dünyasına keçərdik. Həmişə də eyni yerdə olardıq. Həmişə də aхşamlar hava qaralana yaхın, bizimlə qonşuluqda əli əsalı, arıq uzun qoca dayanardı. Kənardan baxanda qoca abidəni xatırladardı.
–Babaya bax, Azad, kitablarda gördüyümüz əzəmətli heykələ oxşayır!
– Doğrudan da! Fikir verirsən, qoca həmişə eyni yerdə dayanır, üzünü həmişə bir tərəfə çevirir.
– Bəlkə də heç kimsəsi yoxdur. Gəlir sahilə, başını qatır dalğaların gurultusunda, hay – küyündə.– dedi Solmaz.
– Babamız görüşə gəlir dənizlə!
Qoca söykənərək məhəccərə baxışlarını zilləyərdi Xəzərin uzaq nöqtəsinə, dayanardı bir vəziyyətdə. San ki, nəyisə, ya, kimisə gözləyirdi. Baxışları uzaq qaranlığa zillənən qoca hərdən hərəkətə gələr, başını çevirib biz tərəfə səslənərdi:
– Mənim balalarım, saat neçə oldu, deyin mənə!
Saatı deyərdik, qoca çevrilərdi dənizə baxan heykələ, gözləri dikələrdi göy sulara. Yağış, külək qocaya çox elə mane olmurdu. Çox öyrəşmişdik bu üçlük şəraitinə. Əgər nə vaxt qoca gec gəlsəydi, Solmaz narahatçılıq göstərərdi:
–Baba hanı, görəsən?– deyərdi.
Elə ki, qoca gəlib dayanardı öz yerinda, şıltaq Solmaz yaxınlaşardı, qocayla salamlaşıb razı halda aralanardı. Hərdən mənə elə gəlirdi ki, qoca da bizim üçün darıxır biz olmayanda. Hərdən olurdu ki, biz gecikirdik, yerimizə çatan tək qocayla salamlaşardıq.
–Salam, Baba! Necəsiniz? -deyərdik.
– Sağ olun, əziz balalarım!
Qoca məmnum, mülayim səslə salamımızı alardı və bir anlıq onun baxışlarında, üzündə sevinc izləri peydah olardı. Və yenidən qoca baxışlar zillənərdi uzağa, çox güman ki, şirin və kədərli keçmişə zillənərdi bu baxışlar. Solmaz həmişə məni pıçıltı ilə danışmağa məcbur edərdi:
–Mane olmayaq babaya! – deyərdi.
Çox istəmişəm yaхınlaşıb onunla söhbət eləmək, "baba, dənizdən kimisə gözləyirsiniz" -demək istəsəm də, qocanı narahat etməyə cürət etmirdim…
Gözəl bir axşam idi. Xoş, yüngüllük gətirən həzin küləkli bahar axşamı, bayram axşamı. Hər yerdə Novruzun qədəmləri görünürdü. Bütün Azərbaycan gözəl bayramı qeyd edirdi.
Adətimiz üzrə, yenə durmuşdum böyük yolda, avtobus dayanacağında. Bu yol və dayanacaq yaşadığımız küçədən görünmürdü deyə, görüş üçün tam əl verirdi. Bir az gözlədim. Solmazım gəldi çıxdı. Ağ donu, ağ çəkmələri elə gözəl yaraşırdı ki, baxdıqca ürəyim fərəhlə dolurdu. Dəli bir istək yaranırdı ürəyimdə! İstəyirdim qışqıram dünyaya: “Baxın mənə, necə xoşbəxtəm! Şükürlər Yaradanıma!” -deyəm…
Xoşum gəlirdi qəfildən aralanmaq, kənardan tamaşa etmək. San ki, qu quşu idi, üzürdü! Solmaz başa düşürdü mənim kənara çəkilməyimin səbəbini, ona görə də çox vaxt qaçırdı üstümə ki, baxa bilməyim.
–Niyə belə xəsissən, Solmaz? İstəyirəm ağ donlu Mələyi yazım yaddaşıma, insafsızlıq edir Mələk!
– Az-az şirin olur,..– əlavə etdi, uşaq sadəliyi ilə soruşdu,– Görəsən, 10-15 il keçəcək, yenə belə olacağıq ?
– Mən, şəxsən, öz yerimə cavab verirəm: 100 il Ağ Donlu Mələyimin əsiriyəm. İnanmırsan, yoxlayarsan yüz ildən sonra!
Onda biz elə bilirdik ki, taleyimiz özümüzdədir və bizim odlu məhəbbətimiz bizə eşqin zirvəsinə yol açacaq!..
Bu dəfə əlində bir boxça var idi.
– Nə götürmüsən, ver tutum.
– Bayram sovqatı sənin üçün. Özüm aparaçam. Yerimizə çataq, orada verəcəm. Bir az da Babamızı qonaq edərik!
Gəldik sahilə. Durduq öz yerimizdə. Solmaz çantanı açdı, Novruz şirinliklərini verdi mənə. Solmaz fəxrlə dedi:
– Bax, özüm bişirmişəm sənin üçün. Ye və deynən : "ləzzətlidir"!
İstədim deyəm: “Mənim sevincim, sənin əlindən zəhəri bal tək qəbul edərəm! Mənim səadətimsən, mən xoşbəxtliyin qanadında göylərdə uçuram!” Mən demədim bu sözləri. Solmaz özü görürdü mənim xoşbəxtliyimi, gözlərimin sevincini! Böyük Yaradanım! Şükür deyirəm sənə, sənin mənə bəxş etdiyin bu səadətə! Ulu Tanrım, yolumda Solmaz adlı xoşbəxtliyi yaratmısan!
Həyatımda ilk və… son dəfə elə ləzzətli bayram şirniyyatı yedim. İlk və son dəfə…
Əfsuslar, o gün qoca gəlmədi. Solmaz qocanı bayram töhvəsi ilə sevindirə bilmədi.
***
Bakıda özümə iş tapa bilmədim. Qərara gəldim ki, məktəb vaxtınacan üz tutum Qazaxıstana. İki – üç ay işləyim, məktəb vaxtı qayıdaram. Tanışlar, qohumlar orada işləyirdilər və məni işə düzəldə bilərdilər.
Üz tutdum Qazaxıstanın Kustanay vilayətinə. Briqadamız iki mənzilli ev tikməklə məşğul idi. Əmək haqqı az olmasa da, iş çox ağır idi. Xüsusən iş cədvəli normal adamın dözə bilməyəcəyi qədər çətin idi. Səhər yeddidən axşam yedi-səkkizə qədər, o cümlədən, altıncı gün də həmçinin. Yaya qədər işlədim. Gəldim yenə verdim işlərimi.
Tarixçi olmaq arzum yenə qaldı ürəyimdə. Qəbul olmadım.Tam ruhdan düşmüşdüm. Dilxor, heysiz gücsüz olmuşdum. Məni insan tək sevinməyə məcbur edən yeganə səbəb Solmazın varlığı idi.
Bircə əlac qalırdı: getmək Rusiyaya. Uzaq Sİbirə! Oxumaq istəyirdim, Solmaza dedim.
– Neynəmək olar, Solmaz! Gedim Sibirə. Mən orada qəbul olacam məktəbə. Gözəl iş də tapacam.
– Mən burada, sən – orada.
– Bax, indi getsəm, təzə ili burada səninlə olacam. İki-üç ay keçəcək, yenə gələcəm, mənim Günəşim, mənim Səadətim! Elə ki, qəbul oldum, nişan məsələsini həll edərik. Sonrasına isə baxarıq. Ya sən oraya, ya, mən buraya. Bərk ayaqda, institutu dəyişmək olur.
Neynəmək olardı, razılaşdıq ki, qəbul oluram və dərhal sonra elçi məsələsini həll edirik. Bircə il dözürük, nə var ki…
Sentyabrın 4-ü göz yaşı ilə ayrıldıq Solmazla. Bərk ağladı Solmaz! Kaş, qatar sınaydı, ya, mən xəstələnəydim, gedə bilməyəydim, Kaş, Solmaz olaydı bərk iradəli: “YOX! GETMƏ!”-deyəydi…
Mindim vaqona. Haradasa maqnitafon işləyirdi:
Oxu, quşlar dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı, bülbül…
3-CÜ HİSSƏ
–-1–
İşə düzəlmişdim. Avtobus parkında işə girdim, məni göndərdilər sürücülük kursuna. 5 ay kursdan sonra bir avtobus verdilər.O vaxtlar avtobusda işləmək yaxşı iş sayılırdı. Gözəl əmək haqqı, iş də maraqlı idi.
Və arada iki dəfə vətənə gedə bilmişdim, təzə ildə, və yaz başı. Təzə ildə Solmazın qış tətili olduğu üçün səhərdən axşamacan bir yerdə olurduq. Solmaz çox sevinirdi. Az qala, hazır idi qışqırmağa, “baxın, biz bir yerdəyik!”. Bir neçə dəfə sahilə, köhnə yerimizə baş çəkdik.
– Kaş, baba yerndə ola! – dedi Solmaz, – Son dəfə haçan görmüşük?
– Aradan az qala bir il keçib, Solmaz. Can sağlığı diləyək qocaya.
Heyflər, qoca yox idi. Bir daha biz qocanı görmədik.
Yanvar ayı soyuq olsa da, saatlarla burada otururduq, gələcəkdən, hansı evimizin olacağından, necə gözəl yaşayacağımızdan, xoşbəxt olacağımızdan danışırdıq. Nə vaxt ki, mən “gözəl qızımız, gözəl oğlumuz” arzularını dilə gətirməyə cəhd edirdim, Solmaz o dəqiqə, balaca və gözəl əlləri ilə ağzımı tutardı, utancaq səslə: “ lazım deyil, lazım deyil!”– deyərdi. Biz məhəbbətdən doğan arzuların qanadında gözəl gələcəyə səyahət edirdik. Xəzrinin buzlu nəfəsi, ağ köpüklü coşqun dalğalar bizə mane ola bilmirdilər. Əksinə, özlərini beton sədlərə çırpan dalğalar, səs – küy salıb guruldayan dəniz bizə təbəssüm göstərir, bizi salamlayırdılar.
--2—
Bir – birindən uzaqlarda yaşayan, görüşmək həsrətilə yanan iki sevən gənc üçün beş-altı gün çox azdır, bir an – bir dəqiqədir. Gözlər baxır – sevinir, ürək fərəhlənir yaxınlıqdan. Amma, bir neçə günə doymaqmı olar, söhbətləşməkdən, deyib-gülməkdən yorulmaqmı olar!
Bu dəfə də vaxt hiss olunmadan keçdi. Sonuncu axşam yenə bir yerdə olduq.
– Heyf ki, getmək olmaz səninlə. Sabahdan yenə yazıq Colmaz günləri sayacaq!
– Ay mənim gülüm-çiçəyim-Solmazım!
– Bəlkə, düşünürsən gedə bilmərəm? Sibir məni qorxuda bilməz!
– Sibir səni niyə qorxutmalıdır. Şəhər burada, ya Sibirdə, yaşayış forması, tərzi eynidir. Amma, tarixdə olub dekabiristlər, sürgünə göndərilənlər. Onların sevən həyat yoldaşları atıb hər şeyi, gediblər ərlərinin dalınca. O vaxtlar Sibir yaşayış üçün çətin yer olub.
Mən Solmaza Sibir barədə, şəhərlər – kəndlər barədə, hökumətə qarşı çıxan sürgünçülər barədə danışdım.
– Biz inqilabcı deyilik,– güldü Solmaz.– İndi neçə aydan sonra gələcəksən, Azad?
– Az qalıb, Solmaz. Qəbul olum, gələcəyəm.
– Allah kömək olsun, qəbul oldun və gəldin, sonra nə etməlisən?
– Gələn kimi, özümünküləri göndərəcəm sizə, atanın yanına!
– Günləri sayacam, Azad,-dedi Solmaz.
Solmaz üzünü yana çevirdi. Mənə elə gəldi ki, gözlərində yaş var idi.
Günəş çoxdan gizlənmiş, yerini yavaş-yavaş yuxarı qalxan Aya vermişdi. Ayın ətrafında ulduzlardan yaranmış çil – çıraq sayrışaraq, sanki, bizə “ bu gözəlliyə nəzər salın!”-deyirdi.