Bir-iki gün idi işləyirdim. Nə qədər özümü sakit göstərsəm də, daxilimdə mənimlə yaşayan həyacanı, qəmli düşüncələri bir kənara qoya bilmirdim. İlk növbədə Vətəndə mənimlə bağlı xoşa gəlməz hadisələrin əks-sədası, qəmli xatirələri məni narahat edirdi. Bir tərəfdən də İnqanı kimləsə bir yerdə görmək ağır zərbə oldu mənə. Mən onsuz qapanmışdım özümə, İnqanı həyatımnan silmək düşüncəsi isə məni daha da üzürdü. Nə qədər çətin də olsa, qəbul etdiyim qərara – İnqaya qarşı biganə olmağa çalışırdım. Bu hərəkətimin İnqanın nəzərindən nə dərəcədə yayındığını deyə bilməzdim. Yəqin ki, hiss edirdi nəsə. Çünki, ilk vaxtlar hər vasitə ilə onunla görüşdən qaçmağa çalışırdım. Ürək ağrısı ilə atdığım bu addımların – səhv addımların – arası kəsilmirdi.
Bir dəfə ikinci növbə işləmək üçün parkdan çıxıb başlanğıc yerimə- Predmostnaya deyilən meydana girdim. Burada qeyd olunur və xəttə buradan çıxırıq, ilk dayanacağımız və son dayanacağımız buradır. Təzəcə girmişdim meydana, İnqanı gördüm. Uzaq da olsa tanıdım, bizim dayanacaqda dayanmışdı. Avtobusu görmüşdü. O dəqiqə çıxdım meydandan. Boş-boşuna. Üz tutdum qaraja. İşdən yarımçıq qayıtmağımın səbəbini soruşa bilərdilər. Hər ehtimala qarşı, avtobusun mühərrikə gedən naqillərinə əl gəzdirdim, pis işləməyi üçün. Parka girdim, maşının pis işlədiyin deyib, təmirə ehtiyac olduğunu bildirdim. O gün işləmədim. Bir gün sonra İnqanın birinci növbə olduğnu bildiyim üçün mən də qrafiki dəyişdim ki, görüşmək imkanımız olmasın…
Rəfiqəsi mindi avtobusa. Son dayanacaqda hamı düşəndə yaxınlaşıb söhbət etmək istədiyini bildirdi:
– Azad, vaxtın var oturub danışmağa?
– Yox! – dedim, – bağışla. Nəsə vaxtı çatdıra bilmirəm.
Yenidən durdum dayanacağa, marşruta getmək üçün.
– İnqa xahiş edirdi, vaxt edib görüşərdin.
– Salam deyərsən ona. Hələlik vaxt edə bilməyəcəm. İşdən sonra tikinti işindəyəm. Yaxın dostlardan biri ev tikir, kömək edəcəm bir neçə gün, – ağlıma gələn yalanları quraşdırırdım!
Sonrakı təsadüfü görüşlərdə çalışdım söhbətimiz dərinə getməsin. Bacardığım qədər tənha görüşlərdən uzaq qaçdım. Beləcə vəziyyəti sabitləşdirdim. Nə qədər düzgün edirdim, mən düşünmürdüm. İstəyirdim ondan uzaq olum, müəyyən vaxt buna nail oldum. Yalnız müəyyən bir vaxt ərzində.
İnqanın mənim ürəyimdə nə qədər dərin yer tutduğunu görməmək, düşünməmək üçün etdiyim cəhdlərin gücü bir – iki aya güclə çatdı…
– Sağ ol, əziz qardaşım! Şükürlər yaradana ki, sənlə dostam! Miinnətdarlığımı sənə sözlə ifadəmə gücüm çatmır! – iri pəncələri əlimi sıxmışdı.
– Nə olub, Baysal? Mənim xidmətim nə olub?
– Sən, sənin işin, sənin bizi axşamlar dərsdən gətirən avtobusun məni yenidən yaratdı! Mənim yoluma İnqa adlı insanı gətirdi!..
Özümə çox söz versəm də, ürəyim sıxıldı. Bayıra çıxdım. “Unutmaq lazımdır!” dedim özüm özümə. Hər ikisi yalnız və yalnız dostdurlar mənə!
…Sevgi burulğanına düşənlərin neçəsi çatır muradına?
Ulu Tanrı, köməyini əsirgəmə sevənlərdən! Viran qoyma sevgi yaşayan ürəkləri!..
Deyirlər, məhəbbətin gözü kordur. Bəlkə də, bu məsəldə həqiqət olur. Yəqin, isbatı bu məsələyə hansı rakursdan baxmaqdan asılıdır. Düzmü hərəkət etdim, qürurum nə dərəcədə hakim oldu qəbul etdiyim qərarlarıma?
Onların xarici görkəmləri uyğunluq yaratmırdı. İnqa – dünya gözəli, Baysala isə diqqətlə yanaşsaq, bəlkə də kişilərin çoxuna xas olan eybəcərliyin izini tapmaq olardı. Amma, hər ikisinin daxili dünyaları bütün gözəllikləri özündə cəmləmişdi. Ən azından, mən belə düşünürdüm.
Bunların bir oxşar cəhətləri də, hər ikisinin yetim böyüməkləri idi. Baysalın ata-anası, İnqanınsa atası o uşaqkən rəhmətə gediblər. Baysalı nənəsi – iindi rəhmətə gedib- böyüdüb, İnqanı da xəstə anası…
Həyat öz yolu ilə gedirdi. Onlar əldə etdikləri münasibətləri gizlətməyərək sevinirdilər, yaşayırdılar.
Amma, hiss edirdim ki, Baysal bir az çəkinir məndən, bəzən hətta görüşləri gizlədir. Əvvəllər dost tək münasibət qurduğum bir insanın bu hərəkətini başa düşə bilmirdim. Yaxşı ki, Baysal özü bir gün açdı məsələni. Bir iki dəqiqə mənə diqqətlə baxıb, bu sözləri dedi:
– Əziz dostum, sən məndən heç nə gizlətmədiyin üçün sənin həyatının çox məqamları mənə yaxşı məlumdur. Və sənin yaxın keçmişdə olan itgini, nələr çəkdiyini mən yaxşı bilirəm. İnan ki, sənin sevincini arxaya qaytarmaq imkanım olsaydı heç nəyimi əsirgəməzdim.
Mən belə başa düşdüm ki, mənim ürəyimdə nələr çəkdiyimi Baysal bilirdi. İndi isə onların birgə həyatlarının mənim qəmimin çoxalmasına səbəb ola biləcəyindən çəkinir.
– Səni tək dostumun və xatiri mənim üçün olduqca əziz olan İnqa tək bir gözəl insanın sevinci həm də mənim sevincimdir. Sizin təmizliyiniz, saflığınız mənə qüvvə verir. Şadam sizi bir yerdə gördüyümə!
Mən bu sözləri deyib qurtarandan sonra Baysal sakitləşdi. Biz bir-birimizi başa düşdük…
…Gün-gündən onların sevgilərinin necə yavaş-yavaş qanuni finala getdiyinin şahidi olurdum. Kim sizlərdən düşməyib sevgi kəməndinə! Şahlar, alimlər yanıb eşq atəşində. Dünyanın aqibətini dəyişməyə qadirlər sevgi qabağında düz çökmüşlər!
Baysalın İnqaya göstərdiyi qayğının həddi-hüdudu yox idi.
Hərdən hər ikisi birlikdə qonağım olurdular. Qəribə, anlaşılmaz, bir az da qəddar həyatın yolları hansı istiqamətə yönəlməyindən asılı olmayaraq, bir şeyi dərk etmişdim. Hər nə baş versə də, İnqanı görmək mənim üçün çox xoş idi. İnqa mənim üçün əziz bir insan idi. Bununla yanaşı, bir həqiqəti də dərk etdim: hər bir canlı məxluqun öz xoşbəxtliyini qurmaq yolunda mübarizə aparmaq, səy etmək hüququ müqəddəsdir!
Bəzən, mənim otağıma yığışardıq, saatlarla söhbətləşərdik, nə qədər mövzular çıxardı ortaya!
Hərdən çay qırağına gəzməyə çıxanda mən də qoşulardım. Möhtəşəm Yeniseyin sahillərində neçə arzularım, neçə diləyim səslənib…
Ölkədə baş vermiş qəzadan iki aya yaxın vaxt keçmişdi. Onu da deyim ki, bütün ölkə, o cümlədən də biz, bu dəhşətli Çernobıl qəzasını lazımınca başa düşmürdük. San ki, hansısa bina dağılıb, yenidən qurmaq lazımdır, vəssalam! Televizorlarda təhlükənin olmadığı, hər şeyin nəzarət altında olduğu deyilirdi.
Birdən qaraja səs düşdü. Çernobıla dəstə göndərirlər. Adlar yazılmış elanlar idarədə asılıb. Mən də getmişdim baxmağa. Və… Baysalın adını gördüm siyahıda.
Axşam Baysalla şəhərə çıxmışdıq. İnqanı qarşılamağa. Nə səbəbdənsə – unutmuşam- kinoya biletimiz olsa da, getmədik kinoya, getdik parka. İnqa eşidəndə ki, Baysal gedir bir aylığına Çernobıla, çox-çox məyus oldu. Göz yaşları içində:
– Axı, necə? – dedi, – Bəlkə getməyəsən?
– Necə getməyim, məndən asılı deyil. Əlbətdə, xəstələnib getməmək olar, yoldaşlar nə deyərlər? Mən ki, tək deyiləm, Qarajdan 25 nəfərik. Nə narahatçılıq, əzizim? Sənə gündə bir məktub yazacam.
Baysar əlavə etdi:
– Mən oralarda xidmət etmişəm. Hava-hücumundan müdafiə hissəsində. Yəqin ona görə məni qoşublar bu siyahaya.
İnqanın gözlərindən yaş axırdı.
– Bir ay nədir ki, İnqa! 4 istirahət günü keçəcək, mən gələcəm.
İnqa o axşamı bircə aylıq ayrılığın ağırlığından şikayətlənirdi. Kim bilərdi ki, Fələyin bəxt yazan qələmi sabahdan başlayır bu iki gənc üçün taleyi qaralamağa…
Səhəri gün iş yoldaşlarım, o cümlədən Baysal uçdular Ukraynaya.
…Bir aydan artıq keçmişdi, dəstə qayıtdı. Artıq, Çernobılın gətirdiyi bəlalar ölkəyə məlum idi. Söz-söhbət bu dəhşətin nəyə qadir olduğunu xalq arasında yaymışdı. Hökumət tərəfindən nüvə fəlakətinin ölkəyə nələri gətirdiyinin açıqlaması az olduğundan, xalq arasında onsuz da dəhşət olan bu qəzanın gətirdiyi fəlakətlərin sayı, dəyəri daha da artır, müxtəlif əhvalatlarla bəzədilirdi. Söz gəzirdi ki, radioaktiv dalğalar hətta, Sibirə də gəlib çatıb.
Qərara gəldik ki, Baysalın gəlişi münasibəti ilə yüngül stol açaq. Bizim otaq böyük olduğu üçün məsləhət oldu yığışaq bizim otaqda.
Açarı götürərək, inqa bizim otağı silib süpürmüş, biz gələnəcən ləzzətli yeməklər bişirərək, gözəl stol açmışdı. Dostlar yığıldı. Şənlik az qala səhərədək davam etdi. İnqa ilə Baysal qərar qəbul etdilər: sübh açılan tək zaqsa, evlənməyə ərizə verməyə!
Dostlardan birisi bir otaqlı boş mənzil tanıdığını bildirdi. Onun qonşuluğunda, bizdən bir az aralı, küçənin o biri üzündə yerləşən bu bir otaqlı ev kirayə verilir. Yaşayacaqlar orada. Növbə çatana kimi. Toy günü təyin olundu, bununla bağlı məsələlər həllini tapdı. O dövrlər hər şey sadəliklə yoluna qoyulardı, buna görədə bizim üçün hər iş asan idi. Səhər getdilər zaqsa.
Nigah ərizəsi verildi. Elə həmin gün Baysal bir otaqlı mənzilin sahibin tapdı, qabaqcadan kirayə haqqını ödədi. İki gündən sonra aldı açarı.
Toy günü yetişirdi. İnqa istəyirdi toy olmasın, ya da ki, az adamlı olsun. Ümumiyyətlə, istər Baysal, istər İnqa böyük yığıncaqları sevmirdilər. Toy gününə bir gün qalmış İnqa yaşadığı yataqxanada nəyi vardı, yığdı, yüklədik avtobusa, sonra Baysalın əmlakını yığıb gətirdik mənzillərinə.
İnqa öz zövqünə uyğun olaraq, mənzildə qayda yaradırdı, bunun üçün də bizə göstərişlər verir, biz isə zarafatlar altında onun göstərişlərini yerinə yetirirdik. Əmlakları sadə və az olduğu üçün əşyaları yerbə-yer etməyə çox da vaxt getmədi. Mənzil hazır idi. İnqa axşam üstü bir siyahı hazırladı, nə almaq, nə qədər almaq. Sabahısı günortaya yaxın hər şey hazır idi.
Adam çox deyildi, 10–15 nəfər dostlar, tanışlar yığıldıq. Qonaqlar həm institutdan, həm də hər iki iş yerlərindən gəlmişdilər.
Gözəl, xüdmani bir toy alındı. Olduqca şən və gözəl məclis idi. İnqanın gözəlliyi, incəliyi və Baysalın kişi kobudluğu – çopurluğu sanki, tamamlayırdılar bir-birini. İnqa Baysalla yan-yana oturmuşdu, Baysal yapışmışdı onun əllərindən. San ki, itirəcəyindən qorxurdu.
Bu gün Baysal da başqa cür görünürdü. Bu dəmir bədənli pəhləvan bu gün ilk dəfə yeriməyə başlayan və bunun üçün də hədsiz sevinən uşağı xatırladırdı.
Bir sözlə, bu gün kənar müşahidəçilərin gözündə Baysalla İnqa san ki, səadətin özü idilər ki, oturmuşdular yan-yana. Həmişə gözəlliyi ilə seçilən İnqa bu gün san ki, göylərdən yerə enmiş məleykə idi! Yalnız qanadları çatmırdı. Geyindiyi uzun ağ don ona çox yaraşırdı. Həmişə hörük etdiyi gözəl saçlarını bu gün çiyinlərindən aşağı tökmüşdü. Həmin o rəsmixətt dərsində olduğu kimi… Mənə mənzilin havası ağır gəldi. Binanın həyətinə qaçıb düşdüm.
Bu gün bir neçə dəfə İnqa gizlətməyə çalışsa da, qəşəng mavi gözlərinin yaşla dolu olduğunu görmüşdüm. Düşünmək, müşahidə etmək qabiliyyətini itirmiş şüurum onun qəşəng gözlərində parlayan bu göz yaşlarını gözəl gələcəklə bağlı arzuların, niyyətlərin, sevincin müşdəçisi tək qəbul edirdi.
Amma, əfsuslar! Həmin vaxt mən həyətdə tək-tənha oturanda İnqa arxamca düşdü. Onun mənə kədərli səslə söylədiyi, iki-üç kəlmə söz mənim həqiqətdən uzaq olmağım, necə deyərlər, ağı —ağ, qaranı-qara görə bilməməyim barədə ürəyimə az da olsa, qara şübhələr doldurdu.
İnqanın kədərlə dediyi bu iki-üç kəlmə, gec də olsa çatmalıydı qulaqlarıma. Bu sözlərdən sonra, onun taleyində ilk növbədə mənim atdığım bəzi səhv addımlarımın nə qədər rol oynadığını düşünməliydim. Amma, heyflər mən lazım gəldiyi qədər ciddi qəbul etmədim İnqadan gələn bu səsi! Bu ağır yük daş olub asılacaq günah tək qəlbimdən… Ürəyin qəmi gözləri kor edərmiş…
O gündən bu iki xatirini istədiyim insanlar taleylərini birləşdirdilər. Qoy ulu Tanrı bütün sevənlərə kömək olsun!
İkinci növbə işləyirdim, yay olsa da, çox soyuq, yağışlı hava idi. Sibir təbiəti öz şıltaqlığı ilə həmişə fərqlənir. Yayda qar yağmaq hadisəsi çox da təəcüb doğurmur. Son reysim idi. Bir dövrəm 1 saan 8 dəqiqə çəkirdi. Dayanacaqların birində, sərnişin düşüb-minməyi üçün dayandım. Bu dayanacaq, Baysal yaşayan evə yaxın rayonda idi. Qəfildən İnqanı gördüm. Elektrik dirəyinə söykənib, bir əlində zont, mənə əl edirdi, salamlaşırdı. Qoltuğunda boxca tutmuşdu. Axşam idi, yaxşı havada evdən çölə çıxmayan İnqa, bu soyuqda neynir belə gec? Tez düşdüm soruşum, bəlkə hadisə baş verib.
– Baysalı gözləyirəm, kurtkasını gətirmişəm qabağına. Bir köynəklə çıxıb evdən. Belə soyuqda soyuq dəyər!..
– Çoxdan gözləyirsən?
– Bir saat olar.
– Bəlkə, bir saat da gəlmədi?
– Nə olar! Gözləyəcəm. Belə havada bir köynəklə…
Nə qədər mənə xoş oldu bu sözləri eşitmək! Bu gözəl qayğının, xoş məramlı narahatçılığın şahidi idim.
Dövrəni başa vurdum. Artıq növbəm başa çatmışdı. Yol vərəqini bağladım. Yol aldım qaraja. Birdən yadıma İnqa düşdü. Düşündüm ki, yolda ola bilər hələ. Üzümü saldım bu küçə ilə. İnqa durmuşdu həmin yerdə. Dayandım bir qıraqda, qapını açıb içəri çağırdım. Soyuqdan əsə-əsə girdi içəri.
– Sən yolundan qalma, Azad. Get, mən gözləyəcəm.
– Otur, qızın bir az. Bir yerdə gözləyərik.
Hansı avtobus dayanacağa yaxınlaşırdı, İnqa qaçırdı baxmağa. Heç 20 dəqiqə keçmədi, Baysal düşdü dayanacaqda.
…Adi günlərdən biri idi. Payız təzəcə girmişdi. Dərslər bir neçə gün olardı ki, başlamışdı.
İşim birinci növbə idi. Artıq saatlara qalmaq istəmirdim, həm də maşında müəyyən təmir işləri görülməliydi deyə, növbəmi cədvəl üzrə başa vurdum və axşam üstü saat 5-ə yaxın girdim qaraja. Növbətci mexanikimiz təəccüblə,
– Səndən çıxmayan iş, bu gün tez yekunlaşmısan, – deyərək, maşını qəbul etdi.
– Biz paxıl deyilik. Qoy, başqalarının da imkanı olsun işləyib pul qazanmağa! – zarafatla cavab verdim.
Avtobusu sürdüm dayanacaq yerinə. Yol vərəqini dispetçerin pəncərəsinə ötürdüm. Çıxdım bayıra.
Baysal, həmişə gündüz işlədiyi üçün,saat 5-n yarısı, uzağı 5-də qurtarırdı işi. Mən qaraşdan çıxanda, onların briqadası artıq getmişdilər. İnsitutdan çıxanda onsuz da, görüşəcəkdik.
Gəldim evə, yuyunub «diplomat» adlanan çantamı götürüb çıxdım. O vaxtlar diplomatla gedirdik dərsə, moda belə idi. Həm də kitab-dəftərlər rahat otururdu ora.
Məktəbə adi marşurutla gedəcəkdim. Çıxdım dayanacağa. Bizim parkdan olan “İkarus” markalı avtobusa mindim. Sürücü tanış idi. Zarafatla:
– Piyadasan, Azad? Tələbəvozun bu gün dincəlir, deyəsən?
– Hə, bu gün sərnişinəm.
Dərs başladı, İnqa hələ yox idi. "Yəqin, düşünüblər, mən avtobusla gedəcəm. Məni gözləyiblər və gecikiblər", – deyə düşündüm öz-özlüyümdə. Bu variyant mümkün idi, bir dəfə olmuşdu belə.
Bir saat keçdi, İnqa gəlmədi. Dərs qurtardı, dayanacağa çıxdım tezcə. Bəlkə, Baysal tək gəlib?
Xeyr, İnşaat institutunun tələbələri çıxdılar, tanış bir tələbə gördüm, yaxınlaşıb soruşdum:
– Baysal gəlməmişdiki dərsə?
– Yox, bu gün yox idi, – oldu cavab.
Bir neçə başqa tanış tələbələr də yaxınlaşdılar. Onlar da Baysalın bu gün dərsə gəlmədiyini dedilər. Başa düşüləsi iş deyildi. Mən bilən, oxuduğumuz birinci gündən
ilk dəfə idi ki, istər İnqa, istər, Baysal dərsə gəlməmişdilər.
Nə isə ürəyimdə böyük narahatçılıq əmələ gəlmişdi. Yəqin ki, nə isə baş vermişdi – amma nə, onu bilmirdim.
Onların yaşadıqları yer yolumun, demək olar ki, üstü idi. «Neftebaza» adlı dayanacaqda düşdüm, üz tutdum onların binalarına tərəf. Yoldan 300–400 metr məsafə idi. Evin yanına çatanda onların pəncərəsindən işıq gəlmədiyini gördüm. Saat 11 idi, bəlkə yatıblar, hər ikisi səhər işə gedəcəklər. Bəs onda instituta nə səbəbə gəlməyiblər, həm də, hər ikisi. Qalxdım 3-cü mərtəbəyə. Nə olacaq, oyansınlar. Qapını yavaşca döydüm.Cavab gəlmədi. Başladım bərk taqqıldatmağa. Xeyri olmadı. Yüz faiz əmin oldum ki, evdə heç kim yoxdur. Bəlkə, harasa qonaq gediblər?
Çıxdım binadan. Nə etmək olar, ayrı yol yoxdur əlaqə saxlamağa. Sabah görüşərik, bir şey bilərəm.
Səhərlər mənim işim tez başlayırdı. Saat beşə on beş dəqiqə qalmış qaraja getmək üçün növbətçi avtobusa otururdum. 5-də qarajda olurduq. Yol vərəqini, almaq, yağını yoxlamaq, yanacağını tökmək yarım saat vaxt alırdı.
Bu gün də elə həmişə olduğu tək erkən çıxdım evdən. Altının yarısı çıxdım qaraşdan. Maşını bir başa sürdüm Baysal gil qalan binanın qabağına. Çıxdım yuxarı. Qapını ehtiyatla döydüm. İçəridə səs gəldi. Qapını İnqa açdı. Gözlərindən ağladığı hüss olunurdu.
İçəri keçdim.
– Nə olub, İnqa? Hanı Baysal?
– Bədbəxtçilik baş verib bizə, Azad!
Dünən günortadan sonra işdə Baysalın başhərlənməsi olub. Xəstəxanaya getməyib. İcazə alıb gəlib evə. Bir-iki saat uzanıb, deyəsən yaxşı olub. Axşam hər ikisi insituta hazırlaşıblar. Evdən çıxmaq vaxtı Baysal hansısa tapşırığa bir də göz gəzdirmək məqsədi ilə dəftəri açıb baxmaq istəyəndə, qəfil burnundan qan açılıb, tökülüb dəftərin üstünə. Qayıdıb uzanıb divana. Alnına yaş dəsmal qoyub. Qan axımı kəsib. Bir saat uzanıqlı qalandan sonra ayağa durub, yenidən qan axıb. Təcili yardım çağırıblar. Saat 9-da gediblər xəstəxanaya. İnqa bütün gecəni orada olub. İndi gəlib.Xəstəxanaya bəzi şeylər aparmaq lazımdır.
Mən dəmir bədənli Baysalın səhhətinin pisləşməyini ürəyimdə dərhal Çernobıl səfəri ilə əlaqələndirdim. Artıq, Çernobıl dəstəsi ilə bağlı bu ikinci hadisə idi bizim qarajda. Bizim xətdə işləyən bir sürücü yoldaşımı bu günlərdə sürücülükdən azad edib keçirtdilər yüngül işə. Həmin yoldaş bircə ayın içərisində arıqlamış, sifəti isə sap-sarı olmuşdu. Həm də qüvvəcə çox zəif idi. O da Baysalla bir dəstədə olmuşdu.
Xəstəxanada görüş iki saat günorta, iki saat da axşam üstü olduğu üçün, indi getməyin mənası yox idi. Danışdıq ki, günorta gələcəm, gedərik xəstəxanaya.
Günorta xəstəxanada idik. Baysal özü çıxdı qabağımıza. Qucaqlaşdıq. Çalışırdı özünü gümrah göstərsin.
– Hə… belə işlər, qardaş. Baysal da tanıdı xəstəxananın yolunu, – Üzünü tutdu İnqaya, – sən gərək qardaşımı işindən etməyəydin.
– Deyəsən, fikrin bizi qorxutmaqdı sənin. Burax belə işləri.
– İnanın, ilk dəfədir yatıram xəstəxanada.
– Necəsən, danış, görək.
– Üc dəfə sistemə qoşdular, hansısa mayeni yeritdilər canıma. İndi əlayam. Dünən başı aşağı çox işlədim, ona görə oldu bu işlər. Günah özümdədir. Fasiləsiz iolaraq, iki avtobusda şitləri dəyişdim. İki saat yarım, üç saat başı aşağı durmaq çətin işdir.
Baysal bir müddət xəstəxanada qaldı. Gündə gəlib gedirdim. Ümumi səhhəti yaxşı görünsə də, mən onun sifətində hansısa sarı rəngin izi əmələ gəldiyini görürdüm. Dostum ümumiyyətlə qarayağız insan idi. Yəqin, olsaydı ağ bədənli, bu sarı rəng özünü daha tez biruzə verərdi.
Bir gün xəstəxananın görüş zalında oturmuşduq, İnqa yanımızda yox idi. Baysal mənə dedi:
– Bilirsən, Azad, nəyə heyfislənirəm – İnqayla evlənməyimə! O gözəl insanı bədbəxt etdim… Ömrüm qırıla bilər.
– Olan işdir, hər şeyi faciyəyə çevirmə. Nə olar insan xəstələnər. Sizdə hər iş əla olacaq. Sən inan, yalnız inan!
– Mən belə başa düşdüm ki, ciyərlərim, böyrəklərim pis vəziyyətdədir. Hətta, beynim də şüalanmanın izini saxlayıb özündə.
– Hər nə olsa da, müalicə yolu var ki!
– Müalicə yolu var, edirlər də. Bəlkə də mənim səhhətim yaxşı olacaq. Amma, uşağımız da olmaya da bilər.
– Sən özünü az qorxut, bilirsən ki, ən ilk müalicə sənin özünün daxili inamındır, Baysal! Nikbin ol!
– Yaşayaq, baxarıq.
Bir neçə gündən sonra xəstəxanadan çıxdı. Gümrah görünürdü. Amma, Baysalı da keçirtdilər yüngül işə, yüngül iş cədvəlinə.
İnsan qayğıkeşliyinin sərhədi olmaya da bilərmiş! Siz görəydiniz İnqanın Baysala göstərdiyi qayğını! Hansı arzunu, istəyi Baysal dilinə gətirməyə bənd idi ki, dərhal yerinə yetirsin. İşdən əlavə qalan bütün vaxtını yalnız ona qulluq etməyə həsr etmişdi…
Vaxt gedir, günlər keçir, həftələr bir-birini əvəz edirdi. Baysalın gün-gündən zəifləməyini, səhhətinin pozulmuş olduğunu daha görməmək mümkün deyildi. Onun anadan gəlmə qarayağız olmağı indi üzünün saralmasını gizlədə bilmirdi. Bundan əlavə, arıqlamağı da göz qabağında idi. Bu güclü insan hər şeyi başa düşsə də, ruhdan düşmürdü.
– Qərara gəlmişəm: sabahdan başlayıram köhnə işimə – idman zalında fəaliyyətə. Gərək, elə gələn gündən məşğul olaydım. Ona görə də məni axşamlar görmək istəsən, gələrsən ora.
Mətbəxdə oturub çay içirdik. İnqa yox idi, deyəsən, mağazaya getmişdi.
– Düz edirsən, yoxsa, təmiz tənbəl olub getmisən.
– İkicə ay məşğul olum, qayıdacam həmin formaya. İdman böyük qüvvədir, qardaş.
–Əla fikirdir, konkret nə ilə məşğul olmaq fikrin var?
– Elə hər şeylə. Ştanq, turnik, nə var hamısı ilə.
– Əlbətdə, lazımdır. Tez də düzələcəksən. Axı, sən idmançısan.
Bir neçə gün keçdi. Hər ikisi qonağım idilər, mənim otağımda oturub söhbətləşirdik. İnqa Baysalın yanında dayanıb, bizə qulaq asırdı.
– Biabırçılıqdı, qardaş. Tam yadırğamışam idmanı.
– İdmanı necə yadırğamaq olur?
–Əvvəllər qaldırdığım ştanq yükünün yarısını qaldırıram indi!
Baysal danışanda nəzərim onun masanın üstündə çarpazladığı əllərinə düşdü. Bir vaxtı polad olan barmaqlar, pələngi xatırladan pəncələr indi arıqlamış. uzunlaşmış, sanki sənətkar bir pianinoçunun əllərinə çevrilmişdi. Baysal baxışlarımı görüb, sanki, utandı. Əllərini götürdü stolun üstündən.
– Amma, artıracam ştanqı. Özümə söz vermişəm, günə 5 kilo artıq qoyacam. Sən ki, tanıyırsan məni!
Əllərinə nəzər saldığıma görə peşiman oldum.