Şirin söhbətlərin müşayəti ilə qutabları yeyib qurtarmışdıq.
–İndi isə, Elina, icazə ver, mən gedim və çox sağ ol! Çox ləzzətli oldu sənin qutabların, – deyib, çıxıb getmək üçün ayağa durdum. – Çox olsaydı, özümlə götürərdim.
–Sabah yığarıq, yenə bişirərik. Amma, tələsmə, bir az otur, çay da içək. Sonra gedərsən.
Elina çay qoydu. Çay qaynayanadək döşəmənin üstünə atılmış kitab rəfini divara bərkitdim.
–Sağ ol, – dedi, – tez-tez gəlsən bu evi qaydaya salarsan!
“Eh, Elina! – Düşündüm ürəyimdə, – məndən olsaydı, sənin yaşadığın evdən bir addım kənara getməzdim!” Utandım Elinaya bu sözləri deməyə.
Ortaya peçenye qoyub çay süzdü. Çay içə-içə bir-iki sual verdim, haradan gəlməyi, kimliyi barədə. Xeyli sakit dayandı. Nəyisə ölçüb biçirdi. Axır, dilləndi, “vaxt gələr, danışaram!” – dedi.
Ayağa durdum, bir yerdə həyətə çıxdıq. Üz-üzə dayanmışdıq, Elinanın odlu nəfəsi, bədənindən gələn gözəl ətri məni bihuş etmişdi. Qucaqlamaq, bağrıma basmaq kimi istəyimə necə üstün gəldim? Bilmirəm, yəqin ki, bu gözəl qızı və eləcə də gözəl insanı incitməkdən qorxurdum.
Məni çöl qapıdan yola salanda:
–Çox sağ ol! – dedi.
–Gözəl bir axşamı yaşadım, Elina! Təşəkkür sənə düşür, mənə nəyə görə? Həm də ləzzətli qutablar bişirdin. Mən nə etdim ki?
–Sənə hər şeyə görə! Sözlərinə görə sağ ol, gəldiyinə görə, qulaq asdığına görə sağ ol!
***
Bu gün, hansısa yerli bayramlardan biri olduğu üçün tarlalarda iş tez başa çatmışdı. Axşamacan Elina ilə bir yerdə olduq. Qaranlıq düşəndə ayrıldıq. Elinanın xeyli yazmaq işi vardı. Mən də düşünürdüm ki, bu gün bir az erkən yatacam. Klubun qabağından keçəndə otaq yoldaşlarımı gördüm. Kinoya gəlmişdilər.
Sovet dövrü uşaq və gənclərin tərbiyə sisteminə, sovet ideologiyasına uyğun olaraq oxuduğumuz kitablar, baxdığımız filmlər vətənpərvərlik, zəhmətkeşlik, sevgi-məhəbbət mövzularından qırağa çıxmırdı. Bu gün də elə. Kino, hind kinosu idi. Uşaq vaxtlarımdan hind kinolarına olan rəğbətimin və bəzi xatirələrin təsiri altında mən də qoşuldum onlara. Klub deyilən bina təxminən beş metrin yeddi-səkkiz metrə olan ölçüdə bircə otaqdan ibarət idi. Diskoteka da burada olurdu, kino da. Kinodan sonra, gec olmayanda diskoteka təşkil olunurdu: maqnitafonu qoyurdular hündür bir yeşiyin üstünə, oyna yorulanacan. Gündüz iş nə qədər ağır olsa da, rəqsə hamının gücü və vaxtı çatırdı.
Kino qurtardı, bayıra çıxanda binanın qabağında ağaca söykənmiş Elinanı gördüm. Yaxınlaşdım:
–Elina? Axı səni görmədim zalda?
–Girməmişdim kinoya. Elə-belə gəldim bura. Planda bura gəlmək yox idi. Sən gedəndən sonra darıxdım. Yazmağım da alınmadı nədənsə, səhv buraxırdım hər sətirdə. Ona görə də çıxdım ki, gedim səni səsləyim. Ev sahibəsi nənə dedi ki, evdə yoxsan. Bildim ki, kinodasan, gözlədim.
–İndi fikrin nədir? – Vaxtı nəzərə alaraq sual etdim. – Rəqsə qalacaqsansa oturaq, ya getmək lazımdır?
–Gedək məni ötür, – tez sözü dəyişdi, – əgər, özünün qalıb rəqs etmək həvəsin yoxsa.
–Mən rəqs etməyi bacarmıram, həvəsim də yoxdur, – dedim.
–Gedək, mən də istəmirəm. Son dəfə rəqs etdiyim yadımnan çıxıb. Amma, rəqs bədən üçün ən gözəl məşqdir. Bağışla, girəcəm qoluna, xalq baxsa da! Narazı deyilsən ki? – deyib, qoluma girdi.
–Aqronomun, gələcəyin aliminin, komsomolçunun, ən əsası da gözəl Elinanın adi bir sürücünün qoluna girməyi bəxtəvərlikdən başqa nə sayıla bilər! Bir neçə gün əvvəl inanmazdım bəxtimin belə çiçək açacağına! – cavab verdim.
–Birini demədin: idmançı olduğumu! – Elina gülərək əlavə etdi.
–Dünən divara asdığın mükafatları nəzərə almasaq, indiyəcən idmançı olduğunu deməmisən mənə. Amma, avtobusun təkərini dəyişməyin yadımdadır! Yoxsa, sahələri gəzməyi deyirsən?
–Elə təkəri dəyişmək də, sahələri gəzmək də idmandır. Amma, mən dörd il institutun yığma komandasının üzvü olmuşam. Üzgüçülüklə məşğul olurdum. İdman ustasıyam! Onlarla mükafatım da var! Eh!.. İndi isə, taxıl zəmisində üzürəm!..
Yola çıxdıq.
–Bilsəydim evdə oturmayacaqsan, birgə gələrdik. Kinoya da birgə girərdik.
–Yox, mən getməzdim içəri. İstəmirəm hind kinosuna baxım. – Elina bir az susub əlavə etdi, – ağlamaq istəmirəm. Belə filmlər məni kövrəldir həmişə.
Kəndin ortasında yeganə yol ayrıcı vardı. Həmin yol balaca bir gölün qırağına aparıb çıxarırdı.
–Bəlkə gedək gölün sahilinə? Oturaq orada yarım saat. – Elina təklif etdi. – Adətən tənha otururam orada. Xoşum gəlir gecənin səsinə qulaq asmağa.
Gəldik sahilə. Gündüzlər adamla dolu olan sahil indi sükuta dalmışdı. Bu günkü yağış xalqı evdə oturmağa məcbur etmişdi. Həm də vaxt gec idi.
Gölün qırağında kötüklərdən düzəlmiş skamyaların birinə oturduq.
–Uzun gecələri bəzən otururam burada. Xoşum gəlir, xüsusən də ay doğanda. İkiləşir ay. Biri olur göydə. İkincisi gölün şəffaf suyunda döğulur. Mənim olur göldə doğulan ay, məni çağırır. Mən də çavab verirəm. Özümü atıram ayın üstünə, ləpələrin üstündə qucaqlaşırıq.
–Yəni gecələr qorxmursan suya girməyə?
–Yox, əksinə. Qoy bir az qalxsın ay, görəcəksən gözəlliyi. Lap gündüzə dönür ətraf! Çimərdin mənimlə?
–Əlbəttə yox! Sahildən sənə ruhi dəstək verməyə hazıram. Amma, qaranlıqda suya girmərəm.
Elina nəyisə xatırlayaraq, şən səslə qəh-qəhə çəkib ucadan güldü.
–Sənə bir gülməli əhvalat deyəcəm, amma, söz ver, aramızda qalacaq!
–Etibar etmirsən, demə!
–Yox, əsla! Əgər həyat yolumda etibar edə biləcəyim kimlərə rast gəlmişəmsə biri sənsən, birincilərdən biri! Vaxt az keçsə də! Sadəcə olaraq, istəmirəm sözün davamı olmağını. Sənin dostlarından biri barədə demək istəyirəm!
–Hansı?
Elina otaq yoldaşlarımdan birinin adını çəkdi.
–İki-üç gün idi ki, siz gəlmişdiniz. Havadan od yağırdı. Gecə də çox isti oldu. Həm də bu günkütək, çox darıxırdım. Mən darıxanda, dilxor olanda yerim buradır. O gün də həmçinin. Ay təzə doğmuşdu. Gölün sularında oynayan ay ləpələrə xüsusi gözəllik verirdi. Sanki, gündüz idi. Çimmək qərarına gəldim. Təzəcə atılmışdım aylı ləpələrə, gördüm sahilə kimsə yaxınlaşdı. Demək məni izləyirmiş! Səslədim:
–Ey, kimsən, çıx get, xahiş edirəm!