–Sən narahat olma. Öz əvəzinə yenə də verərsən. Orxan day yekə kişidir. Gəlir-çıxarını bəri başdan bilsə, yaxşıdır.
Orxan cibindən yaşıl üçmanatlıq çıxardıb sürücünün sağ böyründəki dördkünc qutunun üstünə qoydu.
–Ay bərəkallah! – Atası razılığını bildirdi. – Bu oldu başqa məsələ…
İntiqam kişi maşını yol ilə sürməkdə davam etdi. Bir də bazarın qabağında saxladı. Valeh buraları tanımasa da bazarı tanımağa ehtiyac yoxdur. Səmayə arvad belinə bağladığı adyalın arasında eşələndi, eşələndi, bir göy beşlik çıxardıb sükanın qabağında bardaçokun üstünə şappıldatdı. Arvadın pulu şəst ilə şappıldatması Valehi çaşdırdı.
–On ildir bazardayam, hələ də uyğunlaşa bilmirəm. Bir gün belə bazarda olmamısan, ancaq əsl bazar adamısan. – Arvad bunu deyən kimi maşının qapısını çırpıb getdi.
İntiqam kişinin heç vecinə də olmadı.
–İndi də gedək avtovağzala, səni yola salım, get.
Ordan uzaqlaşdılar. İntiqam kişi nəsə dodaqaltı mızıldanırdı. “O çubuşun, bu toyuğun, daha nə qaldı, nə qaldı…” Gəlib avtovağzalın qabağına çatdılar. Valeh avtobusları görcək cəld əlini cibinə salıb bir göy beşlik çıxartdı və yavaşca bayaq Orxan pul qoyan qutunun üstünə qoydu. Bunu elə elədi ki, İntiqam kişi görməsin. İntiqam da İntiqam idi, dörd gözü vardı.
–Boyy, heç yaxşı olmadı… – deyib etirazını bildirdi. – Sən pulunu götür, bala. Bizim yerin öz adəti var. Bizdə qonaqdan pul götürməzlər.
Valeh özünü eşitməməzliyə vurub maşından aralandı, yavaş-yavaş avtobuslara tərəf getdi. Arxasınca gəlib gəlmədiyini öyrənmək üçün yerişini yavaşıtdı. Bu zaman İntiqam kişinin “Jiquli”si sürəti artırıb oradan uzaqlaşdı.
Bu zaman Valehin qulaqlarında bir cingilti əmələ gəldi, atasının sözlərinin əks-sədası sürət götürən maşının təkərlərinin qıjıltısında əriyib yox olmaqdaydı. “İnsanlar müxtəlif cür olur. Bəziləri düşdükləri mühitə uyğun davranır, bəziləri də əhatələrində olan adamlara müvafiq hərəkət edirlər. Bəlkə heç getməyəsən? Gedib elə bir səhnə ilə rastlaşarsan ki, sənə çox pis təsir bağışlayar. Ömrünün sonunadək unuda bilməzsən!” Atası bunları demişdi Valehə. Vəssalam!
Avtobuslara çatıb dayandı. Padpreslərə yapışdırılmış trafaretlərə baxıb öyrənmək istəyirdi ki, görsün hansı avtobusla getmək lazımdır. Sükan arxasında oturan sürücülərin hamısı ona baxırdı. Qəfildən qulağına bir səs gəldi: “Qonaq!” Valeh elə bildi ki, bunu sürücülərin hamısı birdən səsləndirdi.